Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət “gizli şəbəkə”ni ifşa edən məruzənin ikinci hissəsini dərc edib.
Trend-in məlumatına görə, AŞ PA-da gizli şəkildə çalışan erməni şəbəkəsinə həsr olunmuş sənəddə məruzənin müəllifləri şəbəkənin əsas fiquru olan “cənab X”in kimliyini açıqlayıblar.
“Cənab X” – 5 ildir ki Avropa Şurasının insan haqları üzrə komissarı və Sorosun əməkdaşı latviyalı Nils Muyjnieksdir.
Məruzədə bildirilir ki, 2012-ci ildə AŞ PA-ya seçilən N.Muyjnieks Soros Fondu ilə birbaşa əlaqəsi olan və həmin fond tərəfindən maliyyələşdirilən Avropa ölkələrinin baş nazirlərini, Ermənistanın rəsmi şəxslərini və QHT-ləri birləşdirən, Ermənistanın maraqlarına xidmət edən şəbəkənin əsas fiquru olub: “Avropa Şurasındakı mövqeyi sayəsində Soros Fondu aralarında “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty International”, İnsan Haqları Evi, hətta “Açıq dialoq” kimi tanınmış QHT-lərdə mühüm rol oynayıb”.
Qeyd olunub ki, bu intensiv fəaliyyət erməni lobbisinin siyasi mövqeyini Avropa Şurasına, həmçinin Avropa Parlamentinə “sırımağı” qarşısına məqsəd qoyub və bu fəaliyyətə daha çox şəxsin qatılmasına çalışır: “Şəbəkə, xüsusən, Şimal və Baltik ölkələrini, Niderland və alman sosialistlərini təmsil edən baş nazirlərin “ovunda” fəallıq göstərir”.
Hesabatda N.Muyjnieksin AŞ komissarı olduğu son 5 il ərzində Soros Fondu ilə əlaqəsi olan QHT-lərin eyni vaxtda və paralel olaraq AŞ PA-nın plenar iclaslarında bir neçə tədbir təşkil edərək tanındığı qeyd olunan cədvəl göstərilib.
Sənəddə deyilir ki, N.Muyjnieks və bir sıra digər deputatlar Soros şəbəkəsinin və Ermənistanın konkret maraqlarının müdafiəsini rəhbər tutaraq AŞ PA-nın etik prinsiplərini və əxlaq kodeksini pozur: “Onlar hətta beynəlxalq hüququ pozaraq fəaliyyət göstərirlər. Bununla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını və azərbaycanlı əhalinin köçkün vəziyyətinə düşməyə məcbur edilməsini pisləyən qətnamələrini (822, 853, 874 и 884) xatırladırıq”.
Bildirilir ki, Piter Omsiqt, Kristof Ştrasser, Frank Şvabbe və Tini Koks kimi AŞ PA üzvləri Parlament Assambleyasının plenar sessiyaları ilə paralel olaraq Soros şəbəkəsinin maraqlarının müdafiəsinə və Avropa Şurasın üzvlərinin yaxşı və pis qiymətləndirilməsinə yönəlmiş tədbirləri təşkil etməkdə ixtisaslaşıblar. Bu hücumun ilk qurbanları Azərbaycan, Rusiya və Türkiyə olub. Belə demək mümkünsə, Ermənstan tənqidlərdən “mühafizə olunur” və “nümunəvi millət” kimi təqdim edilir”.
Məruzədə vurğulanır ki, Azərbaycana qarşı tənqidləri heç zaman dayandırmayan N.Muyjnieks və P.Omsiqt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı zorakılığını heç vaxt pisləməyiblər: “Qeyd edək ki, N.Muyjnieksin AŞ komissarı kimi mandatı sona çatır və onu ən yaxın dostu və tərəfdaşı Kristof Ştrasser əvəzləmək istəyir. Şübhəsiz, bu ikisi belə düşünür ki, K.Ştrasser N.Muyjnieksi bu postda əvəzləsə, Soros şəbəkəsi və erməni şəbəkəsi adından öz fəaliyyətlərini davam etdirə biləcəklər”.
Xatırladaq ki, bundan əvvəl, mart ayında ESISC AŞ PA-da Ermənistanın xeyrinə və Azərbaycan əleyhinə amansız kampaniya aparan erməni şəbəkəsini ifşa edən məruzə dərc etmişdi.
“Erməni əlaqəsi deputatların və QHT-lərin gizli yığıncağı kimi” adlı sənəddə bildirilir ki, 2012-ci ildən etibarən AŞ PA-da beynəlxalq hüququn pozulması hallarının gizlədilməsi üçün şəbəkə yaradılıb və bu əsassız hücumlar gizli siyasi gündəliyin alətidir: Dağlıq Qarabağın qanunsuz işğalını müdafiə etmək və insan hüquqlarının müdafiəsi sahəsində şəxsi maraqları gizlətmək.