ARDNF əmlak icarəsindən əldə etdiyi gəlirləri açıqladı

0
600

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Rusiyanın paytaxtında sahib olduğu daşınmaz əmlak “Qalereya aktyor” binasının illik icarəsindən əldə etdiyi gəlirləri açıqlayıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, ARDNF ötən il sözügedən binanın illik icarəsindən 349 mln. 659 min 436 rubl və ya 8 mln. 426 min 792 manat qazanıb. Qeyd edək ki, “Cushman & Wakefield” şirkətinin qiymətləndirməsinə əsasən, “Qalereya aktyor” binasının dəyəri 5,4 mlrd. rubl və ya 130,140 mln. manat təşkil edib.

Bundan başqa, ARDNF ötən il investisiya yatırdığı Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou prospektində yerləşən “Kirarito Ginza” ticarət tipli daşınmaz əmlakın icarəsindən 722 mln. 169 min 920 yapon yeni və ya 10 mln. 820 min 994 manat qazanıb.
“Daiwa Real Estate Appraisal” şirkəti “Kirarito Ginza” binasının dəyərini 52,6 mlrd. yapon yeni və ya 788 mln. 158 min 400 manat dəyərində qiymətləndirib.
ARDNF Rusiyanın paytaxtında sahib olduğu daşınmaz əmlak “Qalereya aktyor” binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub. 2015-ci ildə ARDNF-in törəmə şirkəti olan “Tverskaya 16″ MMC və dünyanın məşhur şirkətlərindən biri arasında “Qalereya aktyor” binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanıb. Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra, 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcək.
2015-ci ilin avqust ayında ARDNF “Kirarito Ginza” ticarət tipli daşınmaz əmlakının 98% hissələrini alıb. Binanın satıcısı qismində “GK John SPC” çıxış edib və alış qiyməti 52,3 mlrd. yen olub. “Mitsubishi UFJ Trust and Banking Corporation” daşınmaz əmlakın qalan 2%-nin sahibi və həm də binanın idarəetmə şirkətidir.
“Kirarito Ginza”nın tikintisi 2014-cü ilin may ayında başa çatıb və 16 581,94 kvadratmetr ümumi sahəsi olmaqla 12 yerüstü və 3 yeraltı mərtəbədən ibarətdir. Bina 47 icarədara icarəyə verilib. Alış zamanı binada orta icarə müddəti 7 il olub.
Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN