Aqil Abbas Məmmədyarovu sərt şəkildə tənqid etdi

0
689

Aprelin 15-də xarici işlər nazirlərinin Moskva görüşünün yekununda Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili barədə razılıq əldə olunub.

Bəs əslən Qarabağdan olan jurnalistlərin belə bir razılaşmaya münasibəti necədir? Onlar İrəvana və Qarabağa səfər etmək istəyirlərmi?

Əməkdar jurnalist, Ağdamın deputatı Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, işğal altındakı Qarabağa yalnız əlində silahla, Azərbaycan əsgərləri ilə gedə bilər: “Ağdama gedərəm və əlimdə silah. Bu, məsələnin bir tərəfi. İkinci tərəfinə gəlincə, Elmar Məmmədyarovun açıqlamasını oxudum və xeyli güldüm. Sağ olsun Elmar Məmmədyarov, uzun mübarizədən sonra ermənilərlə belə bir razılığa gəlib ki, erməni və azərbaycanlı jurnalistlərin səfərlərini təşkil etsinlər. Bir futbol yarışı da təşkil eləsə yaxşıdır ki, bizim jurnalistlərlə İrəvan jurnalistləri Xankəndində gedib futbol yarışı keçirsinlər. Yaxud da Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin əməkdaşlarından bir komanda düzəldə bilər və gedib İrəvanda ermənilərlə futbol oynayarlar. Bununla da Qarabağ məsələsi ”həll” olunar. Elmar Məmmədyarovla erməni nazirin görüşü uşaqların oynadığı “evcik-evcik oyunu”na bənzəyir”.  

Ä°lgili resim

Musavat.com-un redaktoru Xalid Kazımlı qarşılıqlı səfərlərin əleyhinədir: “Mən ona görə bu cür səfərlərin təşkilinə qarşıyam ki, müharibə davam edir. İki düşmən və ”sürünən müharibə” vəziyyətində olan ölkənin jurnalistlərinin gediş-gəlişi anormal haldır. Burada məqsəd məkrlidir. Bu təşəbbüsün sahibinin niyyəti mövcud durumu dondurmaq, münaqişəni həll etmədən bu cür saxlamaq və tərəflərin bu durumla barışmasını təmin etməkdir. Jurnalistlərin qarşılıqlı səfərlərinin ardınca başqa peşə sahiblərinin gediş-gəlişi də başlayacaq, get-gedə emosiyalar soyuyacaq, qarşılıqlı iltifatlar, dostluqlar yaranacaq və Qarabağ unudulacaq”.

 “İşğal altında olan torpaqlarımıza getməzdim. Bu, mənim üçün travma deməkdir. O torpaqlar işğaldan azad olunanda gedərik. Ermənistana isə səfər etmək olar. Bu, məqbuldur”.

Azər Qaraçənli ile ilgili görsel sonucu

“Novator.az” saytının baş redaktoru, əslən Laçından olan Azər Qaraçənli bildirdi ki, hər bir münaqişənin qansız həll olunması ən yaxşı variantdır. Amma məhz həll olunması, yalandan oyun oynanılması yox: “Hamımıza bəllidir ki, Ermənistanla Azərbaycan arasında müharibəni Rusiya salıb, münaqişənin həll olunmasına imkan verməyən əsas qüvvə də Rusiyadır. Ayrı qüvvələr də var, amma başda Rusiya durur.

Ötən il Ermənistanda, deyəsən, Rusiyanın iradəsindən kənar baş vermiş hakimiyyət dəyişikliyindən sonra Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda müəyyən yeniliklər hiss olunur. Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması barədə razılaşma da bu yeniliklərdən biridir. Oxşar proses danışıqların qabaqkı mərhələlərində də olub, amma sonradan dayandırılıb. Mən belə səfərlərin ədalətli sülhə yardım edəcəyinə inanmıram, bunu keçmiş təcrübə sübuta yetirib. Rusiyanın indiki güclü və çox aqressiv vəziyyətində münaqişənin rus qoşunlarının Azərbaycana, xüsusilə Qarabağ bölgəsinə yeridilmədən həll oluna biləcəyinə, yəni Rusiyanın buna razılaşa biləcəyinə inanmıram. Hələlik Rusiya yalnız rus qoşunlarının Azərbaycana yeridilməsi şərti qəbul edilsə, hansısa sülhə imkan verə bilər. Bu isə bizim üçün növbəti faciə olardı. İndiki sülh oyununun məqsədi axırda rus qoşunlarını Azərbaycan torpağına yeritməkdirsə, onda biz birmənalı şəkildə buna qarşı çıxmalıyıq. Cəmiyyət siyasi cəhətdən ayıq-sayıq olmalıdır. Danışıqlar qapalı aparılsa da, cəmiyyət onun mühüm hissələrini duymağı bacarmalıdır. Rusiya son danışıqlara, razılaşmalara sakit yanaşırsa, deməli, onun burada hansısa marağı təmin olunur, yaxud belə bir təminata vəd verilir. Bu da ilk növbədə Rusiya qoşunlarının Azərbaycana qaytarılması ola bilər. Mən şübhələnirəm ki, bütün bunların jurnalistlərin qarşılıqlı səfərləri barədə razılaşmaya da aidiyyəti var.

Elə çıxmasın ki, mən belə səfərlərə yalnız siyasi motivlərlə pis baxıram. Yox, mən torpağı işğal olunmuş ölkənin vətəndaşı, jurnalistiyəm və belə səfərlərə mənəvi motivlərlə də münasibətim mənfidir. Ancaq indi elə həssas, elə vacib məqamdır ki, mən mənəvi motivlərdən çox siyasi motivlərin üstündə dayanmaq istəyirəm. 

Danışıqları diplomatlar və siyasətçilər aparır, qoy onlar nə danışdıqlarını, “sülh” deyəndə hansı sülhü nəzərdə tutduqlarını, Qarabağda “təhlükəsizliyin təmin olunması” deyəndə bunu Rusiya qoşunları hesabına edib-etməyəcəklərini ortaya qoysunlar, ondan sonra biz də bilək görək jurnalistlərin qarşılıqlı səfərləri nədən ötrüdür: sülhdən ötrü, yoxsa bizi yeni faciələrə düçar etməkdən ötrü. Mən nə Ermənistana, nə də erməni-rus işğalı altında olan Qarabağa gedəcəm. Getmək istəyənləri də dediklərim barədə düşünməyə çağırıram. Əlimdən başqa heç nə gəlmir. Mən sülh tərəfdarıyam. Münaqişənin qansız, danışıqlarla həll olunmasını istəyirəm. Amma məhz həll olunmasını, yeni və daha ağır problemlərin yaradılmasını yox.

Yeri gəlmişkən, təklifim də var. Onu da “Yeni Müsavat”ın oxucularına çatdırmaq istərdim. Təklif edirəm ki, Ermənistanla sülh sazişi imzalanmazdan qabaq paytaxtımız Bakı şəhərindən köçürülsün. Ya boş ərazilərimizin birində yeni paytaxt salınsın, ya da şəhərlərimizdən biri paytaxta çevrilsin. Bunun sosial, iqtisadi, mədəni əhəmiyyətini bir qırağa qoyuram. İndi bunun yeri deyil. Bu təklifi sırf xalqımızın təhlükəsizliyi, Rusiyanın işğalından qoruna bilməyimiz üçün irəli sürürəm. Biz Ermənistanla sülh sazişi imzalayana qədər paytaxtımızı dəyişməliyik”.

Elşad Eyvazlı ile ilgili görsel sonucu

Modern.az saytının baş redaktoru, Kəlbəcərdən olan Elşad Eyvazlı isə dedi ki, əgər tərəflər arasında razılıq əldə olunubsa, bizim ona mane olmağa gücümüz yoxdur. Bu, xalq diplomatiyasının tərkib  hissəsidir: “Düşünürəm ki, qarşılıqlı səfər edən jurnalistlər gördüklərini yox, onlara diktə ediləni yazacaqlar. Bu, normaldır. Hesab edirəm ki, Qarabağ məsələsini dərindən bilən, ingilis və rus dillərini bilən, analitik təhlil, müşahidə qabiliyyəti olan jurnalistlər səfərə getməlidir”.

Seymur Verdizadə ile ilgili görsel sonucu

Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə isə bildirdi ki, sülh danışıqlarının əleyhinə deyil. Amma Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Jurnalistlərin səfəri məsələsinə gəlincə, mən jurnalist statusu ilə hələlik heç bir səfərdə iştirak etmək istəmirəm. Mən Cəbrayıla İrəvandan gedə bilmərəm.

Bu utancı qaldıra bilmərəm. Lələtəpədən bizim kəndimizə yarım saatlıq yoldur. Mən həmin marşrutu təklif edirəm. Əlimdə silah öndə getməyə, bələdçilik etməyə hazıram”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”