Andropovla Sviqunun qarşıdurması, yaxud Ilyin kimdir?

0
769

23 yaşlı Viktor İlyin sevdiyi qızla mübahisə edir, ayrılanda da müəmmalı bir ifadə işlədir: “Yaxın günlərdə sən mənim kim olduğumu eşidəcəksən”.

Bir neçə gündən sonra o, zabit yoldaşlarına Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennediyə qarşı olan sui-qəsd haqqında tez-tez söhbət açır və bu söhbətlərin sonunda, xüsusilə, bir cümləni vurğulayır: “Bir atəşlə də tarixə düşmək olar”.

Və beləliklə, 1969-cu ildə Viktor İlyin SSRİ-nin Baş katibinə atəş açmaqla tarixə düşür…

Modern.az saytı həmin hadisələrin müəllifi, Viktor İlyinlə bağlı yazını təqdim edir.

Bu hadisə1969-ci ildə baş verib. Bəlkə də həmin dövrdə heç kimin ağlına belə gəlməzdi ki, kimsə ölkənin birinci şəxsinə, Baş katibə atəş açacaq, dayanmadan 16 gülləni Brejnevin avtomobil karvanına tuş edəcək.

1969-ci ilin yanvarında SSRİ-nin “Soyuz 4” və “Soyuz 5” kosmik raketləri tarixdə ilk dəfə kosmosda birləşir. Bu böyük nailiyyətlə bağlı keçiriləcək tədbirlərdə kosmonavtları “Vnukovo” aeroportunda şəxsən Leonid İliç Brejnevin qarşılaması, daha sonra isə Kremldə dövlət mükafatları ilə təltifolunma mərasimi planlaşdırılır.

Tədbirin keçirilməsi yanvarın 21-də nəzərdə tutulur. Ancaq bu tarix Vladimir İliç Leninin vəfatı günü olduğundan sonradan yanvarın 22-ə keçirilir. Və təbii ki, kosmonavtları Kreml qarşısında alqışlamaq arzusunda olan paytaxt sakinlərini mətbuat vasitəsi ilə bu haqda məlumatlandırırlar.

Brejnevə sui-qəsd edəcək şəxs isə bu haqda gec məlumat əldə edir. Ancaq bu gecikmə onun xeyrinə olur.

 

Viktor İlyin 1947-ci ildə Leninqradda anadan olub. Valideynlərinin hər ikisində xroniki alkoqolizm xəstəliyi olduğundan o körpəliyindən uşaq evinə verilib. Qısa bir müddət burada qaldıqdan sonra Viktoru övladı olmayan bir qadın övladlığa götürüb. 10 yaşı olanda nənəsi ona övladlığa götürülməsini söyləyib.

Bu xəbər Viktor İlyini sarsıdıb və həmin gündən onda özünəqapalılıq yaranıb. Viktor topoqrafiya texnikumunu bitirdikdən sonra Leninqrad vilayəti ətrafında ordu sıralarında hərbi xidmətə yollanıb. Təhsil aldığı texnikumda hərbi kafedra olduğundan o xidmətini kiçik leytenant rütbəsində zabit kimi başlayıb. Nümunəvi xidməti ilə fərqlənən İlyin həm də qeyri-adilikləri ilə seçilib.

 

1969-cu ilin yanvarın 20-də Viktor İlyin hərbi hissədə sutkalıq növbəyə daxil olur. Səhərisi gün yanvarın 21-də saat səhər saat 7-8 radələrində hərbi hissənin əsas növbətçisi səhər yeməyinə gedəndə İlyin bu fürsətdən istifadə edərək silah saxlanılan xüsusi otaqdan 2 ədəd “Makarov” tipli tapança və 4 ədəd güllə darağı götürərək hərbi hissəni tərk edir. Artıq 2 saatdan sonra o Leninqrad-Moskva reysi ilə paytaxta uçur. O yalnız Moskvada xəbər tutur ki, kosmonavtlarla bağlı tədbir yanvarın 22-də keçiriləcək. Viktor İlyin həmin gecəni Moskvada yaşayan və vaxtı ilə Daxili İşlər orqanlarında çalışmış qohumugildə keçirməyi qərara alır. Gəlişinin səbəbini isə qohumlarına belə izah edir ki, sovet kosmonavtlarının qarşılanma mərasimində iştirak etmək istəyir. Ancaq bu iştirakın hansı məqsəd daşıdığını gizlədir. Səhərisi günü evdən çıxanda qohumundan milis şinelini geyinmək istədiyini xahiş edir və bu istəyi belə əsaslandırır ki, o milis formasında kosmonavtların avtomobillərinin keçdiyi yola daha yaxın məsafədə dayana bilər. Beləliklə, hərbçi İlyin “milis İlyin” kimi Kremlin qarşısına tələsir. Çoxsaylı insanların arasından geydiyi formaya görə birinci sırada özünə yer tuta bilir.

 

40 ildən sonra Viktor İlyin həmin anlar haqqında xatırladıqlarını və törətdiyi əməli belə bölüşüb:

“Avtomobil karvanı Kremlə yaxınlaşanda meydana toplaşanlar alqışlamağa başladılar. Əvvəlcə birinci avtomobil keçdi. Özlüyümdə dəqiqləşdirmişdim ki, Brejnev birinci avtomobildə ola bilməz. Nəzərdə tutmuşdum ki, ikinci və üçüncü avtomobili hədəf seçmək lazımdır. Düşündüyüm kimi də etdim. Düzdür, maşında kimlərin əyləşdiyini görmürdüm. Tapançaların ikisini də çıxarıb hər ikisindən atəş açmağa başladım. 16 atəşdən 9-u ikinci və üçüncü avtomobilləri tutmuşdu. Brejnev isə dördüncü avtomobildə imiş. Bir göz qırpımında karvanı müşayiət edən motosikletçilərdən biri üstümə şığıdı və elə həmin andaca mülki geyimli şəxslər məni qandalladılar. Açdığım atəşdən sürücülərdən biri öldü, bir neçə nəfər isə yaralanmışdı. O cümlədən, kosmonavtlardan Bereqovoy və Nikolayev də zədə almışdılar…”

Hadisədən heç bir saat keçməmiş Viktor İlyin Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovun suallarını cavablandırır.

 

Bir il davam edən istintaqdan sonra İlyin ruhi xəstə kimi Kazan şəhərində qapalı psixatriya xəstəxanasına göndərilir. O, 18 il cəmisi 5 kv.m-lik palatada tək qalır. 18 ildən sonra onu Leninqraddakı eyni təyinatlı xəstəxanaya köçürürlər. Nəhayət, 1990-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası onun xəstəxanadan çıxarılması haqqında qərar qəbul edir.

Viktor İlyin məcburi müalicədən azadlığa çıxdıqdan sonra 20 illik əmək haqqını, hələ bununla yanaşı, xəstəliyi ilə bağlı 1-ci qrup əlil olduğuna görə Leninqrad şəhərində 1 otaqlı mənzil almağa da nail olur.

Viktor İlyinin törətdiyi sui-qəsd haqqında ictimaiyyətə geniş məlumat verilməyib. Rəsmi məlumatlarda isə onun kosmonavtlara qarşı sui-qəsd etmək istədiyi göstərilib.

Törədilmiş bu cinayət haqqında bir çox versiyalar irəli sürülüb, bu hadisənin arxasında hansısa qüvvələrin dayandığı da söylənilib. Versiyalardan biri SSRİ DTK-sında Yuri Andropovla onun birinci müavini, Brejnevlə yaxınlığı ilə seçilən Semyon Sviqunun qarşıdurması faktı da səslənib. Belə ki, Sviqun vasitəsi ilə Brejnevin Andropova təzyiqi onu bu sui-qəsdi təşkil etməyə vadar edib. Ancaq Andropov dəfələrlə rəsmi, yaxud qeyri-rəsmi şəkildə Baş katibə qarşı törədilən cinayət əməlindən xəbərsiz olduğunu bəyan edib…

BIR CAVAB BURAXIN