“Ancaq o, başqa heç kim…”

0
770
 

Rusiya prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkilərində iştirakı məsələsindən danışmaq istəməsə onun ən yaxın siyasi tərəfdaşı, hətta bəzi iddialara görə gələcək varisi hesab olunan, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin kartları açıb.

Volodin 2018-ci il seçkilərində hakim “Vahid Rusiya” partiyasının namizədinin kimliyinin ona aydın olduğunu deyib.

“Putinin gələn ilki prezident seçkilərində iştirak imkanı barədə mənə də tez-tez suallar verirlər, şəxsi söhbətlər zamanı. Ancaq hamının gözləntisi və ümidi eynidir. Mənim mövqeyimə görə kim Rusiyanın gələcəyini, vətəndaşların və ölkənin rifahını, başının üstündə dinc səmanın olmasını istəyirsə namizəd ancaq bir nəfərdir-Putin Vladimir Vladimiroviç, başqa heç kim. 2000-ci ildən etibarən ölkənin inkişafının analizindən çıxış edərək demək olar ki, bu vəzifənin öhdəsindən ancaq bir nəfər gələ bilər-Putin. Və bunu təkcə biz dərk etmirik. Bizim düşmənlərimiz, Rusiyanı parçalamaq və suverenliyindən məhrum etmək niyyətindən əl çəkməyənlər də başa düşürlər”-Volodin life.ru-ya bildirib.

Spiker Rusiyanı bürüyən etiraz aksiyalarına birbaşa münasibət bildirməyib, ancaq deyib ki, seçkilər yaxınlaşdıqca müxtəlif cür təxribatlar, Rusiya vətəndaşlarına seçim etməyə mane olmağa yönəlmiş cəhdlər arta bilər. “Seçkilər yaxınlaşdıqca bizə dost olmayan ölkələrin əksəriyyəti çirkin olan müxtəlif texnologiyalarla vətəndaşların seçimini və onların Putini dəstəkləməsini əngəlləməyə yönələn səyləri də artacaq”-Volodin vurğulayıb.

Rusiyada prezident seçkilər 2018-ci il martın 18-də keçiriləcək. Konstitusiyaya görə dövlət başçısı 6 illiyinə seçilir. Putin bu günlərdə “Le Figaro” qəzetinin həmin seçkilərdə iştirak barədə sualına “hələ bu barədə düşünmək tezdir” cavabını verib.

Bu seçkilərdə son vaxtlar bütün Rusiya boyu izdihamlı aksiyalar keçirən bloqqer, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı da iştirak etməyə iddialıdır. Lakin onun barəsində üç məhkumluq qərarı var və qanunlara əsasən namizədliyini irəli sürə bilməz. Bununla belə Navalnı Rusiya boyu aksiyalar təşkil etməklə ilk dəfə Putinə “əlçək atan” siyasətçiyə çevrilir və onun elektoratı əsasən həyatları boyu Putindən başqa heç kimi hakimiyyətdə görməmiş gənclərdir.Virtualaz.org

BIR CAVAB BURAXIN