AMEA-nın Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

0
437

Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Arazinfo.com-a İnstitutdan verilən məlumata görə, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Tarixçi alim deyib ki, Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Ulu Öndər bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı. O, qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinədək ucaldı. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə – hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb.

Yaqub Mahmudov bildirib ki, Heydər Əliyev Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur: “Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

Akademik deyib: “Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. 2013-cü ildə elmi rəhbərliyim və ssenari müəllifliyimlə Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyində Ulu Öndərin 90 illiyinə həsr olunan “Dahi azərbaycanlı” sənədli filmi istehsal olunub”.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Tarix İnstitutunun Heydər Əliyevə həsr olunan nəşrlərinin – ikicildlik “Heydər Əliyev” fundamental araşdırması, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyi və başqa kitabların təqdimatı keçirilib. Bildirilib ki, Tarix İnstitutunda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir. İnstitutda bu məqsədlə geniş tədqiqat işləri aparılır, dissertasiyalar yazılır. Elmi müəssisədə Heydər Əliyev irsini araşdıran ayrıca “Əliyevşünaslıq” şöbəsi fəaliyyət göstərir.

Tarixçi alimlər Ədalət Qasımov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqaları çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. O, öz dövründə dünyanın ən böyük dövlətlərindən biri olan Sovet İttifaqının rəhbərlərindən biri səviyyəsinə ucaldı. 1993-cü ildə o, Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.