AMEA-nın əməkdaşı Araz Əlizadəyə tutarlı cavab verdi…

0
1033

AMEA-nın əməkdaşı Araz Əlizadəyə tutarlı cavab verdi…

Yeni seçilmiş Milli Məclisin deputatı Araz Əlizadənin Olke.az saytına müsahibəsindən:

Araz Əlizadə: – Türk olduğumuzu qəbul etmirəm.
Olke.az – Səbəb?
Araz Əlizadə: – Antropologiya adlı elm var. Biz Hind-Avropa irqinə məxsusuq. Türklər isə sarı irqə. Antropologiya riyaziyyat kimi dəqiq bir elmdir. Bəli biz türkdilliyik. Türk dilləri arasında ən mükəmməl dil də bizdədir.

ANTİ-AZƏRBAYCANÇILARIN ƏSAS TEZİSİ: “AZƏRBAYCANLILAR – TÜRKLƏŞMİŞLƏRDİR”

2013-cü ildə erməni fırıldaqçısı Piter Xreştakyan erməni tarixçiləri və antropoloqlarının böyük bir arzusunu DNT-analizlərlə sübut etməyə cəhd etdi.
Məsələ ondadır ki, erməni tarixçiləri Cənubi Qafqazda ermənilərin tarixinin qədimliyini sübut edə bilmirlər. Ermənilərin Cənubi Qafqaza köçməsinə əsas olmuş Gülüstan və Türkmənçay müqavilələri ilə onların yalan deyən ağızlarını tıxamaq olar. Adicə bir sualla da (- Niyə siz özünüzə “hay” deyirsiniz, amma hər yerdə dili məlum olmayan tarixi “erməni xalqı” olduğunuzu bildirirsiniz?) erməni tarixçi və etnoloqlarını yerinə oturtmaq olar. Həm də bir çox erməni tarixçisi qədim erməni səlnamələrinin uydurma və saxtakarlıq üzərində qurulduğunu etiraf ediblər.
Erməni antropoloqları da bu barədə çox danışmaq istəmirlər. Belə ki, müasir ermənilərin böyük əksəriyyəti armenoid irqi tipinə aiddir və bu tip Kiçik Asiya ərazisində tunc dövründən bəllidir. Azərbaycan xalqının, xüsusilə azərbaycanlı türklərin böyük qismi isə, hələ orta daş (mezolit) dövründən burada əsas aparıcı irqi tip olan Ön Asiya (avropeoidlərin Aralıq dənizi qolu) mənşəli Kaspi irqi tipinin daşıyıcılarıdır. Məsələn, erməni antropoloqu Xudaverdiyan öz tədqiqatlarında qeyd edir ki, Ön Asiya tipi yeni daş (neolit) və mis-daş (eneolit və ya xalkolit) dövründə Cənubi Qafqazın aparıcı irqi tipi olub. Bunu, artıq Cənubi Qafqaz antropologiyası üzrə təcrübəli mütəxəssis kimi tanınan, mənşəcə ukraynalı olan azərbaycanlı antropoloq D. Kiriçenko da öz tədqiqatlarında qeyd edib və hətta, neolitdən bu günə qədər Azərbaycan əhalisinin böyük bir qisminin Ön Asiya mənşəli Kaspi tipinə aid olduğunu açıq etiraf edir.2013-cü ildə erməni fırıldaqçısı Piter Xreştakyan bildirdi ki, guya “DNT-analizlərə görə azərbaycanlılar türkləşmiş ermənilərdir”.

Əvvəla, DNT-analizdə genetik vahidlərə (klaster, haploqrup, subhaploqrup, haplotip, subhaplotip) görə qədim əhalinin dilini müəyyən etmək – savadıslığın və fırıldaqçılığın göstəricisidir. Müasir ABŞ və Avropa alimləri Irene Good [Irene Good. When East met West : interpretative problems in assessing Eurasian contact and exchange in Antiquity], K. Ç. Lamberq-Karlovski [Lamberg-Karlovsky C. C., Archaeology and Language: the Indo-Iranians], A. Haüsler [Häusler A. Nomaden, Indogermanen, Invasionen. Zur Entstehung eines Mythos] və d. genetik informasiya ilə dilin müəyyən edilməsini məntiqsizlik kimi qiymətləndirmişlər.

Amma buna baxmayaraq həmin erməni fırıldaqçısı elmdən uzaq ibarəni gözə soxur. Lakin bu cür iftirada erməni millətçiləri tək deyillər. Bu gün Əlikram Hümbətovçuların, Sadvalçıların, fars və velikorus şovinistlərinin, PKK-çıların zəvzəmələrinə, saytlarına baxsaq eyni tezisi görərik. Onlar hamısı bir ağızdan deyirlər: “Azərbaycanlılar türk deyillər – türkləşmişlərdir”. Bu tezisin məqsədi Azərbaycan xalqının və dövlətçiliyinin əsasını, Azərbaycan əhalisinin böyük bir qismini təşkil edən Azərbaycan türklərində nacinslik, özündən narazılıq, dəyərsizlik kompleksinin yaradılmasıdır. Hər hansı bir topluma daim “dilini itirmiş nacins”, “mədəniyyət oğrusu”, “torpaq oğrusu” desən, bu toplum artıq Vətən, Dövlət anlayışına biganələşəcək. Mənəvi cəhətdən manqurtlaşmış bu kütlədən vətənpərvərlik tələb etmək mümkün olmayacaq. Erməni, fars, etno-separatçı və d. anti-türkçülərin, anti-azərbaycançıların istədikləri də budur.

MÜASİR ELM NƏ DEYİR

Hər hansı dilin nə zaman və hansı coğrafi məkanda mövcudluğunu antropologiya, DNT-analiz, arxeologiya deyil, yalnız yazılı mənbələr göstərə bilər [Qasımov P. Müasir Qərb arxeologiyasında nəzəri cərəyanlar və etnik atribusiya problemi // Tarix və onun problemləri, 1 c., BDU, 2015, ss. 335 – 348]. Rus, erməni və bəzi Qərb alimləri belə bir yanlış fikir ortaya atıblar ki, guya ən qədim Türk dili Sibirdə (Altayda, ya Ordosda və ya daha şərqdə) cəmi 2 300 əvvəl yaranıb. Amma 2007-ci ildə Moskvada Assiroloqların 53-cü Beynəlxalq Konqresində finlandiyalı paleolinqvist akademik Simo Parpola şumer dili üzrə tədqiqatlarının yekunlarını şərh edərək şumer dilinin türk dili ilə əlaqəsini kontaktlar əsasında olduğunu bildirdi: “… daha çox uyğunluqlar türk dillərindəndir və onlar Ural dillərində də tapılan baza sözlər və qrammatik morfemlərdir” [Parpola Simo. Sumerian: Uralic Language (I)]. Yəni, ən qədim yazılı mənbələr olan Şumer dilindəki mətnlərin analizi göstərir ki, ən qədim Türk dili (prototürk dili) erkən Şumer dövründə, e.ə. 4-cü minilliyin sonunda, yəni, 5 min il əvvəl mövcud idi və erkən türklərin vətəni hansısa “Altay-Maltayda” deyil, Qərbi Asiyada idi. Şumer ərazisinə isə, daim ya Qərbi Asiyanın (Ön Asiyanın) şimalından – Cənubi Qafqazdan, ya da müasir İranın qərbindən – Zaqros dağlarından axınlar gəlirdilər. Beləliklə, prototürklər, yəni erkən türklər ən azından e.ə. 4-cü minilliyin sonunda Ön Asiyanın şimal-şərq regionunda idilər.

Şumer dilində türkizmlərin (türk sözləri) olmasını 2013-cü ildə birgə məqalələrində Afina Universitetinin qədim dillər üzrə (paleolinqvist) alimləri İ.Kenanidis və E.Papakitsos [Ioannis Kenanidis. Yet Another Suggestion about the Origins of the Sumerian Language] da bildirmişlər. Hətta, onlar qeyd etmişlər ki, Şumer dilində türkizmlərin uzun müddət avropalı alimlər tərəfindən inkarının arxasında elmdən uzaq motivlər dururdu (!). Qeyd edim ki, Şumer dilində türkizmlər digər bir faktı da ortaya qoyur. Belə ki, dünyada ilk dəfə ən qədim yazılarda, yəni Şumer mətnlərində Qafqaz, Hind-Avropa (o cümlədən, irani) xalqların nə dili, nə də sözləri öz əksini tapmayıb. Yalnız erkən türk dilinin sözləri öz əksini tapmışdır!

Həmçinin, hələ 2000-ci illərin əvvəlində qədim dillər üzrə mütəxəssis, Utrext Universitetinin professoru, doktor Mario Alineyi [Mario Alinei. Interdisciplinary and linguistic evidence for Palaeolithic continuity of Indo-European, Uralic and Altaic populations in Eurasia, with an excursus on Slavic ethnogenesis] türk dillərinin Şərqi Asiyada deyil, Qərbi Asiya ilə Şərqi Avropanın kəsişməsinə daxil ərazilərdə (Xəzər dənizi çevrəsi) yaranmasını və əsas kütləsi bu ərazilərdə qalmaqla bir qisminin 3-cü minillikdən sonra Şərqə, yəni Mərkəzi Asiyaya və daha şərqə hərəkət etdiyini bildirmişdi. Bunu o, slavyan, irani və german dillərində, həmçinin, Ural dillərindəki ən qədim türkizmlərlə bağlayırdı.

Bu məsələdə mən 2014-cü ilin noyabrında Moskvada beynəlxalq elmi konfransda rus alimləri ilə ciddi mübahisə etmişəm, mübahisə sonra İnternet üzərindən (İnternetdə axtarışdan tapmaq olar: Агония вымирающих догм) davam etmişdir. Müasir Qərb alimləri tərəfindən məsxərə hədəfinə çevirilən keçmiş sovet, müasir rusiyalı alimlərin irqçi, geridə qalmış fikirlərinə qarşı gətirdiyim müasir elmi araşdırmaların nəticələri o qədər maraq doğurmuşdur ki, məqaləm hal-hazırda ingilis dilinə tərcümə edilməkdədir.

Onu da vurğulayım ki, istər Xəzər ətrafı boyu, istərsə Cənubi Qafqazda, Zaqros dağları ərazilərində qədimlərdən Çingiz xan dövrünədək monqoloid irqi tipi olmayıb. Burada daima Kaspi tipi aparıcı idi. Yəni, erkən prototürklər də avropeoid irqinə, görünür, elə bu irqin Kaspi tipinə mənsub idilər.

ARAZ ƏLİZADƏNİN NAŞILIĞI

Əvvəla, A. Əlizadə OLKE.az saytına verdiyi müsahibəsində guya hansısa bir “Hind-Avropa irqinin” mövcud olmasını bildirir. Elmdə “Hind-Avropa” şərti adı verilmiş dillər sinifi var, elmdə, xüsusilə də antropologiyada “Hind-Avropa” şərti adı verlmiş irq yoxdur. Şərti “Avropeoid irqi” adı verilmiş termin vardır ki, buna da hal-hazırda daha çox elmdə şərti “Qafqaz irqi” deyirlər.

İkincisi, A. Əlizadə deyir ki, türklər “sarı irqə” mənsubdur. Əvvəla “sarı irq”, “qara irq”, “ağ irq” polit-korreksiyadan və elmdən uzaq bir ifadədir. Erkən türklərin avropeoid olması barədə artıq yuxarıda yazmışam. İkincisi, yuxarıda da göstərmişəm ki, müasir tədqiqatlar antropoloji quruluşa görə dilin təyinini qeyri-mümkün və qeyri-elmi hesab etməkdədir.

Əlbəttə, Araz Əlizadə özünü və ətrafını “türkləşmiş və ya türkdilli” saymaq hüququna malikdir. Lakin guya “elmi əsasa malik” bu fikri hamıya sırımaq hüququ ona verilməyib. Şəxsən mənim və milyonlarla Quzey Azərbaycan türkünün XX əsrin 30-cu illərinədək babalarının pasportlarındakı “milliyyət” qrafasında “türk” sözü yazılmışdı. Güney Azərbaycanda isə, mənim millətim özünü “türk” kimi tanımaqdadır.

Yaxşı olardı ki, Araz Əlizadə, barəsində biliyi olmadığı elmi mövzular haqqında danışmasın və öz sahəsi ilə məşğul olsun. Həm də unutmasın ki, onun Azərbaycan türkləri barədə elmdən uzaq əsassız ibarələri anti-azərbaycançı erməni işğalçıların, etnik separatçıların, fars və velikorus şovinistlərinin ideoloji təxribatları ilə yüzə yüz səsləşir.

Pərviz Qasımov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

BIR CAVAB BURAXIN