AMEA-da kitab oxumaq 20 dəfə bahalaşıb

0
634

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası 2017-ci ildə xidmətə aid qiymət cədvəlini açıqlayıb. Qiymətlərdə ciddi artım var.

75 yaşdan yuxarı vətəndaşlar, Qarabağ əlilləri, AMEA magistrlərindən ötrü oxucu kartlarının hazırlanması pulsuzdur. AMEA əməkdaşları isə bundan ötrü 5 manat ödəməlidirlər.

Yuxarıda sadalanan kateqoriyalara aid olmayan vətəndaşlar isə illik oxucu kartı əldə etməkdən ötrü 100 manat ödəməlidir. Aylıq oxucu kartları 10 manatdır.

 

AMEA üzvü olmayan vətəndaşlara nəzərdə tutulan illik oxucu kartı ötən ilin sonunadək cəmi 5 manat idi. Bu xidmətin 20 dəfə qaldırılması ictimai müzakirələrə yol açıb.

MÜBARİZ GÖYÜŞLÜ: «NİYYƏTİMİZ PUL QAZANMAQ DEYİL»

AMEA Mərkəzi Elmi Kitabxanası qiymətlərin qaldırılmasını mühafizə sisteminin gücləndirilməsi ilə izah edib.

Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü Qafqazinfo-ya deyib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir.

«Bizim digər kitabxanalardan fərqli olaraq, əsas işimiz akademiyanın əməkdaşlarının oxucu hüququ qazanmasını təmin etməkdir. Yeni qaydalara əsasən, onlar üçün 1 illik oxucu kartının qiyməti 5 manat olaraq saxlanılıb. Bundan başqa, Akademiyada magistr təhsili alanlar, «güzəştli» kateqoriyasına daxil olan şəxslər üçün kitabxanadan istifadə ödənişsizdir. Ancaq artıq yuxarıda sadaladığımız kateqoriyalara daxil olmayan şəxslər üçün kart əldə etmək yanvarın1-dən etibarən 100 manat nəzərdə tutulub. Bu yolla kitabxanada mühafizəni artırmaqdan ötrü lazım olan əlavə işçi qüvvəsini cəlb etmək istəyirik», – şöbə müdiri bildirib.

M.Göyüşlü onu da deyib ki, maddi durumla bağlı vəziyyət düzələn kimi həm ikinövbəli sistem, həm də oxucu kartının qiyməti əvvəlki vəziyyətinə qaytarılacaq: «Bizim niyyətimiz nə pul qazanmaqdır, nə də vətəndaşların oxumasına mane olmaq. Çox çalışırıq ki, əvvəlki qaydalar yenidən bərpa olunsun. Ancaq hazırda kitabxanada qiymətli kitablar, nüsxələr saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı var. Bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar».

BIR CAVAB BURAXIN