Almas İldırım: Vətən nisgilli şair (2)

0
1396

 

1923-1927-ci illərdə yazdığı və müxtəlif mətbu orqanlarda çap etdirdiyi milli vətənpərvərlik ruhlu şeirləri Almas İldırımın oxucular arasında geniş şöhrət qazanmasına gətirib çıxardı. Bu şeirlərdəki milli azadlıq mücadiləsinə çağırış notları aydın şəkildə nəzərə çarpırdı. Bu da onun çox gənc 19 yaşında ikən adının xüsusi xidmət orqanları tərəfindən qara siyahıya salınmasına və xüsusi nəzarətə götürülməsinə yol açdı. Buna paralel olaraq gənc şair müxtəlif ədəbi məcmuələrin hazırlanmasında iştirak edirdi. Belə ədəbi məcmuələrdən biri də 1926-cı ildə Süleyman Rüstəmlə birlikdə ərsəyə gətirdiyi “Dün bugün” adlı şeir məcmuəsi idi. O, həmin dövrdə bu sahədə fəaliyyətini daha da genişləndirmək niyyətində idi. Amma hiss edirdi ki, ictimai-siyasi həyatda daha fəal iştirak etmək üçün təhsilini davam etdirməsinə ehtiyac var. Bu məqsədlə də 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil oldu. Ancaq o burada təhslini davam etdirə bilmədi. Çünki onun hər addımını izləyən xüsusi xidmət orqanları əməkdaşları Almas İldırımın tələbələr arasında sovet hökuməti əleyhinə daha geniş mübarizə aparacağından ehtiyat edirdilər. Ona görə də, onlar varlı ailədən olduğunu əsas gətirərək Almas İldırımın universitetdən xaric olunmasına nail oldular. Ancaq onun universitetdən xaric olmasının arxasında dayanan daha bir əsas səbəb vardı. Bu da onun 1927-ci ildə İstanbulda “Həyat” jurnalında çap olunan “A dağlar” və “Sevdiyim” şeirləri idi. Xüsusi xidmət orqanları onun bu şeirində sovet hökumətinə “düşmənçilik” motivləri tapmışdılar.

A. İldırımın universitetdən xaric olunduğu dövr artıq milli düşüncəli ziyalıların təqiblərinin gücləndiyi, milli mənlik şüurunun izləndiyi illər idi.

Almasın 1927-ci ildə yazdığı “Nə üçün” şeiri təqiblərə, haqsızlıqlara qarşı üsyan idi, bu üsyan o qədər güclü idi ki, Almas, “nə üçün şair doğuldum” deyə fəryad çəkir, bu zalım və haqsız cəmiyyətdə yaşamağa məhkum olduğu üçün özünə nifrət edirdi.

Universitetdən qovulması olduqca həssas ruha malik olan A. İldırıma vurulan daha bir zərbə olur. O bundan uzun müddət mənəvi sarsıntı keçirir, bu arada düşüncələri də dəyişir. Yeni proletar həyatına uyğunlaşmağa cəhd göstərir. Ona elə gəlir ki, bu, düşdüyü vəziyyətdən çıxmağın yeganə yoludur. Ona görə də, adını etibarsız adamlar siyahısından sildirmək üçün könülsüz də olsa, arabir sovet sistemini tərənnüm edən şeirlər yazmağa cəhd edir. Ancaq hiss edir ki, o bunu bacara bilməyəcək.

Sürgündə də mübarizəsini davam etdirdi

1928-ci ildə Almas İldırım Azərbaycan Proletar Yazıçıları cəmiyyətinə üzv olmağı qərara alır. Amma ilk günlərdən də buna görə vicdan əzabı çəkməyə başlayır. O hiss edir ki, bu yolun, belə bir əiqdənin sahibi deyil və burada işğalçı rejimə nökər kimi xidmət edə, onun hər buyruğunu kölə kimi yerinə yetirə bilməyəcək. Ona görə də, yazdığı şeirlərində yenidən rejimə qarşı bir nifrət hiss olunmağa başladı.

Bu da onu yeni faciələrə gətirib çıxardı. Məhz əqidəsinin əleyhinə gedə bilməməsi səbəbindən yazdığı yeni şeirlərində keçmişin həsrəti, özünü əhatə edən mühitə qarşı bir üsyan hiss olunmağa başladı. Ona görə də, rejim Almas İldırımı həbs etmək üçün bəhanə axtarmağa başladı. Bu məqsədlə mətbutada Almas İldırıma qarşı yenidən sərt hücumlar başlandı. Onu da deyək ki, A. İldırıma qara yaxanlar, ona çirkab atanlar əsasən öz “həmkarları”, rejimə daha çox yaltaqlanan və sonralar sovet dövründə yüksək vəzifələr tutan, ayda, ulduzda SSRİ-yə “heyranlıq” axtaran yazıçı və şairlər idilər. Onlar ötən əsrin 20-ci illərinin ortalarından başlayaraq Almas İldırımı hədəf alaraq onun simasında qatı antisovet şairi obrazı yaratmağa çalışırdılar. Təbii ki, onlar bunu “qırmızı” imperiyanın təhlükəsizlik idarəsinin sifarişi ilə edirdilər. Məqsəd tənqid edilən adamın simasında cəmiyyətdə düşmən obrazı yaratmaq və bu yolla onun həbsinə bəhanə əldə etmək idi. Belə də oldu. Məhz imperiya nökərləri kimi çıxış edən yerli satqınların mətbuatda Almas İldırımın ünvanına yağdırdıqları saysız-hesabsız iftiralar sonuncunu həbs etmək üçün xüsusi xidmət orqanlarını hərəkətə gətirdi. Bolşevik rejimi o dövrdə cəmisi 21 yaşı olan Almas İldırımdan qorxulu bir terrorçu kimi ehtiyat etməyə başlamışdı və onun Azərbaycanda qalmasını həzm edə bilmirdi. Ona görə də, 1928-ci ildə bolşevik rejimi şeirlərində millətçilik hissləri təbliğ etdiyinə, sovet rejiminə qarşı düşmən mövqedən əl çəkmədiyinə görə Almas İldırımı Dağıstana sürgün etdi. Amma bolşevik rejimi vətəndən kənarda belə onu sındıra, tutduğu haqq yolundan döndərə bilmədi. Sürgündə belə Almas İldırım sinəsində gəzdirdiyi vətən sevgisinə, milli azadlıq mücadiləsinə sadiq qaldığını nümayiş etdirdi. Sürgündə Almas İldırım ona böyük şöhrət gətirən və rejimin başı üzərində bomba kimi partlayan “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirlərini yazır. Bu şeirlərində şair dağların simasında azadlıq simvolu görmüş və bunu həsrətlə tərənnüm etmişdi. “Ləzgi elləri” şeirində isə Almas İldırım ləzgilərin azadlıq ruhunda onların dili, dini bizlərdən olmayan kafirlərə qarşı azəbaycanlılarla birgə apardıqları azadlıq mübarizlərini həsrətlə oxucularına xatırladırdı.

“Dağlar Səslənərkən” və vətən yanğıları

1930-cu ildə sürgün həyatını başa vuran Almas İldırım yenidən doğma Azərbaycana qayıtdı. Həmin ildə də o, Bakıda “Dağlar Səslənərkən” şeirlər məcmuəsini nəşr etdirdi.

Kitabdakı “Gözəlim” adlı şeirində Almas İldırım Vətənə sevgisini, milli azadlıq mücadiləsini cəsarətli şəklildə ortaya qoymuşdu:

Hara getsəm arxamda bir ahım var,

Yazıb baş qoymağa bir dərgahım var.

Əlbət ki, mənim də bir Allahım var,

Gün gəlir, hürr olur yurdum, gözəlim.

Bu şeir onun azadlıq üsyanı, eyni zamanda azadlıq iniltiləri, ilk müstəqil cümhuriyyətimiz üçün tökdüyü göz yaşları idi. Bunu yaxşı anlayan senzura kitabın yayılmasına icazə vermədi.

Senzura kitabdakı şeirlərdə düşmənçilik motivləri olduğunu və onun sovet rejiminə qarşı açıq üsyana çağırmaq ruhunda yazıldığını bəhanə edərək Almas İldırımın cəzalandırılması barədə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinə müraciət etdi. Azərbaycan Yazıçılar Birliyi öz növbəsində burjua şairi kimi Alması öz sıralarından xaric etdi.

“Dağlar Səslənərkən” kitabı isə bəzi üzdən iraq “tənqidçilər” tərəfindən tənqid hərəfinə çevrildi.

Onu tənqid edənlərdən biri B. Zəngili təxəllüslü Hüseyn Bünyadov idi. O, sovet rejiminə yaltaqlanan və hər an doğma anasını belə satmağa hazır olan mənəviyyatsız adam kimi tanınırdı. B. Zəngili 2 mart 1931-ci il mart ayının 2-də “Kommunist” qəzetində Almas İldırımın “Dağlar səslənirkən” adlı şeirlər kitabını sərt şəkildə tənqid etdi. Halbuki, onun özünün şeirdən, ədəbiyyatdan əməli-başlı başı da çıxmırdı. O ömründə cəmisi zor-güclə 5-6 çızmaqara “yaradıcılığı” edə bilmişdi. Əslində Zəngilinin sifarişlə yazdığı “yazı” daha çox ittihamnaməni xatırladırdı. Yeri gəlmişkən onu da xatırladaq ki, Zəngili həmin dövrdə eyni tərzdə Səməd Vurğunu və Mikayıl Müşfiqi də tənqid etmiş, hətta onları sovet rejiminin qatı düşmənləri adlandırmaqdan belə çəkinməmişdi. Bu isə 1937-ci il repressiyalarına hazırlıq idi. Məsələn, məhz Zəngilinin yazdığına əsaslanaraq Mikayıl Müşfiqə qarşı irəli sürülən ittihamnamədə belə yazılmışdı: “İstintaq müəyyənləşdirdi ki, 1926-cı ildən 1930-cu ilə qədər Almas İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi müsavatçı ruhunda hazırlanmışdır”.

Bu ittihamnamə eyni ilə Zəngilinin üslubunda, onun manerasında yazılıb. Vaxtı ilə Zəngili tərəfindən Almas İldırım, Mikayıl Müşfiq və Səməd vurğun haqqında yazılan böhtan dolu yazılarla bu ittihamnamə bir alma kimi oxşardırlar. Hətta ittihamnamədəki cümlələrlə Zəngilinin tənqidi yazılarında gedən cümlələr biri-birilərini təkrarlayırlar.

Zəngili “O gözələ” şeiri haqqında “Təzəcə boynuna boyunduruq taxılmış xalq!” ifadəsini işlətmişdi. O həmin məqaləsində yazırdı: “O gözələ” adlı şeiri oxuyanda biz bunu aydın görürük. Şeir “O gözələ” adlansa da, burada sevginin, məhəbbətin ünvanı qız yox, vətəndir. Şair “O gözələ” üz tutub yenə yurdunun, vətəninin dərdindən, qəmindən danışır, azadlığını, dövlətçiliyini itirdiyindən ürək ağrısıyla söhbət açır”.

B. Zəngilinin tənqidi məqaləsi Almas İldırıma rejim tərəfindən vurulan növbəti bir zərbə oldu. Həmin məqalədən sonra Yazıçılar Birliyindən çıxarılan Almas İldırımın Bakıda qalmasını istəməyən bolşevik rejimi gənc şairi bu dəfə Türkmənistanın paytaxtı Aşqabada sürgün elədi. Almas İldırım Bakını tərk edərkən artıq bir də buraya dönə bilməyəcəyini sövq təbii ilə hiss etmişdi Ona görə də o, göz yaşları içində “Əlvida, Bakı” adlı şeirini yazır. Bu şeirin hər misrası onun doğma vətən üçün yerləri və göyləri yandıran iniltiləri idi:

Səndə keçib getdi iyirmi dörd yaşım,

Bir zaman bəladan çıxmadı başım,

Sən oldun həmdəmim, dərdli yoldaşım,

Laylalar söylədin mənə, əlvida!

Amma rejim Aşqabadda da Almas İldırımı izləməkdə davam etməkdə idi. Bu məqsədlə Bakıdan Türkmənistana xüsusi xidmət orqanlarının Əkbər Ruhi adlı əməkdaşı göndərilmişdi. Aşqabadda Almaz İldırım müəllimlik etməyə başladı və az sonra məktəb direktoru kimi fəaliyyətini davam etdirdi. O, burada əslən Cənubi Azərbaycandan olan və 1932-ci ildə Şamaxıdan sürgün edilən bir ailənin qızı ilə – Zivər xanımla ailə həyatı qurdu. Lakin addımbaşı izləndiyini və daha uzaq ellərə sürgün edilə biləcəyini bilməsinə baxmayaraq, Almas İldırım burada da Vətən sevgisini tərənnüm edən şeirlərini yazmaqda davam edirdi. Onu da deyək ki, sovet hakimiyyətinin ilk illərində Aşqabad türk ellərindən sürgün edilən vətənpərvər ziyalılar üçün sürgün yerinə çevrilmişdi. Həmin dövrdə burada müxtəlif türk ellərindən sürgün edilən onlarla vətənpərvər ziyalılar ailələri ilə yaşamaqda idilər. Bunu nəzərə alan vətənpərvər şair eyni zamanda Aşqabadda çeşidli türk ellərindən sürgün edilən ailələrin uşaqlarına dərs deyir, onlarda vətən və millət eşqi formalaşdırırdı. Aşqabadda Almas İldırımın azadlıq mövzuları ilə bağlı şeirləri əldən-ələ gəzir, dərhal da dillər əzbərinə çevrilirdi..

Aşqabadda uzun müddət şairin hər addımını izləyən Əkbər Ruhi sonda hədəfə aldığı insanın rejimə qarşı düşmənçiliyi davam etdirməkdə olduğu qənaətinə gəldi. Bununla bağlı o Bakıya yazdığı raportunda: “A. İldırım ideologiyamız üçün zərərli bir insandır…” – deyə bildirmişdi. Bu artıq onun həbs edilərək Sibirə sürgünə göndərilməsinin vacibliyi barədə yuxarı orqanlara çağırış edilməsi anlamına gəlirdi. Almas İldırım da addımbaşı izləndiyini, həbs edilərək Sibirə göndərilməsi üçün rejimin yeni bir bəhanə axtardığını başa düşmüşdü. Ona görə də, bundan sonra Türkmənistanda qalmağın təhlükəli olduğunu yaxşı anlayan Almas İldırım İrana getmək qərarına gəldi. Bu məqsədlə 1933-cü ilin iyun ayında o, həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb Aşqabadı tərk etdi. Gedərkən həsrətini və yanğısını yazdığı yeni şeirinə köçürdü:

Bilmirəm ki, yurdunu sevən bir şair,

Nə üçün bir cani kimi izlənir.

İrana və oradan Türkiyəyə

Aşqabadı tərk edən Almas İldırım, qeyri-qanuni yollarla İrana gedən bir dəvə karvanına qoşuldu. Lakin yarı yolda hiss elədi ki, bu karvanla mənzil başına gedib çıxa bilməyəcək və onlar yolda sovet sərhədçiləri tərəfindən saxlanılacaqlar. Ona görə də, İranla Türkmənistan arasındakı Firuzə yaylasında o ailəsi ilə birlikdə karvandan ayrılaraq digər yolla hərəkət etməyə başladı. Onlar günlərlə ac və susuz yol gedirdilər. Bəzən vəhşi heyvan sürüsü ilə də rastlaşırdılar və belə hallarda onları labüd ölümdən Allahın lütfü xilas etdi. Mənzil başına az qalmış onlar yolu azaraq birbaşa İran sərhəd postunun üstünə çıxdılar. Sərhədçilər onları bolşevik casusu hesab edərək həbs etdilər. Düz 25 gün Almas İldırıma aramsız olaraq işgəncə verərək ona casus olmasını etiraf etdirmək istədilər. İstədiklərini şairdən almaq üçün Almaz İldırımı günlərlə ac və susuz, boğazadək doldurulmuş soyuq suyun içində saxlayırdılar. Amma işgəncələr şairin səhhətində dərin izlər qoydu. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Bununla belə sonda onun casus olmadığını başa düşərək Məşhəd şəhərinə göndərdilər. Ancaq burada onlar iş tapa bilmiridlər və ailə olduqca ağır, sıxıntılı vəziyyətdə yaşamaqda idi. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Nəhayət, o çıxış yolunu Türkiyəyə köç etməkdə görür. Bu məqsədlə də 1934-cü ildə böyük əziyyətlərdən sonra Türkiyəyə gələ bilir. Onlar bir müddət Vanda qalırlar. Sonra isə ailə onlara ürəyi yananların tövsiyəsi ilə Elazığda məskunlaşmağı qərara alır. İnsafən deyək ki, Elazığ valisi onları səmimi qarşılayır. Valinin yardımı ilə Almas İldırım Palunun Qaraca bölgəsində əvvəl müəllim kimi fəaliyyətə başlayır, sonra nahiyə müdiri vəzifəsinə təyin edilir. O burada onlarla, yüzlərlə gəncə yalnız dərs demədi, həm də vətən sevgisi aşıladı onlara, nahiyədə yeni məkətblərin açılması təşəbbüsü ilə çıxış etdi. Və vaxtaşırı bu məsələni valilikdə gündəmə gətirərək istədiyinə nail oldu. Həmin dövrdə onun vətən həsrəti ilə yazdığı şeirlər Türkiyədə dildən-dilə dolaşırdı. Bu da ona yeni br şöhrət gətirmişdi. Amma Vətən həsrəti onu gecəli – gündüzlü sızlatmaqda idi. Şerilərindən birində ((“Əsir Azərbaycanım”) şair Azərbaycan həsrətini belə ifadə edir:

Salam desəm rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy…

Hökm etsə bu sərsəm gediş dursa oy…

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş düşmüş adı dilimdən…

Azərbaycan, mənim eşsiz yurdum oy…

Ölməz eşqim, içimdəki dərdim oy…

Vətən həsrəti ilə də dünyadan köçdü…

Almas İldırımın oğlu Azər Elazığda bir gölün olduğunu və atasının bu gölün ətrafına gedərək dərdli-dərdli Xəzəri xatırladığını söyləyir. Sonra günlərin birində atası Atatürkə məktub yazır ki, gölə Xəzər adını versinlər. Atatürk onun bu xahişinə müsbət yanaşır və o gündən göl Xəzər adlanır. Şair bu gölə müraciətlə yazırdı:

Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam;

Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.

Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam

Bakıdan ayrılalı yaxın zamandır Gölcük.

(“Gölcüklə dərdləşmə”)

Onu da deyək ki, şair ömrünin 17 ilini Elazığda keçirdi, burada o hamının sevimlisinə çevrildi, ancaq vətən həsrəti onu üzməkdə idi:

Azər Almas deyir: “Çox insan vətənindən qovulur, amma mən vətənini bu qədər geri almaq istəyən, vətəni üçün ölən bir adam – atamı tanıyıram. Atam vətənindən ayrı heç bir şey düşünməzdi. Vətəni nəfəs almaq, su içmək kimi bilirdi. Bizi də elə hisslərlə böyütdü. Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi.

Atamın güldüyünü heç xatırlamıram. Çox ciddi idi, daima fikirli görünürdü. Vətəni düşünərdi, əlinə qələm alıb mahnı zümzümə edə-edə şeir yazardı. Onun içində bir vətən mahnısı vardı”.

Almas İldırım da Əhməd Cavad kimi vətən, millət aşiqi idi. O işğal altında olan türk xalqlarının ayrı-ayrı adlarla adlandırılmasından çox üzülmüş və yanğı içində “Qara dastan” adlı şeirini yazmışdı:

Kimsə bilməz Tanrıdağın yaşını,

Duman almış Altayların başını,

Uçurmuşdur başdan dovlət quşunu,

Sərvətinə üz çevirmiş zaman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları,

Dərdli-dərdli axar bozqır çayları,

Saxlar içdən gizli ümid, güman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Ağ alnına qara yazı yazılmış,

Yaylalarda düyün-dərnək pozulmuş,

Gəlinlərin gur saçları çözülmüş,

Yada qalmış, dilər eldən aman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Dağdan-dağa çarpıb getmiş doğanlar,

Qayalarda izi qalmış al qanlar,

Ordulara buyruq verməz İlhanlar,

Harda qalmış “set”lər yıxan fərman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Xarab olmuş Buxarası, Başkəndi,

Matəm tutmuş Səmərqəndi, Daşkəndi,

Kəndi söylər, tökər gözdən yaş kəndi,

Nə ozan var, nə yazan, nə şaman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Qazan, Başqırd batmış, Krım sürülmüş,

Mənim çəkik gözlü yarım sürülmüş,

Qohum-qonşum, bütün varım sürülmüş,

Bulunurmu Sibiryada iman hey?

Qoca türkün düşdüyü hal yaman hey…

Türk elləri bir-birinə yadlanır,

Qazax, qırğız, türkmən, özbək adlanır,

Azəri türk yanar, içdən odlanır,

Ana yurdun içdən halı duman hey,

Qoca türkün düşdüyü dərd yaman hey…

Keçən çağlar, yatmış ellər ayılmaz,

Tarım çayı doğru yola qoyulmaz,

Hey… səslənir Amudərya duyulmaz,

Sırdəryada qalmamışdır dərman hey…

Qoca türkün düşdüyü dərd yaman hey…

Xəzər coşar, xəbər salar Kürünə,

Axıb gedər Kür sürünə-sürünə,

İdil ağlar Altın Ordu yerinə,

Aral da öz varlığından peşman hey…

Qoca türkün düşdüyü dərd yaman hey…

Azərbaycan dərd içində boğulmuş,

Sevənləri diyar-diyar qovulmuş,

Ağla şair, ağla, yurdun dağılmış,

Nerdə qopuz, nerdə qırıq kaman hey?

Nerdə böyük Vətən, nerdə Turan hey…

Sinəsində ölənə kimi vətən həsrətini gəzdirən, bolşevik nökəri olan insanların əli ilə doğma Azərbaycandan didərgin salınan Almas İldırım 1951-ci ildə 45 yaşında dünyasını dəyişdi. O, özü Azərbaycanın müstəqilliyini görə, ölkəmizə gələ, bir də doğma yurdun havası ilə nəfəs ala bilmədi. Amma özündən yadigar qoyub getdiyi oğlanları Azər, Araz, Orxan və Bakıxan Bakını ziyarət edərək qohumlarını tapdılar.

Onu da deyək ki, Almas İldırım Türkiyədə yaşadığı illərdə jurnal və məcmuələrdə , qəzetlərdə milli şeirlərini çap etdirərək vətənsevər bir şair kimi tanınmışdı. Türkiyədə yazdığı şeirlərini “Boğulmayan səs” adı altında çap etdirmişdi. Bundan başqa, şair Azərbaycanımızı Türkiyədə daha yaxından tanıtmaq üçün “Azərbaycan mahnıları” adlı kitabını qardaş ölkə oxucularına daha doğrusunu desək Azərbaycan sevərlərinə ərməğan edib.

Təsadüfi deyi ki, onun anadan olmasının 100 illiyi həm Türkiyədə, həm də Azərbaycanda böyük təntənə ilə dövlət səviyyəsində qeyd edildi. O, ölümündən illər ötəndən sonra belə iki qardaş ölkə arasında körpü, iki dövlət, bir millətin oğlu olaraq qalmaqda davam edir. Baş əyirik qarşında ulu vətən şairimiz. Ruhun şad olsun, qəbrin həmişə nurla dolsun.

Əziz Mustafa

BIR CAVAB BURAXIN