Almaniya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədədir

0
1758

Almaniya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədədir.

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniya Federativ Respublikasına işgüzar səfəri ölkəmizin bütövlükdə Avropa İttifaqı ilə və ayrılıqda Almaniya ilə əməkdaşlığına impuls verən növbəti uğurlu səfərdir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti və Kansleri ilə görüşləri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi, ölkəmizin həm siyasi və həm də iqtisadi maraqlarına uyğundur.

Baş tutan görüşlərdə və bu görüşlərdən sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi, Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional əhəmiyyətli layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrdir.

Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə adekvat münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi də diqqətəlayiqdir və bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapıb. Almaniya hökumətinin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Həmçinin Almaniya Kansleri ilə birgə mətbuat konfransında Ermənistan–Azərbaycan münaqişəsinin tarixi və hərbi-siyasi yolla həlli barədə ətraflı məlumat verən Prezident İlham Əliyev iki ölkə arasında sülhün yaradılması üçün dövlətimizin atdığı addımlardan danışıb və jurnalistləri bölgədəki real vəziyyətlə, eləcə də Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması ilə bağlı ətraflı məlumatlandırıb.

Səfər çərçivəsində Prezident İlham Əliyevin 30-a yaxın biznes təmsilçisi ilə görüşüb. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verilib və müzakirələr aparılıb. Bu görüşlərdə və mətbuat konfransında dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpaolunan enerji ixracatı sahəsində strateji əməkdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə ətraflı məlumat verib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru