Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir

0
1274

Həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan hər ötən gün daha da inkişaf edir, daha da güclənir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin rəhbərlərinin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, hətta bu tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir.

Xüsusilə qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması zamanı artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır. Biz bu günlər bunu bir daha müşahidə edirik. Belə ki, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri kifayət uğurlu olub, səfər çərçivəsində dövlətimizin başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə olduqca səmərəli görüşlər keçirib. Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlərdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görünən odur ki, Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir. Çünki Almaniya Prezidenti və Kanslerinin mövqeyində bu ölkənin Azərbaycanla əlaqələrini inkişaf etdirmək əzmi açıq şəkildə nümayiş etdirildi. Yəni, dövlətimizin başçısının səfərə dəvət edilməsi, aparılmış müzakirələr, o cümlədən görüşlər zamanı səsləndirilən fikirlər bunu aydın göstərdi.

Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Prezident İlham Əliyevin budəfəki işgüzar səfəri mühüm əhəmiyyətə malikdir. Bu kontekstdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı xüsusi önəm kəsb edir. Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən görüşü bunun bariz təcəssümüdür.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc