Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir

0
1392

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dövlətimiz Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniya ilə əlaqələrə xüsusi önəm verir. Qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir.

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc