Allah belə övladları çətin bağışlayar

0
714

 

Bu günlərdə Bilgəhdə yerləşən qocalar evini ziyarət etdik. Ziyarətin məqsədi İçtimai Birlik tərəfindən təşkil olunan tibbi müayinəni işıqlandırmaq idi. Birliyə üzv olan həkimlərin könüllü şəkildə iştirakı ilə təşkil olunan müayinədən 140-dan çox qoca keçdi. Orada məskunlaşan hər bir qoca ata-ana dərin məna ifadə edirdi.

Çox peşmanam indiyə kimi niyə ziyarət etməmişəm bu yerləri. Hansı ki, Allah “Beli bükülü qocalarınız olmasa məhv edərəm yer üzünü” deyir. Bir çox hədislərdə valideynlərimizin dəyərini, qiymətini anlamamız üçün “Of belə deməyin analarınıza” və ya “Cənnət anaların ayaqları altındadır” deyilir. Yəni bizim qazanmaq istədiyimiz Cənnət belə analarımızın ayaqları altındadır. Allah analarımıza belə dəyər verirkən biz niyə analarımıza, atalarımıza sahib çıxmırıq. Bu qədərmi qəddar oluruq. Heçmi onların əziyyətini üzərimizdə hiss eləmirik. Yuxusuz qalaraq gecələrini bizim üçün fəda edən analarımıza niyə dəyər vermirik?! Amma sizə deyim ki, övlad nə qədər vəfasız, qəddar olsa da söhbətləşdiyim qocaların heç biri övladının ayağına daş belə dəyməsini istəmir. Soruşanda ki, övladın niyə gəlmir yanına? Kövrək şəkildə oğul, vaxtı yoxdur, işləyir deyirlər. İnanın nə qədər valideyn övladının ayağına daş dəyməsinə razı olmadığı halda Allah belə övladları çətin bağışlayar. Bizi 9 ay qarnında daşıyan, əzab əziyyət çəkərək böyüdən valideynlərimizi əl üstündə tutmalıyıq.

Qocalar evini hər fürsətdə ziyarət etməyi özümə söz vermişəm. Çünki tədbir qurtarıb evimizə qayıdanda qapıdan “ay oğul, nə olar tez-tez gəlin” sözü heç vaxt qulağımdan getməyəcək. Qocalar evinə getməyimə səbəb olan hərkəsə dərin təşəkkür edirəm. Hər bir kəsə qocalar evini ziyarət etməyi məsləhət görürəm. Çünki günahlarımızın bağışlanması üçün böyük fürsət var orada. Söhbətləşdiyim bir qoca ana övladı olmadığı üçün həyat yoldaşından ayrıldığını, sonra isə ailə həyatı qurmaq qismət olmadığını deyirdi. Gündəlik həyat tərzini soruşdum. Az yatdığını, gününü həyətdə gəzməklə, ibadət etməklə, iş güclə məşğul olmaqla keçirtdiyini dedi. Gecələrini Allaha dua ilə keçirən yaşlı anaya duasında bizlərə də yer ayırması üçün xahiş etdim. Allah belə insanların dualarını geri çevirməz. Ana “bəlkə də hansısa əməlim Allahın xoşuna gəlməyib bura düşmüşəm”deyirdi. Amma yenə də həyatından narazı olmadığını dilə gətirir. Ay ana, Allah səni bu dünyada sınağa çəkir, o biri dünyada sənə Cənnət qismət edər. Sənin duaların sayəsində bəlkə bizləri də bağışlayar uca Rəbbim. Könüllü aksiyada iştirak edən həkimlər fərqində olmasalar belə böyük bir iş görürlər. Qoca insanları müayinə etməklə onların dualarını almaqdan faydalı bir şey yer üzündə inanmıram olsun. Nə qədər ki, yer üzündə belə insanlar var, Allah qiyamətin gəlməsini gecikdirir. Yoxsa inanın Allahın qəzəbinə gələrik.
Əlləriniz var olsun dəyərli həkimlər!

İlkin Əmirov

BIR CAVAB BURAXIN