“Alışanovun əmlakları Hacıya qalacaqdı”

0
591

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Prosesdə Arif Alışanovun vəkili təqsirləndirilən Şücayət Əkbərova suallar verib. Amma Şücayət Əkbərov Arif Alışanovun gəlməyəcəyi təqdirdə suallara cavab verməyəcəyini deyib.

Məhkəmə prosesində Alışanovlar ailəsinin 3 vəkili olub. Şücayət Əkbərov Alışanov gəlmədiyi üçün həmin vəkillərin də suallarına cavab verməyəcəyini qeyd edib: “Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, silahlarım olmayıb. Bunların hamısı qondarmadır. Nə mütəşəkkil dəstə yaratmışıq, nə də başqa bir qanunsuz hərəkətlər etmişik. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim”.

Daha sonra Şücayət Əkbərov öz vəkillərinin suallarını cavablandırıb. Ş.Əkbərov söyləyib ki, təqsirləndirilənlərdən Aqşin Hüseynov onun yanında fəhlə işləyib: “Aqşin mənim işçim olub. Fəhləlik edib, maaş alıb. Nə silah saxlamaq, nə adam öldürmək? Bunların hamısı quramadır. Mənimlə tutulan adamların da heç bir günahı yoxdur. Biz birlikdə işləmişik, yeyib-içmişik. Məni “Bondotdel” tutanda iki vəkil gətirmişdilər. Biri alkaş idi, digəri də onlara işləyirdi. Təzyiqlərlə ifadələr yazılıb. Müsabi Namazovdan ifadə alıblar ki, guya silah almışıq, sui-qəsd hazırlamışıq. Əgər Alışanovu öldürmək istəsəydim başqalarını nə edirdim? Alışanovla görüşdüyüm, dağlarda, dərələrdə öldürərdim. Heç onun tikəsini də bu günə qədər tapan olmazdı”.

Ş.Əkbərov Arif Alışanovun Şamaxıda 335 hektar torpaq aldığını açıqlayıb: “Deyirlər ki, heç nə almayıb. Bunların hamısının siyahısı var. Torpaqlar Alışanovun, xanımının, qızının, dostu Hacının və digərlərinin adınadır”.

Suallara cavabında Şücayət Əkbərov qeyd edib ki, Alışanovun ölməsi ona heç nə qazandırmayacaqdı: “Onun heç bir əmlakı mənim adıma olmayıb. Mən Alışanovun sürücüsü Hacı Babayev deyiləm ki… Əmlakları Hacının adınadır. Alışanov ölsə, əmlaklar Hacıya qalacaqdı”.

Ş.Əkbərov Alışanovla münasibətlərinin pozulmasında AzTV rəhbərinin sürücüsü Hacı Babayevi günahlandırıb.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Müsabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verilib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs-qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

 

 

BIR CAVAB BURAXIN