Ailəsi faşistlər tərəfindən məhv edilən,qızı Moskvada oğurlanan, özü edam edilən baş katib –Slanskinin işi

0
644

“Hörmətli yoldaş! Atam üçün ölüm hökmü tələb edirəm. Mən yalnız indi anladım ki, bu məxluq insan adlanmağa layiq deyil, ona görə ki, onda heç zaman insaniyyət olmayıb. O, mənim qatı və dəhşətli düşmənim olub, düşmənimdir”.

Bu sözləri 1952-ci ildə Çexosllovakiyada “Slanskinin işi” şərti adı altında gedən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərdən birinin oğlu prokurora yazıb.

Elə Rudolf Slanskinin eyni adlı, 11 yaşlı oğlu da rəsmi müraciətlə çıxış edərək atasından imtina edib.

                                  Stalin və Qotvald

Əlbəttə, 11 yaşlı oğlanın əvəzindən bunu yazblar və uşağı buna məcbur ediblər. Sovet NKVD-si hər şey qadir idi.

Niyə bəs sovet NKVD-si? Məsələ ondadır ki, Çexoslovakiyada 13 yüksək vəzifəli və görkəmli dövlət və partiya xadiminin “ifşa olunması”nı SSRİ-dən getmiş təhlükəsizlik zabitləri təşkil edib. Bu, Stalinin göstərişi ilə baş verib.

Edam olunanların ən yüksək vəzifəlisi Rudolf Slanski olub. 51 yaşlı Slanski Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsində çalışıb, mühakiməsindən bir neçə ay əvvəl vəzifəsindən götürülüb.

Kremlin tövsiyəsi və yardım təklifi

Çexoslovakiya prezidenti postunu tutan Klement Qotvald repressiyadan kənarda qalıb. Əslində Kreml Slanski ilə bərabər onun da başını yeyəcəkmiş. Amma Qotvald Moskvaya dəvət olunsa da, getməyib, hiss edib ki, gedişi olacaq, dönüşü olmayacaq. O, öz əvəzinə Kremlə kürəkəni Aleksey Çepiçkanı göndərib. Çepiçka isə “ifşa olunası adamlar”ın siyahısı ilə qayıdıb. Kremldən Qotvalda repressiyaya kömək etmək üçün sovet ordusunun yardımını da təklif ediblər, amma o, “öz imkanlarımız hesabına öhdələrindən gələrik” deyib və gerçəkdən də qarşısına qoyulmuş planı dəqiq icra edib.

İki dost, iki yoldaş – Qotvald və Slanski

Əslində Slanski və Qotvald köhnə dost, yoldaş, silahdaş olublar. Onlar hələ ötən əsrin 20-ci illərinin əvvəlində kommunist hərəkatına qoşulublar, Çexoslovakiyada Kommunist Partiyasının qurucuları sırasında yer alıblar, gənc yaşlarında partiyanın liderlərinə çevriliblər. Müharibə illərində hər ikisi Moskvada çalışıblar, çex və slovak kommunistlərinə rəhbərlik ediblər.

                                   Klement Qotvald

Rudolf Slanski (əsl soyadı Zaltsman) imkanlı yəhudi ailəsində doğulub-böyüyüb, yaxşı təhsil alıb. Qotvald isə kasıb kəndli qadının nikahdankənar doğulmuş övladı olub. II dünya müharibəsi illərində Slanskinin valideynləri və qardaş-bacıları faşistlərin əlinə keçib və müxtəlif həbs düşərgələrində ölübər. Moskvada olduğu üçün yalnız özü salamat qalıb, bir də kiçik qardaşı Londona mühacirət edərək qurtulub.

Moskvada yaşadığı vaxt isə Slanski ailəsinin başına daha bir faciə gəlib. Ailənin Nadejda adlı qızı 11 yaşlı qardaşının gözü qarşısında naməlum qadın tərəfindən qaçırılıb və o, bir daha tapılmayıb.

50 illik yubiley və qırılan qələm

Slanskinin 50 illik yubileyi Çexoslovakiyada böyük təntənə ilə qeyd edilib, onun adına küçələr, zavod-fabriklər verilib, ordenlə təltif olunub, barəsində qəzet məqalələri yazılıb, kollektivlərdə ona həsr edilmiş toplantılar keçirilib. Ancaq Moskvadan gözlənilən təbrik və hansısa mükafat gəlməyib. Belə olanda anlaşılıb ki, Moskva Slanskinin qələmini qırıb. 1951-ci ilin noyabr ayının 11-də Anastas Mikoyan Praqaya gedib və özü ilə Stalinin göstərişini aparıb. Həmin məktubda Qotvalda tövsiyə olunub ki, xaricə qaçmasının qarşısını almaq üçün Slanski həbs olunmalıdır.

13 müttəhim, 11- yəhudi

Qısa bir müddət sonra onu həbs ediblər. Baş katibin 12 yaxın adamı isə əvvəldən həbsə alınıbmış. Onlara Çexoslovakiya dövlətinə qarşı sui-qəsdə cəhd, dövlətə xəyanət etmək, ziyankar fəaliyyət göstərmək, İsrail dövlətinə işləmək, Yuqoslaviya prezidenti İosip Broz Tito ilə dost münasibətləri qurmağa çalışmaq kimi ittihamlar irəli sürülüb.

                                         Slanski məhkəmədə

Həbs olunan 13 nəfərdən 11-i yəhudi olub. Həbs olunanların ittiham olunduğu maddələr bir az da artırılıb: iqtisadi sabotaj, trotskiçi-sionist-titoçu sui-qəsd təşkilatı yaratmaq, hərbi sirləri satmaq, dağıdıcı fəaliyyət göstərmək, partiya və dövlət xadimlərinin həyatına sui-qəsd hazırlamaq və s. Ayrıca Slanski “partiyanın rəhbər orqanlarına və dövlət aparatına Dalles və “Fild”in kəşfiyyat məktəblərini keçmiş xalq düşmənlərini yeritmək”də təqsirləndirilib.

Müttəhimlər öz günahlarını etiraf ediblər. Bu, onlara verilən dözülməz işgəncələrin nəticəsində olub. Slanski türmədə özünə qəsd etmək istəyib, ancaq alınmayıb.

Rus cəlladların amansız istintaqı

İşgəncə dəstəsinə SSRİ-nin Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi işlər üzrə müstəntiqi Lixaçov rəhbərlik edib. Ondan başqa, Praqaya başqa sovet zabitləri də ezam olunublar: Makarov, Yesikov, Besçastnov, Borisov, Qromov, Morozov, Çernov, Smirnov, Qalkin, Petuxov, Boyarski.

                                Slanskinin məhkəmə prosesi

Onların arasında ən qəddarı və hiyləgəri Boyarski olub. 1968-ci ildə ÇKP MK “Slanskinin işi”nə yenidən qayıdıb, Yan Pillerin rəhbərliyi ilə reabilitasiya komissiyasının hazırladığı hesabatın 58-ci səhifəsində Boyarskinin adı xüsusi qriflə keçib: “Boyarskinin vaxtında istintaqın amansızlığı ən yüksək dərəcəyə çatlb. SSRİ-dən gələn müşavirlərin tövsiyəsi və fövqəladə dərəcədə şəxsi aktivliyi ilə insanlar amansız döyülmələrlə müşayiət olunan fasiləsiz sorğu-suala məruz qoyulub. İttiham olunanları ac qoymaqla, susuz saxlamaqla onlara işgəncə verilib…”

Ona görə də müttəhimlərin öz günahlarını məhkəmədə etiraf etmələri təəccüblü sayılmır. Bir neçə ay öncə ölkəni idarə edən hörmətli adamlar bir ayın içində canlarından bezmiş hala gəlib.

İttihamlar və hökm

Məhkəmədə 11 müttəhimə ölüm hökmü kəsilib və hökm 1952-ci iıin 3 dekabrında icra edilib.  Prosesdə dövlət ittihamçısı Yozef Urvalyok olub.

                              Rudolf Slanski

Hakimlər və dövlət ittihamçıları məhkəmədə müttəhimlərin boynuna qoymağa çalışıblar ki, onlar yəhudi olduqları üçün çex və slovak xalqlarının maraqları onlara yad olub. İsrail dövləti prosesdə yeni dünya müharibəsinin qızışdırıcısı, dünya miqyaslı casus mərkəzi kimi təqdim olunub. İttiham olunanların “etiraf”larından aydın olub ki, İsrailin Çexoslovakiya ilə imzaladığı ticarət müqavilələrində birincinin xeyrinə qarət səcyyəli maddələr var və bu heç cür ikincinin milli maraqlarına uyğun deyil. Qeyd olunub ki, İsrail ordusu üçün Çexoslovakiyadan çıxarılan silahlar ölkənin maraqlarına cavab verməyib, eləcə də Çexoslovakiyada yaşayan yəhudilərin kütləvi şəkildə İsrailə emiqrasiya etməsi, ölkədən qanunsuz yolla böyük maddi və mədəni resurslar çıxarması Çexoslovakiyanın iqtisadiyyatını sarsıdıb.

Repressiya olunanların sıyahısı

İttiham olunanların siyahısı aşağıdakı kimidir:

Rudolf Slanski (1901-ci il təvəllüdlü),ÇKP MK-nın baş katibi, yəhudi (edam olunub);

Vladimir Klemensi (1902), xarici işlər naziri (edam olunub);

Otto Fişl (1902), maliyyə nazirinin müavini, yəhudi (edam olunub);

Yozef Frank (1909), ÇKP baş katibinin müavini (edam olunub);

Lüdvik Freyka (1904), Prezident Administrasiyasının iqtisadiyyat üzrə komitəsinin sədri, yəhudi (edam olunub);

Bedrjix Qeminder (1901), ÇKP MK-nın beynəlxalq bölməsinin sədri, yəhudi, (edam olunub);

Vavro Qaydu (1913), xarici işlər nazirinin müavini yəhudi (ömürlük həbs verilib, 1955-ci ildə azad edilib);

Evjen Löbl (1907), xarici ticarət əlaqələri nazirinin müavini, yəhudi (ömürlük həbs verilib, 1955-ci ildə azad edilib);

Аrtur London (1915), xarici işlər nazirinin müavini, yəhudi (ömürlük həbs cəzası verilib, 1955-ci ildə azad edilib);

Rudolf Marqolius (1913), xarici ticarət əlaqələri nazirinin müavini, yəhudi (edam olunub);

Berdrjix Reytsin (1911), milli müdafiə nazirinin müavini, yəhudi (edam olunub);

Andre Simon (əsl adı — Oyyo Kats), (1895), “Rude pravo” qəzetinin baş redaktoru, yəhudi (edam olunub);

Otto Şlinq (1912), ÇKP-nin vilayət katibi, yəhudi (edam olunub);

Karel Şvab (1904), təhlükəsilik nazirinin müavini (edam olunub).

Repressiya olunanlara 11 ildən sonra, 1963-cü ildə bəraət verilib. 1968-ci ildə isə onlardan 9-u prezident Lüdviq Svobodanın sərəncamı ilə yüksək dövlət mükafatları ilə təltif ediliblər (6-sı ölümündən sonra). Yozef Frank və Evjen Löbl ÇSSR qəhrəmanı fəxri adına layiq görülüb.

                                                   Yozef Urvalyok

Qotvaldın zəhərli soyuqlaması

Dostunu və silahdaşlarını güdaza verən prezident Klement Qotvald da çox yaşamayıb, 1953-cü ilin martında Stalinin dəfnindən qayıtdıqdan iki sonra xəstələnib ölüb. O, Stalinin tabutda qoyulmuş nəşinə baxarkən, “dahi rəhbər”in öz əcəli ilə öldüyünə şübhə ifadə edib. Özü xəstələnib, öləndə isə onu mumiyalayıblar və məlum olub ki, mərhum prezidentin cəsədi çürüyür. Bu, mütəxəssislərə bu qənaətə gəlməyə əsas verib ki, onu zəhərləyiblər – çünki zəhərlənmiş adamı cəsədini mumiyalamaq mümkün olmur.

Atasından imtinaya vadar edilən oğul Slanskinin qisası

1952-ci ildə edam olunmuş atasından imtina edən oğul Rudolf Slanski (1935-2006) böyüdükdən sonra publisist-dissident olub, totalitar rejimin düşməninə çevrilib. “Praqa baharı” (1968) hadisələrində aktiv iştirak edib. Kommunist partiyasından xaric edildikdən sonra qeyri-leqal mətbuatın görkəmli publisisti olub. 1977-ci ildə antikommunist müqaviməti manifestini – “Xartiya-77”-ni imzalayanlardan biridir. Çexoslovakiyada “məxməri inqlab” baş verdikdən sonra ölkəsinin Sovet İttifaqında – atasının qətlinə fərman verilən ölkədə səfir işləyib (Konkret.az).