Ailənin yeganə övladı olan ölümsüz qəhrəman şəhid Rəşad Ələkbərovun əbədiyyətə qədər davam edəcək ömür dastanı…

0
810

Faiq Ələkbərli:”Anasının bütün israrlarına baxmayaraq Rəşad könüllü olaraq müharibəyə getdi”

“Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub”

Arazinfo.com jurnalist İradə Sarıyevanın Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Ələkbərov Rəşad İlqar oğlunun şərəfli ömür yolu barədə yazısını təqdim edir:

Mənəvi zirvələr fəthedilməzdir o zirvələrə ucalan Vətən oğlullarının yenilməz inadı, sarsılmaz əzmi, dəmir iradəsi, Vətən eşqi və fədakarlığı, qəhrəmanlığı kimi. Şəhidliyin ənginliklərinə, zirvəsinə qəhrəmanlıqla ucalan oğlullarımız fəthedilməzdir. Bu fəthedilməz oğullarımızın canı, qanı bahasına Vətən Müharibəsində-Qurtuluş Savaşında zəfər qazanmışıq.
Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Bəlkə də, yüzlərlə, minlərlə insan var ki, Tanrının onu şəhidliklə mükafatlandırmasını arzulayır, amma onlara şəhidlik nəsib olmur… Ancaq Tanrının bu uca və ulu, əbədi zirvəyə yüksəltiyi Ələkbərov Rəşad İlqar oğlu kimi oğullarımız da çoxdur. Tovuz cəbhəsində baş verən erməni təxribatı “yatmış vulkan” misallı oğullarımızı qəzəb atına mindirdi, nəhayət düşmənə həddini bildirməyin zamanı gəldiyini təlqin etdi. Bu oğullar illərdir ki, düşmənlə haqq-hesab çəkmək, ondan öc almaq, torpaqlarımızı işğaldan azad etmək günün yaxınlaşdığını ruhları, ürəkləri ilə, bir də damarlarında qan kimi dövran edən intiqam günün yaxınlaşdığını hiss edirdilər. Rəşad da o oğullardan biri idi. Ermənistanın təxribatçı qruplarının Tovuz cəbhəsində yeni işğalçılıq niyyətətlərini gerçəkləşdirmək məqsədilə təxribatlara başlaması Rəşadı yerindən oynatdı. O minlərlə, onminlərlə gənclərimiz kimi hərbi komissarlığa gedib qeydiyyatdan keçdi və cəbhəyə çağırılcağı günü səbrsizliklə gözləməyə başladı. Səbr kasası daşırdı artıq, heç cür özünə yer tapa bilmirdi. Düşmən Tovuz cəbhəsində layiqli cavabını alıb böyük itkilərlə geri çəkilməyə məcbur edildi, amma Rəşad yenə də cəbhəyə çağırılacağı günə ümidini itirmədi və nəhayət ki, onminlərlə Vətən fədailərindən biri kimi Rəşad da düşmənə qan uddurmaq üçün döyüş cəbhəsinə atıldı.
Nəsli-kökü Gədəbəy rayonu ilə bağlı olan Ələkbərov Rəşad İlqar oğlu 1997 ci il sentyabrın 15-də, Azərbaycan tarixi üçün çox önəmli olan tarixi bir gündə Azərbaycan Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə gedib, Ağcəbədidə hərbi xidmətə başlayıb və Füzulidə hərbi qulluğunu başa vurub.
Rəşad Ələkbərovun dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərli Rəşaddan danışarkən həm qüssəsini, həm də qürur keçirdiyini gizlədə bilmir. Faiq müəllim deyir ki, Rəşad Tovuz hadisələrindən sonra Gəncə şəhəri Kəpəz rayon hərbi komissarlığına gedərək qeydiyyatdan keçib. Vətən Müharibəsi başlayan kimi yenidən hərbi komissarlığa gedir və müharibədə iştirak etmək üçün müraciət edir. Bacısı oğlunun Qurtuluş Savaşına digər gənclərimiz kimi könüllü getdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, sentyabrin 29-da Rəşad Ələkbərov ön cəbhəyə gedib. “Bilirsiz ki, Vətən Müharibəsi ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan edildi, onlarla, onminlərlə gənclərimiz kimi Rəşad da könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub, sonra cəbhəyə aparıblar. Rəşad ailənin yeganə övladı olub, özündən başqa nə bacısı, nə də qardaşı var. Rəşadın anası, mənim bacım Nailə Ələkbərova özü də Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb. Yaralandıqdan sonra 1993-cü ildə Gəncə şəhər Kəpəz rayonu hərbi komissirlığı tərəfindən bacıma veteran vəsiqəsi verilərkən orada üzləşdiyi neqativ hallar nəticəsində ona verilən vəsiqədən imtina edir, lakin iki il əvvəl yenidən veteran vəsiqəsi almağa nail olur. Bacım Nailə Qəzənfər qızı Ələkbərova da Birinci Qarabağ Müharibəsi veteranıdır, hazırda Gəncədəki alminum zavodunda işləyir. Rəşad evin tək övladı olduğu üçün anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdu, sən müharibəyə getsən mənə kim həyan olacaq? Rəşadda anasına deyib ki, yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin bəs onda kim bu vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin. Anasının bütün israrlarına baxmayaraq Rəşad könüllü olaraq müharibəyə getdi.
Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub. Rəşad ailənin tək oğul övladı olmasına baxmayaraq ön cəbhəyə getməkdən heç cür çəkinməyib, özü bunu israr edib. Baxmayaraq ki, onun ailənin tək övladı olduğu üçün birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, Qazaxa, Tovuza, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub, ailənin tək övladı kimi o bu şansdan yararlana bilərdi. Amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndindəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin, və sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Oktyabrın əvvəllərindən şəhid olana qədər 1 aydan çox müharibədə iştirak edib, Hadrutun, Xocavəndin, Xocalının kəndlərinin alınmasında son damla qanına qədər vuruşub. Rəşad Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sonuncu dəfə dayısı əlaqə saxlayıb və onunla telefonla danışarkən deyib ki, Xankəndinin bir addımlığındayıq, Xankəndindıyik, Xankəndi də Gədəbəymiz kimi gözəl bir yerdir. Çox güman ki, Rəşad Xankəndi yaxınlığında şəhid olub. Onunla bağlı məlumat noyabrın 7-də axşam tərəfi alınıb. Amma 8-9 noyabr tarixində ondan heç bir xəbər gəlmədi. Bilirik ki, noyabrın 7-də 8-də ordumuz Şuşada idi, döyüşlər artıq Xankəndinə yaxınlaşırdı. Sadəcə, noybar 8-də təmizləmə əməliyyatı başa çatdıqdan sonra Şuşanın işğaldan azad olunmasını dövlət başçısı elan etdi. Noyabrın 7-si axşamı Şuşa işğaldan azad olunmuşdu və Xankəndinə yaxınlaşırdıq. Biz ayın 7-dən sonra ondan heç bir məlumat ala bilmədiyimiz üçün güman edirik ki, Rəşad noybrın ya 8-də, ya da 9-da şəhid olub. Rəşadın şəhid olması xəbərini bizə noyabrın 11-də eşidik, bu barədə bibim oğlu Mahirə, qardaşım Fazilə məlumat verilib. Noyabrın 12-də Rəşadın dayısı Fazil, böyük qardaşım İlhamın oğlu Ceyhun və bibimiz oğlu Mahir və digər qohumlar Füzuliyə gedib oradan şəhidimizin nəşini Gəncə şəhərinə gətiriblər. Rəşadı noyabrın 12-də Gəncənin Şəhidlər Xiyabanında dəfn etdik. Mən də həmin vaxt artıq Gəncədə idim…Biz şəhidimizi uğurunda canını fəda etdiyi Vətən torpağında dəfn etdik. Rəşad evin yeganə övladı idi və anasının ondan, onun da anasından başqa heç kimi yox idi, amma bütün bunlara baxmayaraq, O, Vətənə olan sevgisini hər şeydən üstün tutdu və qəhrəmancasına şəhidlik zirvəsinə qovuşdu”.
F.Ələkbərli bildirdi ki, müharibədə R.Ələkbərovun komandiri Qudbiddin Qoçiyev olub və ilk gündən Rəşad Şuşa uğurunda gedən döyüşlərdə şəhid olana qədər bir yerdə olublar. “Rəşadın komandiri mənimlə söhbətində onun Hadrutda, Xocavənddə, Daşaltıda və Şuşada qəhrəmancasına döyüşdüyünü deyib. Sadəcə olaraq yaralıdır Bakıya gəlir dedi ki, yoldayam çatım axşam ətraflı danışarıq. Rəşadın döyüşçü yoldaşı Sədiyar Musayevlə də danışmışıq. Sədyar da mənə dedi ki, Rəşad sona qədər igidliklə döyüşüb, bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Döyüşçü yoldaşı onu da dedi ki, Rəşadın sürücülük qabiliyyəti olduğu üçün lazım gələndə hərbi maşınların vasitəsilə əsgərlərin yerdəyişməsi prosesində fəallıq göstərib, xüsusilə də, Daşaltı və Şuşa döyüşlərində fərqlənib və sair. Ümid edirəm ki, Rəşad İlqar oğlu Ələkbərova dövlətimiz tərəfindən “İgidliyə görə” orden verilər. Eyni zamanda Rəşadın adının oxuduğu məktəbə verilməsini arzulayırıq”-deyə F.Ələkbərli bildirdi.
Ömrün qısa olsa da, müharibənin odundan-alovun keçib səni qəhrəmana çevirən həyat dastanın hələ neçə-neçə illər, əsrlər dillərdən düşməyəcək, səni yaşadacaq, sənin arzularını, ananın səninlə bağlı arzularını solmağa qoymayacaq Rəşad. Anan Nailə xanım ağlayır, onun yaşağına süzülən göz yaşları acılı və qürurludu Rəşad. Acıdır ona görə ki, tək ümidini, evinin dirəyini, dar gününün gərəyini itirib, ocağının bircə yanan çırağı sönüb. Ananın göz yaşları ona görə qürurludur ki, onun oğlu müzəffər, qalib qəhrəman döyçü olaraq şəhidlik zirvəsinə ucalıb. Ananın yeganə pənahı ümidi idin Rəşad, indi bütün gəncəlilərin, bütün Azərbaycanın qürur duyduğu bir Vətən oğlusan. Elə bir Vətən oğlu ki, indi sənin adın dillərdən düşmür, indi sənin qəhrəmanlığın dastana çevirilib. Qurtuluş Savaşında yazılan zəfər dastanının ilk səhifələrində imzası olan oğullardan birisən Rəşad, imzan heç zaman solmayacaq, silinməyəcək. Gəncənin Şəhidlər Xiyabanındakı əbədi məkanın, o mübarək evin həmişə qonaqlı-qaralı olacaq. Səni təkcə anan ağlamayacaq. Səninlə yalnız yalqız qalan anan öyünmür, bütün Gəncə, bütün Azərbaycan sənin qəhrəmanlığınla öyünür. Ölümsüz qəhrəmanımız Rəşad İlqar oğlu Ələkbərov əbədi olaraq yaşayacaq. Nə qədər xalqımız var, nə qədər dövlətimiz var, nə qədər köksümüzdə ürəyimiz döyünür o qədər də o oğullar yaşayacaq. Əbədiyyətin, uca şəhidlik adın mübarək Rəşad!!!

BIR CAVAB BURAXIN