Ağdaşda CİNAYƏT: Arvadının “Facebook”da tanış olduğu oğlanı öldürdü

0
713

Ağdaşda CİNAYƏT: Arvadının “Facebook”da tanış olduğu oğlanı öldürdü

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Rəvan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətl hadisəsi Ağdaş rayonun mərkəzində, M.Ə.Rəsulzadə küçəsində baş verib. Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

Rəvan Bağırov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

“Arvadımın oğlanla baş-başa şəkilini gördüm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan Bağırov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2007-ci ildə öz istəyi ilə xalası qızı Röya ilə ailə həyatı qurub, bu evlilikdən 2 qızı, 1 oğlu olub: “2014-cü ilin noyabr ayında Şəki şəhərində “Maqnit” mağazasından “Samsung” markalı noutbuk almışdım. Noutbukun üstündə hədiyyə kimi “Asus” markalı planşet verdilər. Həmin planşeti arvadım Röyaya verdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 21 may 2015-ci il tarixdə arvadı Röyanı, uşaqlarını qaynatasıgilə aparıb: “Həmin gün orada olarkən saat 16-17 radələrində planşetdəki şəkillər arasında Röyanın əvvəllər tanımadığım, adını bilmədiyim oğlanla baş-başa dayanmış şəklini gördüm, həmin şəkli görən zaman Röyadan həmin şəkilin nə olduğunu soruşdum”.

Rəvan Bağırov bildirib ki, Röya günahı olmadığını desə də, onu döyüb, ondan şəkildəki adamın kim olduğunu soruşub: “Röya isə həmin oğlanın qohumu Gülüşün sevgilisi Kamal adlı şəxs olduğunu, şəkilinsə montaj edildiyini dedi. Həmin gün Röyanın planşetini özüm ilə götürərək Ağdaş şəhərinə qayıtdım. Ağdaşda tanımadığım oğlanlardan planşetdə şəkli olan Kamal adlı şəxsi tanıyıb-tanımadıqlarını soruşsam da, heç kim onu tanımadı”.

“Kamalı bir neçə dəfə gördüyünü dedi”

Rəvan Bağırovun sözlərinə görə, ertəsi gün yenidən Şəkiyə qaynatasıgilə gedib: “Röyadan Kamalı necə tapa biləcəyimi soruşdum. Röya Kamalın yaxınlıqda yaşadığını, onu həmin ərazidə bir neçə dəfə gördüyünü dedi. Daha sonra yenidən Kamalın kim olması ilə maraqlandım. Öyrəndim ki, o, əvvəllər atası İlqarla qaynaqçı işləyib. Kamalın nömrəsini əldə edib, onunla danışdım. Ona öncə müştəri olduğumu, onunla görüşmək istədiyimi bildirdim”.

Rəvan Bağırov qeyd edib ki, Kamalla mayın 25-də, günorta saatlarında evlərinin yaxınlığında 5 mərtəbəli binanın qarşısında görüşüb: “Ondan arvadım Röya ilə nə kimi əlaqələrinin olmasını soruşdum. Kamal Röya ilə heç bir əlaqəsinin olmadığını, onlara qonaq gələn Gülüşlə münasibətinin olduğunu dedi. Arvadım ilə Kamalın şəklini ona göstərdim və həmin şəklin nə olduğunu soruşdum. Kamal şəkilin montaj olduğunu dedi. Ona “əgər belədirsə, Şəkiyə gedib, bu məsələni yerində aydınlaşdıraq”, – deyə bildirdim. Birlikdə elə həmin gün Şəkiyə, qaynatamgilə getdik. Sonra arvadım Röyanı və digər xalası Səidəni götürdük. Sonra Gülüşgilin evinə getdik. Gülüş Kamalın həqiqətən də onun sevgilisi olduğunu desə də, arvadım Röya ilə Kamalın şəklini kimin montaj etdiyini demədi”.

“Atam Röyanı boşamağımı məsləhət gördü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, orada şəkillə bağlı danışılanların düzgün olmadığı nəticəsinə gəlib: “Sonra Kamalla Ağdaşa qayıtdıq. Bu barədə bircə atam Qəhrəmana dedim. Atam isə Röyanı boşamağımı məsləhət gördü. Yaşadığı evin yan tərəfində yaşayan əmim Fərmanın həyat yoldaşı Samirə Bağırova da bu barədə bilib. Bütün qadınların mənə qəribə baxdığını gördüm”.

Rəvan Bağırov daha sonra ifadəsində bildirib ki, bundan sonra arvadının Kamalla münasibətinin olmamasını sübut etməyə çalışıb: “İstədim ki, Kamalı evimə çağırım, bütün qadınların içində Kamal özü mesajları arvadıma deyil, Gülüşə yazmasını, onun arvadım ilə heç bir əlaqəsi olmadığını desin. İyunun 2-də, saat 13 radələrində mobil telefonum ilə Kamalın mobil telefonuna zəng etdim. Ona dedim ki, bizə gəlsin, hər şeyi hər kəsin yanında danışsın. Lakin Kamal bundan imtina etdi. Elə həmin gün saat 17 radələrində Ağdaş bazarının yaxınlığında Kamalı gördüm. Kamal özü mənə yaxınlaşdı. Ona yenə də dedim ki, bizə gedib, bütün qohum qadınlara özü Röya ilə arasında heç nə olmadığını desin”.

“Mənim kişi olmadığımı bildirdi”

Rəvan Bağırovun sözlərinə görə, Kamal da onunla razılaşıb və birlikdə evlərinə Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi, 29 saylı evə gediblər: “Maşını küçədə qapının qarşısında saxladım, birlikdə evin həyətinə daxil olduq. Çay hazırlamağı və əmim arvadı Samirəni, gəlinimiz İlahəni, əmim gəlini Sevinci və qonşu qadınları həyətimizə çağırmaq istədim. Həmin vaxt həyətimizdə başqa heç kim olmayıb. Gəlinimiz İlahə uşaqla birlikdə atasıgilə getmişdi. Kamal həyətdə oturduqdan təxminən 5 dəqiqə sonra birdən ayağa qalxdı və getmək istədiyini, heç kimə heç nə deməyəcəyini söylədi. Kamal mənim kişi olmadığımı, söhbəti bağlamalı olduğumu bildirdi”.

Rəvan Bağırov qeyd edib ki, bu zaman Kamala oturmasını deyib: “Kamal üstümə gəldi, məni doğrayacağını dedi və əlini cibinə atdı. Həmin an əsəbləşdim və Kamalı öldürmək məqsədi ilə evə daxil oldum. Evdən atamın ov tüfəngini götürdüm və həyətə çıxdım. Tüfəngin içinə 1 ədəd patron qoydum və çaxmağını çəkdim. Kamal əlimdə tüfəngi görən zaman çölə qaçmağa başladı. Kamalın arxasınca qaçıb təxminən 10 metr aralıdan ona atəş açdım. Kamal yerə yıxıldı. Elə həmin vaxt əmim Fərman, gəlini Sevinc və nəvəsi Ruzi küçəyə çıxdılar. Onlar Kamalı vurduğumu, əlimdə tüfəng, Kamalın isə yerdə can verdiyini gördülər. Daha sonra tüfəngin içindən patronu çıxardaraq küçənin baş tərəfində olan su kanalına atdım”.

“Uşaqlarımı görəndə pis oldum”

Rəvan Bağırovun sözlərinə görə, sonra tüfəngi özü ilə götürərək maşınına əyləşib və Şəki şəhərinə gedib: “Təxminən saat 18 radələrində qayınatamgilin evlərinə çatanda gördüm ki, qapıda polislər var. Daha sonra tanımadığım yol maşını ilə Şəki rayon polis şöbəsinin yaxınlığına getdim və tüfəngi sökərək ədyala bükülü vəziyyətdə orada olan köhnə sökülmüş çayxananın həyətində otların arasına qoydum. Piyada qaynatamgilə getdim. Öncə uşaqlarımı görəndə çox pis oldum. Uşaqlarım ilə sağollaşaraq tüfəngi otlaqdan götürdüm və Şəki rayon polis şöbəsinə getdim. Polis şöbəsində dedim ki, adam öldürmüşəm, sonra təslim olmuşam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fəxriyyə İsmayılova bildirib ki, Kamal İsmayılov onun oğludur: “Hadisədən təxminən 3 həftə əvvəl Ağdaş bələdiyyəsinin işçisi kimi tanıdığım Dilbazi adlı qadın mənə dedi ki, özünü “Region ekspress” şirkətinin nümayəndəsi kimi təqdim edən bir nəfər ondan Kamal haqqında soruşub. Dilbazi də ona Kamalı tərifləyib arada atası ilə işlədiyini deyib. Dilbazi həmin oğlanın “Mercedes” markalı nömrəsinin sonu 822 olan maşınla gəldiyini deyib, həmin şəxsin maşınının nömrəsini Kamala dedim. Ondan bu barədə soruşdum. Bu zaman Kamal duruxdu. Ondan nə baş verdiyini soruşdum. Kamal dedi ki, Şəki şəhərindən bir nəfər qızı istəyir, lakin həmin qızın xalası qızının əri elə bilir ki, onun arvadı ilə münasibəti var, ona görə onu axtarır. Kamala bunun necə olduğunu soruşdum. Kamal mənə bu barədə əlavə heç nə demədi, bu məsələni özünün həll edəcəyini söylədi. Bundan 2 gün sonra yenidən Kamaldan həmin məsələni soruşdum. Kamal dedi ki, özü bu məsələni həll edib, heç bir problem yoxdur. Bundan sonra Kamal bu haqda mənə heç nə deməyib”.

Fəxriyyə İsmayılova qeyd edib ki, iyunun 2-də, günorta saatlarında Kamal evə çörək alıb: “Həmin gün Kamala saat 16:20-də zəng etdim. Kamal telefonu açdı, onun inilti səsini eşitdim. Kamaldan nə olduğunu soruşdum, amma cavab vermədi. Bu zaman ətrafdan “can ay bala döz, “skoru” gəlir” sözlərini eşitdim. Kamalın telefonu sonra söndü. Ona nə qədər zəng etsəm də, telefonu açan olmadı. Bir az sonra Kamalın xəstəxanada olduğunu, kiminsə onu tüfənglə vurduğunu eşitdim. Xəstəxanaya çatan kimi Kamalı təcili yardım otağında uzanmış vəziyyətdə gördüm. Sonradan Kamalı Dilbazidən onu soruşan Rəvan adlı oğlanın arvadı ilə münasibətləri olduğu üçün qapılarında tüfənglə vurduğunu eşitdim”.

“Rəvan həftələrlə evə gəlməyib”

İş üzrə şahid qismində dindirilən Röya Bağırova bildirib ki, 2007-ci ildə ailəsinin istəyi ilə xalası oğlu Rəvan Bağırov ilə ailə həyatı qurub, bu evlilikdən 3 övladı olub: “Evləndikdən bir müddət sonra Rəvan ailədən uzaq düşdü. Həmin vaxtlarda 2 övladımın olmasına baxmayaraq, Rəvan həftələrlə evə gəlməyib. Rəvan öz maşını ilə Bakıya müştəri apardıqda həftələrlə orada qalıb. Onun həyatında başqa birisinin olduğunu hiss etmişdim”.

Röya Bağırovanın sözlərinə görə, təxminən 2 il öncə Rəvanın telefonda kiminləsə danışdığını görüb və ondan bu barədə soruşub: “Rəvan kiminlə danışdığını deməyib. Onun hansısa qadınla danışdığından şübhələndim və boşanmaq istədiyimi dedim. Rəvan isə bundan sonra and içdi ki, həyatında əvvəllər başqa qadın olsa da, bundan sonra həyatında heç kim yoxdur. Lakin bundan bir müddət sonra Rəvanın yenə də hansısa qadınlarla danışdığını görmüşəm. Rəvan özü bir müddət sonra Bakı şəhərində yaşayan evli, 3 uşaq anası olan Sevda Rəhimova adlı qadınla münasibətdə olduğunu etiraf edib. Rəvan Sevdanı üstün tutduğunu dedi. Buna görə də Rəvana olan bütün hislərim öldü, ona ər kimi deyil, sadəcə uşaqlarımın atası kimi baxmışam”.

“Kişilərlə sevgili kimi danışmamışam”

Röya Bağırovanın sözlərinə görə, Rəvan bir neçə dəfə münasibətdə olduğu Sevdanı və onun ərini qonaq kimi evə dəvət edib: “Sevdanın Rəvanla münasibətlərinin olduğunu bilsəm də, onun əri Rafiqə heç nə deməmişəm. Təxminən 3 il bundan öncə “Facebook” sosial şəbəkəsində özümə profil açmışam. Orada tanımadığım kişilər və qadınlarla virtual şəkildə danışmağa başlamışam. Lakin onların heç biri ilə sevgili olmamışam. Rəvan mənə təxminən 2 il bundan öncə “Acer” markalı noutbuk alıb, noutbukla “Facebook”a daxil olmuşam”.

Röya Bağırova qeyd edib ki, 2014-cü ilin noyabr ayında Rəvan ona planşet hədiyyə edib: “Təxminən 2 il yarım öncə “Facebook”da Ağdaş şəhər sakini Kamal İsmayılovla tanış olmuşam. Kamalla ilk öncə virtual şəkildə danışmışam. Ona ürəyimi boşaltmışam, ailə problemlərimi, yəni Rəvanın məni aldatmasını və mənə laqeydliyini demişəm. Tədricən Kamalla daha yaxınlaşmışam. O, mənə doğma gəlməyə başlayıb”.

Röya Bağırovanın sözlərinə görə, Kamalla bir neçə dəfə yaşadığı Ağdaş rayon bazarının yaxınlığındakı küçədə görüşüb: “Kamalla mobil telefon vasitəsilə danışmışam. Bir müddət sonra Kamala bağlanmışam. O da mənə bağlanıb, bir-birimizə sevgi hislərimiz olub. İlk dəfə 2014-cü ilin qış aylarında gündüz vaxtı Kamal məni evlərinə dəvət edib. Mən də Kamalın Ağdaş şəhər bazarının yaxınlığında olan evinə getmişəm. Orada Kamalla yenə də söhbətləşmişəm. Lakin aramızda heç nə olmayıb. Kamaldan xoşum gəlsə də, evli olduğum üçün onunla yaxınlıq etməmişəm. Kamal da evli olduğumu, uşaqlarımın olduğunu bildiyi üçün mənə toxunmayıb”.

Röya Bağırova bildirib ki, təxminən 2015-ci ilin qış aylarında Kamalla Ağdaş bazarının yaxınlığındakı 5 mərtəbəli binanın blokunda söhbətləşib və onunla şəkil çəkdirib: “Həmin şəkli planşetdə gizli saxlamışam. Lakin planşetim format olunduğundan həmin şəkili Kamal “vatsap” vasitəsi ilə təxminən 1 ay öncə planşetimə göndərib. “Gizli” proqram yüklənmədiyindən həmin şəkil planşetin şəkillər olan hissəsində qalıb. Rəvan planşetə baxmadığı üçün şəkili silməmişəm. Təxminən may ayının ortalarında Rəvanla atamgilin evinə Şəkiyə gedən zaman məndən planşeti istədi. Planşeti şəkili silmədən Rəvana verdim. Rəvan bir müddət sonra Kamalla olan şəkli mənə göstərdi və şəklin nə olduğunu soruşdu. Özümü itirərək şəkilin montaj olduğunu dedim”.

“Özlərini elə apardılar ki, guya həqiqətən sevgilidirlər”

Röya Bağırova qeyd edib ki, Rəvan planşeti özü ilə götürüb və bütün qohumlarına həmin şəkli göstərib: “Ertəsi gün Şəki şəhərində yaşayan rəfiqəm, “Gülüş” kimi tanınan Gülruha Rəvanın Kamalla olan münasibətlərim barədə bildiyini, onunla şəkilimi gördüyünü dedim. Gülüş təklif etdi ki, Rəvana yalan danışım və Kamalın əslində onun sevgilisi olduğunu deyim. Gülüşlə razılaşdım və Rəvana dedim ki, Kamal Gülüşün sevgilisidir. Rəvan isə mənə inanmadı, bir neçə gün sonra Şəkiyə evimizə Kamalı gətirdi. Rəvan Kamalı bizim sevgili olub-olmamağımız üçün Gülüşlə üzləşdirdi. Kamala bu barədə öncədən dediyim üçün və Kamalı Gülüşlə danışdırdığım üçün onlar özlərini elə apardılar ki, guya həqiqətən sevgilidirlər. Rəvan da bundan sonra bizə inanmış kimi göründü”.

Röya Bağırovanın sözlərinə görə, iyunun 2-də qayınatası Qəhrəman onun anası Tahirəyə zəng edib və Rəvanın bir oğlanı öldürdüyünü deyib: “Bir müddət sonra Ağdaşda yaşayan xalam Vahidə mənə zəng etdi. Xalam dedi ki, Rəvanın vurduğu oğlan mənimlə şəkli olan oğlandır. Elə həmin gün axşam saatlarında Rəvan bizə gəldi. Evə gələn kimi Kamalı öldürdüyünü dedi. Sonra mənimlə və uşaqları ilə görüşdü. Rəvan evdə təxminən 20 dəqiqə qaldıqdan sonra Şəki rayon polis şöbəsinə getdi”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Bağırov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verən Rəvan Bağırov cəzasının yüngülləşdirilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Rəvan Bağırovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda Rəvan Bağırovun şikayətinin təmin edilməməsi barədə qərar elan ediblər. (Teleqraf.com)

BIR CAVAB BURAXIN