ADA Universiteti təhsil haqqının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirdi

0
744

Xəbər verdiyimiz kimi, artıq ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. 39906 nəfər abituriyent tələbə adını qazanıb.

 

Amma diqqət çəkən məqam bəzi universitetlərin illik məbləğinin yüksək olmasıdır. Məsələn, elə götürək ADA Universitetini. Burada 601 bal toplayan abituriyent 6500 manat ödəməli olacaq.

 

Məsələnin aktuallığını nəzərə alaraq Modern.az saytı ADA ilə əlaqə saxlayıb. ADA-nın mətbuat xidmətindən saytımıza bildirilib ki, əslində universitetdə qaydalar fərqlidir.

 

“ADA Universitetində təhsil hüququndan məhrum olan tələbə kateqoriyası ümumidir. Əsasən şəhid ailələri, məcburi köçkünlərin övladları ödənişdən tam olaraq azad edilir. Amma güzəşt təkcə bu kateqoriyaya aid deyil. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yüksək nəticə göstərən abituriyentlərə bəzi güzəştlər tətbiq edirik.

 

700 bal toplayan abituriyentlərin təhsil müddətində təhsil haqqına 100% güzəşt edilir. Lakin bu güzəştin davamlı olaraq tətbiq olunması üçün onun ortalama qiymətləri 3.0 olmalıdı. Ümumilikdə bizim ən yüksək qiymətimiz 4.0-dır. 650 baldan yuxarı nəticə göstərən abituriyent bir il ərzində 100% təhsil haqqından azad edilir. 600-dən yuxarı bal toplayan abituriyentlər bir il ərzində 50% təhsil haqqından azad edilir. Bu iki qayda hüquqşünaslıq və biznesin idarə edilməsi ixtisaslarına aid deyil.

 

ADA Universitetindən təhsil haqlarının yüksək olmasına da aydınlıq gətirilib.

 

“ADA-da bakalavr təhsili üçün ən yüksək məbləğ 6500 manatdır. Yüksək olmanın özəl  səbəbi yoxdur. Hər universitet özü təhsil haqqını müəyyənləşdirir. Bura dərsliklər, kənardan gətirilən müəllimlər və digər məsələlər daxildir. ADA Universitetinin hazırda 2200 tələbəsi var. Bunların 380 nəfəri məcburi köçkün və şəhid ailəsi statusludur. Tələbələrin 500 nəfəri Azərbaycanın müxtəlif bölgələrindəndir. Həmçinin dünyanın 41 ölkəsindən ADA-da tələbə təhsil alır.

 

Məşğulluq göstəricimiz məzunlar arasında 90%-dir. Məşğulluq yerləri isə “Azərkosmos”, ASAN, Azərcell, Xarici İşlər Nazirliyidir. Statistikadan kənarda qalanlar isə dünyanın digər universitetlərində ali təhsillərini davam etdirirlər. Onu da qeyd edək ki, 2 il ərzində 4,3 milyon manat tələbələrə təqaüd verilib”.

BIR CAVAB BURAXIN