Sabirabad rayonunun Əliləmbəyli kəndinin qazlaşdırılması yekunlaşıb. İşlərin tamamlanması səbəbi ilə sözügedən ünvanda kənd sakinləri ilə görüş keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri ilə yanaşı, Sabirabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kənd sakinləri də iştirak ediblər. Kəndin daşıyıcı və küçə qaz xətlərinin çəkilişi üçün uzunluğu 32 km-dək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunduğu diqqətə çatdırılıb. Bundan əlavə, kənddə şəhid və qazi ailələrinə məxsus 25 fərdi yaşayış evi mənzilin daxilinə qədər SOCAR “Azəriqaz” İB-nin daxili imkanları hesabına təbii qazla təmin edilib və sayğac quraşdırılıb. Çıxış edənlər Əliləmbəyli kəndində həyata keçirilən qazlaşdırılma işlərinin məhz vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri olduğunu qeyd ediblər. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər. Daha sonra təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb. Məşəl yandırıldıqdan sonra kənddə fərdi yaşayış evi təbii qazla təmin olunan kənd sakinlərindən birinin evinə baxış keçirilib.