Son aylarda Suriyada baş verən hadisələr və bu müstəvidə Rusiya bombardmançı təyyarələrinin Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Hələbi vəhşicəsinə bombalamaqda davam etməsi beynəlxalq aləmdə özünəməxsus şəkildə sərt reaksiyalara səbəb olmaqdadır. İş orasındadır ki, Rusiya qırıcı təyyarələrinin əsas hədəfi yalnız hərbi obyektər deyil, həm də mülki yaşayış binaları, xəstəxanalardır. Son məlumatlara görə, Rusiyanın Hələbə endirmədkdə davam etdiyi hava zərbələri nəticəsində şəhərin böyük hissəsi xarabazara çevrilib, minlərlə dinc sakin bu vəhşiliyin qurbanı olub. Rusiyanın müəyyən fasilələrdən sonra Hələbdə yenidən fəallaşması isə əslində təsadüfi deyil. Belə ki, Putin rejiminin və İranın müdafiə etdiyi Əsəd rejiminin taleyi məhz Hələbin ələ keçirilməsindən asılıdır. Eyni zamanda Hələb başda ABŞ olmaqla Əsəd əlehdarı koalisiya gücləri üçün də strateji baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Hazırda İŞİD-in nəzarəti altında olan Hələbə ABŞ və koalisiya güclərinin də nəzarət etmək istəyi isə öz növbəsində Vaşinqtonla Moskva arasında yeni gərginliyə gətirib çıxarıb. Rusiyanın son günlərdə ABŞ başda olmaqla koalisiya güclərini qabaqlamaq və Hələbə nəzarəti ələ keçirmək üçün hərbi hava güclərini yenidən fəallaşdırması Vaşinqtonu da hərəkətə keçməyə məcbur edib. Bununla bağlı ABŞ-ın siyasi dairələrinə yaxın olan “Vaşinqton Post” qəzetinin yazdığına görə, Əsəd rejimini və onun müttəfiqi Rusiya ilə İranı sülh danışıqlarına məcbur etmək üçün Obama rejimi anti iqtidar güclərinə hərbi dəstəyi artırmaq, həmçinin bölgədə hərbi əməliyyatları genişləndirmək niyyətindədir. Bu məqsədlə son bir həftədə demək olar hər gün Obamanın yanında yüksək səviyyəli hərbiçilərin iştirakı ilə Suriya ətrafındakı vəziyyətdən çıxış yolları axtarılır. Əsəd rejimini müdafiə edən güclərin cəbhədə də hücum əməliyyatlarını genişləndirməsinə cavab olaraq Obama administrasiyası Suriya iqtidarının nəzarəti altında olan hərbi strateji obyektlərə hava zərbələri endirməyi planlaşdırıb. Obama rejimi buna uyğun olaraq Əsəd əlehdarı güclərə hərbi və hərbi-texniki yadımları da artırmaq niyyətindədir. Vaşinqton iqtidar əlehdarı güclərə müasir hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri vermək niyyətində olduğunu da artıq gizlətmir.
ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır
ABŞ-la Rusiya arasında gərginliyin tədricən pik həddinə çatmaqda olduğunu Vaşinqtonun Moskva ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırması da göstərməkdədir. Belə ki, oktyabrın 4-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib ki, ABŞ Suriya məsələsində Rusiya ilə əlaqələri dayandırır.
Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. “Bu bizi çox təəssüfləndirir”,- deyə C.Kirbi bildirib.
Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri tam şəkildə kəsməyəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.
Beləliklə, Suriya münaqişəsi ətrafında ABŞ və Rusiya arasında vəziyyətin gərginləşməsi istiqamətində atılan ilk addım bölgədə hadisələrin təhlükəli istiqamətdə inkişaf edəcəyini göstərən ilk siqnal oldu. İki ölkə arasında Suriya böhranı ətrafında hadisələrin get-gedə gözlənilməz istiqamətdə inkişaf edəcəyini göstərən digər bir sübut isə oktyabrın 6-da Ağ Evin mətbuat katibi Coş Ernestin verdiyi digər bir bəyanat oldu. Coş Ernest bu bəyanatında Vaşinqton tərəfindən Suriya ordusuna zərbələr endirilə biləcəyinin istisna edilmədiyini açıq şəkildə bəyan etdi.
“Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox güman ki, milli maraqlarımıza zidd olacaq və gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”, – deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılmışdı.
Təbii ki, son 10-12 ildə yenidən dünya ağalığı uğrunda ABŞ-la mübarizəyə başlayan Moskva Vaşinqtonun bu hədələrini cavabsız qoya bilməzdi. Elə də oldu.
Oktyabrın 6-da Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişinı dayandırdığını bəyan etdi. Bununla bağlı Rusiya hökumətinin saytında yayılan məlumatda ABŞ-ın istənilən addımına layqili və yetərincə cavab veriləcəyi xüsusi vurğulanıb. Məlumatda qeyd edilirdi ki, istər Suriya böhranına, istərsə də Ukrayna münaqişəsinə münasibətdə Vaşinqtonun Rusiya əleyhinə atacağı addımlara qarşı müvafiq cavab tədbirləri hazırlanır və bunun məsuliyyəti də qarşı tərəfin üzərinə düşəcək. Öz növbəsində qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir. Qeyd edək ki, adı çəkilən saziş Rusiya və ABŞ arasında 2013-cü ildə Vyanada imzalanıb.
Yeni “Karib böhranı”nın bir addımlığında
ABŞ-a münasibətdə Rusiyanın hansı cavab addımları ata biləcəyi barədə Qərbdə diskussiyaların getdiyi bir vaxtda Rusiya prezidenti Putin Vaşinqtonu nüvə müharibəsi ilə təhdid etmək anlamına gələn ilk cavab zərbəsini hazırlamağa başlayıb. Belə ki, oktyabr ayının 8-də Putinin əmrinə əsasən, nüvə başlıqlı raketlərlə təchiz edilən qırıcı-bombardmançı Rusiya təyyarələri ABŞ-ın sərhədlərinə yaxın ərazilərə göndərilib. Hazırda Rusiya ordusuna aid olan və nüvə başlıqları ilə təchiz edilmiş təyyarələr Amerika sərhəddinə yaxın ərazilərə uçuşlar edir. Bu barədə məlumat verən “Dailystar.co.uk”’un yazdığına görə, Putin lazım gəlsə ABŞ-la müharibəyə belə girməkdən çəkinməyəcək: “İki super güc arasındakı münasibətlər son günlərdə yaşanan Suriya böhranı üzündən daha da gərilməyə başlayıb. Bundan sonra Kremlin rəhbəri Putin rus xalqına “savaşa hazırlıqlı olun!” xəbərdarlığını elədi. Eyni zamanda, o, uzun mənzilləri vurmaq gücünə sahib olan “Blackjacks” və “Bears” adlı bombardman təyyarələrini soyuq savaş dönəmində olduğu kimi, yenidən ABŞ sərhədlərinə yaxın bölgələrə göndərmək əmrini verib. Rusiya, həmçinin TU-95Ms və TU-22M3s model strateji bombardman təyyarələrini də Havay və Yaponiyadakı Guam adasında olan ABŞ hərbi bazasına yaxın ərazilərə daşımaq hazırlığını yekunlaşdırmaq üzrədir”.
“Dailystar.co.uk”’un qeyd etdiyinə görə, Rusiyanın ABŞ-ın Guamdakı hərbi bazasına qarşı daha diqqətli və həssas olmasının səbəbi də var. Belə ki, ABŞ bir neçə gün əvvəl gizli formada bu bazaya nüvə silahı daşıya bilən bombardmançı təyyarələr gətirib. Bu isə Rusiyada birmənalı qarşılanmır.
Amma son məlumatlara görə Rusiya yalnız ABŞ sahillərinə nüvə başlıqlı daşıyan bombardmançı təyyarələrini göndərməklə kifayətlənmək niyyətində deyil. Suriya və Ukrayna böhranına görə əmələ gələn vəziyyətdən narahat olan Rusiya son bir neçə gündə minlərlə əsgər və zirehli texnikasını da ölkənin Baltik dənizinin yaxınlarına cəmləşdirməkdədir. Buna paralel olaraq, qitələrarası ballistik nüvə başlıqlı raketlər isə tələm-tələsik Rusiyanın qərbindəki sərhədlərinə yerləşdirilir.
Bütün bunlar isə soyuq müharibə dövründə Kuba ətrafında ABŞ-la SSRİ arasında əmələ gələn “Karib böhranı”nı xatırladır. O vaxt SSRİ ilə ABŞ nüvə müharibəsinin bir addımlığında idilər. Yalnız son anda tərəflər qarşılıqlı şəkildə güzəştlərə gedərək nüvə müharibəsi təhlükəsinin qarşısını ala bildilər. İndi də iki ölkə arasında analoji hadisələr Suriya və Ukrayna böhranı ətrafında cərəyan etməkdədir.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Rusiya dünyanı istənilən an məhvə sürükləyə biləcək nüvə silahlarına sahibdirlər. Bu müstəvidə də SSRİ və onun varisi Rusiya dəfələrlə əlindəki nüvə silahından istifadə edərək, Qərbi təxibata çəkərək onlara təzyiq göstərməyə cəhd ediblər. Putin Rusiyada hakimiyyətə gəldikdən sonra belə təhdidlərin sayı daha da artmağa başlayıb. Hər halda Putinin atdığı son addımlar və ABŞ sahilləri ətrafına nüvə başlıqlı raketlər daşıyan qırıcı-bombardmançı təyyarələrin göndərilməsi də bəşəriyyətin gələcəyini təhdid altında qoyan təxribatçı siyasətin Moskva tərəfindən davam etdirildiyini bir daha sübut etməkdədir.
Beləliklə, Suriya və Ukrayna böhranı ətrafında əsəblərin tarıma çəkilməsi başda ABŞ olmaqla Qərblə Rusiya arasında yeni “Karib böhranı”nı yetişdirməkdədir. Bu böhrandan tərəflərin qaça bilib-bilməyəcəkləri isə yaxın gələcəkdə məlum olacaq.