ABŞ yarandığı vaxtdan demək olar ki, heç bir ölkəyə vergi verməyib. Tək bir faktı çıxmaq şərti ilə.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə kult.az-da gedən yazıda deyilir. Qeyd edilir ki, ABŞ-ın tarixində ilk dəfə yalnız Osmanlı İmperiyasına xərac verib Belə ki, 18-ci əsrin sonlarında Aralıq dənizi vasitəsilə ticarət çox qazanclı olduğundan Amerika Birləşmiş Ştatlarının gəmiləri bu bölgəyə yönəlmişdi. Həmin vaxtlar Balkanlardan tutmuş Şimali Afrikaya qədər Aralıq dənizinin sahilləri Osmanlı İmperiyası və onun vassallarının nəzarətində idi. Gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı İmperiyasına Fransa 200 min, İngiltərə isə 280 min ispan dolları xərac ödəyirdi. Amma həmin dövrdə Osmanlı İmperiyası ilə Amerika Birləşmiş Ştatları arasında hər hansı bir müqavilə olmadığından türk gəmiləri qarşılarına çıxan bütün Amerika gəmilərini ələ keçirirdi.
25 iyun 1785-ci ildə Birləşmiş Ştatlar bayrağı altında üzən Boston limanına aid məşhur İsak Stivensin kapitanı olduğu “Mariya” gəmisi Əlcəzair sahillərində Osmanlı donanması tərəfindən ələ keçirilir. Bu proses uzun müddət davam edir. Osmanlı İmperiyasının vassalı olan Əlcəzair hakimi Qazi Həsən Paşa təkcə 1793-cü il oktyabr və noyabr aylarında 11 amerikan gəmisini əsir götürür.
Amerika Birləşmiş Ştatları üçün əməlli-başlı problemə çevrilən bu vəziyyətdən çıxış yolu kimi Konqres Prezident Corc Vaşinqtona 700 min qızıl xərcləməklə hərbi donanma qurmağa səlahiyyət verir. Lakin qurulan donanmanın ard-arda Aralıq dənizində Qazi Həsən Paşa tərəfindən məğlubiyyətə uğradılması Amerika hakimiyyətini də Fransa və İngiltərə kimi Osmanlı İmperiyasına xərac verməyə məcbur edir.
5 sentyabr 1795-ci ildə Osmanlı İmperiyası (Əlcəzair hakimi Qazi Həsən Paşa) ilə Amerika Birləşmiş Ştatları (admiral Cozef Donaldson) arasında 22 maddədən ibarət olan “Tripoli” razılaşması imzalanır.
Müqavilənin şərtlərinə görə, ABŞ gəmilərdə ələ keçirilən vətəndaşlarının azadlığa buraxılması üçün Osmanlı İmperiyasına 642 min 500 dollar məbləğində xərac ödəməyə məcbur olur. Bundan başqa Birləşmiş Ştatlar gəmilərinin Aralıq dənizində təhlükəsiz şəkildə üzə bilməsi üçün hər il Osmanlı İmperiyasına 21 min 600 dollar vergi verməyi üzərinə götürür.
7 mart 1796-cı ildə Konqresdə təsdiqlənən anlaşma 1824-cü ilə qədər qüvvədə qalıb və Amerika Birləşmiş Ştatları düz 28 il Osmanlı imperiyasına vergi ödəyib.
Qeyd edək ki, “Tripoli” müqaviləsi Amerika Birləşmiş Ştatları tarixində xarici dövlətə vergi ödəməyi qəbul etdiyi tək müqavilədir.