ABŞ-da çıxan “Amerikan Thinker” analitik jurnalında Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında hadisələrin təhlilində ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin “Bakı İslamın öz gələcəyi ilə qarşılaşdığı məkandır” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə ölkəmizdə dövlətçiliyin möhkəmliyindən, ənənəvi dəyərlərin vəhdətindən, müasir Azərbaycan cəmiyyətinin xarakterindən danışılır.
Axar.az xəbər verir ki, müəllif yazır: “Paytaxt Bakının lap qədimlərdən atəşpərəstlərin sitayiş yeri kimi tanınmasına, Azərbaycanın isə enerji resursları ilə zəngin olmasına baxmayaraq, bu ölkənin heç də az əhəmiyyət kəsb etməyən və bütün dünyanın da bilməli olduğu digər cəhətləri var. Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan ən dəyərli cəhətini – müsəlmanların, yəhudilərin, katoliklərin və başqalarının həmrəylik şəraitində yanaşı yaşadığı dünyəvi və müasir müsəlman dövləti modelinin necə olduğunu bütün dünyaya nümayiş etdirdi”.
C.Emler vurğulayır ki, Bakı küçələrində gəzişərkən həm dini, həm də müasir geyimli adamları görmək olar. Bu da modanın paytaxtları sayılan Nyu Yorku və Parisi xatırladır.
Cəmiyyətdəki tolerantlıqdan danışan ekspert yazır ki, Azərbaycanda yəhudi icmalarının liderləri yəhudilərə Parisdə etdikləri kimi milli paltar geyinməkdən çəkinməyi məsləhət görmürlər. “Azərbaycan hansı yollasa plüralizmi elə vasitələrlə reallığa çevirməyə nail olub ki, ənənəvi Qərb ölkələri bunu yalnız xəyal edə bilərlər”,- deyə müəllif əlavə edir.
C.Emler fikrini belə yekunlaşdırır: “Bəlkə də Azərbaycanı xəritədə dərhal tapmaq asan deyil, lakin o, şəksiz olaraq dünyada öz izini qoyur”.