ABŞ-ın nüfuzlu nəşri Rusiyanı “Şər imperiyası” adlandırdı

0
668

ABŞ-ın aparıcı nəşrlərindən biri olan “USA Today” qəzeti Rusiyanı yeni “Şər imperiyası” adlandırıb.

Nəşr Rusiyanı bu ada Gürcüstana və Ukraynaya münasibətdə aqressiv hərəkətlərinə, Suriyaya hərbi müdaxiləyə və ABŞ-dakı 2016-cı il seçkilərinə ehtimal edilən müdaxiləsinə görə layiq görüb.

“Rusiya təzə “Şər imperiyası”dır” başlıqlı məqalədə nəşr xatırladır ki, 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqını “şər imperiyası” adlandıraraq, SSRİ-dən qaynaqlanan qlobal təhlükənin güclənəcəyi və təhlükəyə qarşı durmağın zəruriliyi barədə xəbərdarlıq edib.

“Tarix təkrarlanır. Rusiya – 1991-ci ildə birdəfəlik çökən kommunist rejiminin bu gün solğun versiyasıdır. Ancaq bu çöküşdən məmnun olmadığını gizlətməyən Rusiya prezidenti Vladimir Putin keçmiş şan-şöhrətin bir hissəsini qaytarmağa çalışır. Putinin Rusiyanı yenidən böyük dövlət eləmək strategiyası – beynəlxalq xaosun mənbəyidir” – “USA Today” qeyd edir.

Sübut kimi qəzet Rusiyanın 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya müdaxiləsini, Krımın qanunsuz ilhaqını, Suriyada hərbi əməliyyatları göstərir – “hansı Suriyada ki, Putin Bəşər Əsəd rejiminin dayaqlarını möhkəmlətdi və şər işlər çevirdi”.

Qəzet həmçinin oxuculara xatırladır: “ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və Milli Təhlükəsizlik Agentliyi bu qənaətə gəlib ki, Putin 2016-cı ildə ABŞ-da prezident seçkilərini pozmaq və Amerika demokratik prosesinə etimadı sarsıtmaq üçün təbliğati və kibernetik hücumlar həyata keçirmək üçün göstəriş verib. “Rusiyanın başqa aqressiv hərəkətlərinə Əfqanıstandakı “Taliban”a silah, Şimali Koreyaya isə, neft satılması da daxildir” – deyə məqalədə bildirilir.

Image result for MKİ-nin

Sonda nəşr Reyqanın hələ 35 il öncə SSRİ haqda söylədiklərinin indi də Rusiyaya münasibətdə aktual olmasına xüsusi diqqət yönəldib.

Qeyd edək ki, bundan az öncə – ötən il sonu ABŞ-ın açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya, İran və Şimali Koreya Amerikanın təhlükəsizliyinə ən böyük təhdid və faktiki, “Şər üçbucağı” elan edilib. Bundan əlavə, 2018-ci ilin yanvarından Vaşinqtonun Moskvaya qarşı iqtisadi-maliyyə sanksiyalarının daha da sərtləşəcəyi gözlənilir.

Rusiya rəsmiləri cəmiyyəti sakitləşdirmək üçün guya bu sanksiyaların effektli olmayacağını bəyan eləsələr də, müstəqil ekspertlər tam fərqli qənaətdədirlər. Onların fikrincə, sanksiyalar gec-tez ölkənin iqtisadi inkişafı yolunda ciddi problemlər yaradacaq, Putin rejiminin daxili dayaqlarını laxladacaq. 

rusiya 1.jpg (69 KB)

Maraqlıdır ki, ABŞ Milli Təhlükəsizlik Strategiyası Rusiya, İran və Şimalı Koreyanı əsas hədəflər elan etdikdən az sonra qonşu İranda daxili kütləvi etirazlar, siyasi təlatümlər baş qaldırıb. Artıq onlarla ölən var.

Siyasi müşahidəçilər Rusiyada da analoji kataklizmləri istisna eləmirlər. Hər halda İran rəhbərliyi kimi Rusiya rəhbərliyi də əhalinin dolanışının çətin olmasına rəğmən, xaricdə, Suriyada Bəşər Əsəd rejimin saxlanması üçün bahalı əməliyyatlar həyata keçirib və keçirməkdədir. Moskva üstəlik, xarici siyasətə aqressiv tonu saxlayır.

Nəzərə alanda ki, İran və Rusiya Azərbaycanın iki böyük qonşusudur, o zaman Bakının qarşıdakı dönəmdə daha ölçülü-biçili siyasət yürütmək zorunda qala biləcəyini söyləmək olar.

Musavat.com

BIR CAVAB BURAXIN