“ABŞ-da Trampa münasibət…” – Qubad İbadoğlunun TƏƏSSÜRATI

0
649

“Amerikalıların Trampa münasibətində ciddi dəyişikliklər baş verməyib. Trampın ən böyük tənqidçisi CNN telekanalıdır və yenə də bu istiqamətdə öz informasiya imkanından istifadə edərək cəmiyyətdə prezidentin əleyhinə fikrin formalaşmasına təsir göstərməkdədir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Vaşinqtondan səfərdən qayıdan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib.

Bir neçə günlük səfəri çərçivəsində müşahidələrini bölüşən Qubad İbadoğlunun fikrincə, qısa müddətdə cəmiyyətin Trampa olan münasibətini dəyişmək qədər də asan olmayacaq: “Əleyhdarlar öz mübarizəsini davam etdirirlər, tərəfdarlar da çalışırlar ki, Trampı başa düşsünlər və onun siyasətini dəstəkləsinlər. Amma hələ nəticələrə qiymət vermək üçün lazım olan qədər də vaxt keçməyib. Hətta Trampın prezidentliyinin 100 günü tamam olmayıb. Bu tarix keçəndən sonra dəyərləndirmələr və qiymətləndirmələr təqdim olunacaq”.

Ekspertin sözlərinə görə, ABŞ-ın dövlət siyasətində əvvəlki xarici siyasət kursu və prioritetlər qüvvəsində qalır: “Birləşmiş Ştatlar xüsusilə Şimali Koreya, Rusiya, Suriya, İran kimi ölkələrə münasibətdə daha ardıcıl siyasət həyata keçirmək niyyətindədir. Onu müşahidə elədim ki, Tramp heç də seçki platformasında qoyduğu məsələlərin hamısını prezidentliyi dönəmində ABŞ-ın xarici siyasətinə gətirməyib. Trampın seçki dövründə Rusiya ilə münasibəti ilə indiki münasibət arasında kifayət qədər fərqlər var. Hətta anti-rus mövqedə dayanan və Trampın tənqidçiləri olan şəxslər təhlükəsizlik üzrə Milli Şurada vəzifə alıblar. Bu, o deməkdir ki, onlar bu istiqamətdə əvvəldən qalmış fəaliyyəti davam etdirəcəklər. Təbii ki, daxili məsələlərdə bir az fərqlilik var. Tramp çalışır ki, xüsusilə iqtisadi sahədə daha çox mühafizəkarlığa getsin və ABŞ iqtisadiyyatında yeni dövr üçün yeni tələblər qoysun. Xarici siyasət məsələlərində ciddi dəyişiklik yoxdur, Şimali Koreyaya olan münasibət həm də bir növ dünyadakı diktatorlara olan münasibətin təcəssümüdür. O baxımdan dərin dövlət məsələsi burada özünü təsdiq edir”.

Qubad İbadoğlu əlavə edib ki, Donald Tramp seçki platformasında irəli sürdüyü bir sıra vədlərindən də geri çəkilib mövcud gerçəkliklə razılaşan siyasəti irəli aparmaq niyyətindədir: “Bunu onun təyinatlarından görmək olur. Təbii ki, ABŞ cəmiyyəti müxtəlifliyi sevir və mövqelər də fərqlidir. Cəmiyyətdə Trampın əleyhdarları hələ də qalır, onlar indiyədək müəyyən etiraz aksiyaları keçirirlər. Diqqət təkcə xarici siyasət məsələlərinə yönəlməyib, həm də Trampın elm, səhiyyə ilə əlaqədar olan qərarları da müəyyən mübahisələr doğurur. Buna ABŞ cəmiyyəti adekvat münasibət göstərir. Sadə Amerika cəmiyyəti hesab edir ki, yalnız bir prezident bütövlükdə Amerika siyasətini dəyişmək gücündə deyil. Çünki Amerika daxilində həm Nümayəndələr Palatası, həm də Konqresdə bu məsələlər çox ciddi şəkildə müzakirə olunur və qərarlar da o müzakirələrdən sonra verilir”.

Qubad İbadoğlu Vaşinqtona səfəri zamanı Dövlət Departamentində, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birgə təşkil etdiyi illik toplantıda iştirak etdiyini və bir sıra müzakirələr apardığını vurğulayıb.

Nərgiz

BIR CAVAB BURAXIN