Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu

0
507

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.

Arazinfo.com-a İnstitutdan verilən məlumata görə, görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: “Azərbaycan ilə Küveyt dost və qardaş ölkələrdir. Bu günlərdə Küveytdə olduq və orada institutun ərəb dilindəki nəşrlərinin təqdimatını keçirdik”.

Yaqub Mahmudov Azərbaycan həqiqətlərindən danışaraq deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır: “Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır”.

Tədbirdə bildirilib ki, bu gün elmi müəssisənin nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Abdullah Mətuq Əl-Mətuq bildirib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edir: “Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüşəm. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq əlaqələrim var. Hazırda Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edirəm”.

İclasda çıxış edən tarixçi alimlərimiz Abdullah Mətuq Əl-Mətuqa Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda müdafiə etdiyinə görə təşəkkür ediblər.