“2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov hoqqabazlıq edərək, ”Milyarderlər ittifaqı” deyilən bir qurum yaratdı, müəyyən insanları ora cəlb etdi. Rüstəm İbrahimbəyovu də tovlayaraq, bu prosesə cəlb etmişdi. Amma Abbas Abbasov fiaskoya uğradı. Bu başqa cür də ola bilməzdi”.
Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında deyib. O, bildirib ki, Abbas Abbasov bunlardan nəticə çıxarmayıb: “Mənə elə gəlir ki, Azərbaycan dövləti o, vəzifədən uzaqlaşdırıldığı vaxt konkret addımlarını atmalı idi. Onun əməllərinə hüquqi qiymət verilməli idi ki, ikinci belə bir biabırçı hadisə baş verməyəydi. Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz”.
F.Ağamalı sabiq məmurun barəsindəki iddialarla bağlı susqunluğuna da toxundu: “Yadınıza gəlirsə, bundan öncə bu və ya buna bənzər digər ittihamlar Abbas Abbasovun ünvanına səsləndiriləndə o, bunları təkzib edir, özünün dövlətə sədaqətini ifadə edirdi. Lakin altdan-altdan öz işlərini də görürdü. Hər halda, indi onun reaksiya verib-verməməsindən asılı olmayaraq, onunla bağlı faktlar dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Hüquqi müstəvidə bu məsələlər çözülməlidir. Onun etdiyi hər bir əməlin cavabı verilməlidir. Tamamilə əminəm ki, Vidadilərin, Orduxanların və onlar kimi tərbiyəsiz insanların arxasında kimlərsə dayanıbdır. Onlar maliyyələşdirilir, ayrı-ayrı faktlarla ”silahlandırılır”. Bu böyük bir şəbəkədir, bu şəbəkənin dibinə qədər gedib, onu son nöqtəsinə qədər üzə çıxarıb, sərt mövqe ortaya qoyulmalıdır. Bu cür yaramazların qarşısı alınmasa, düşünürəm ki, bizə heç bir hörmət gətirməyəcək. Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Bununla bağlı bizlər Cinayət Məcəlləsinə dəyişikliklər də etmişik. Bu hüquqlardan tam şəkildə istifadə edilməlidir. Söyüş söyənlər və onların arxasında duranların hamısı qanunlar qarşısında cavab verməlidirlər”.
Deputat A.Abbasovun ölkəyə gətirilməsinin tam mümkün olmasından da söz açıb: “Abbas Abbasov Azərbaycan qanunlarını pozursa, bu cür təxribatlarla məşğul olursa, Rusiya da özünə hörmət edən hüquqi dövlətdirsə, onu Azərbaycana təhvil verməlidir. Bunun başqa bir alternativini görmürəm. Bugünkü Rusiya üçün Abbas Abbasov o qədər də ciddi fiqur deyil. Onun Azərbaycana gətirilməsində hər hansı bir problem görmürəm”.Qafqazinfo