“Rabitə işi”ndə daha bir mənimsəmə faktı – 1,5 milyondan artıq yeyinti

0
620

11

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək rütbəli məmurları barəsində cinayət işləri ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində daha bir külli miqdarda yeyinti faktlarına yol verildiyi aşkar olunub.
Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işinin materiallarında qeyd olunur.

İstintaq araşdırması zamanı 1.550.000 manat məbləğində vəsaitin mənimsənilməsi faktlarla sübuta yetirilib.

Cinayət işi ilə bağlı ibtidai istintaqa “Optik Tikinti və Montaj” MMC-nin təsisçisi Məmmədov Rəşad Yaqub oğlu şahid qismində ifadə verib. “Optik Tikinti və Montaj” MMC 2014-cü ilin yayında təsis edilib. Qeyd edək ki, RYTN-in nəzdindəki “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin həbsdə olan sabiq direktoru Namazalı Məmmədov R.Məmmədovun dayısıdır. R.Məmmədov bildirib ki, təsisçisi olduğu MMC-nin fəaliyyəti optik kabel quyularının tikintisi, optik kabelin çəkilişi və montajından ibarət olub. N.Məmmədovun dəstəyi ilə “Optik Tikinti və Montaj” MMC Kürdəmir Telefon Kommunikasiya Qovşağında (TKQ) elan olunmuş kotirovkada iştirak edərək qalib elan olunub. R.Məmmədov kotirovka təkliflərini və digər sənədləşmələri köməkçisi İslam Qurbanovla birlikdə hazırlayıb. İ.Qurbanov isə R.Məmmədovun dayısı N.Məmmədovun şirkətində baş mühəndis vəzifəsində çalışıb.

R.Məmmədovun təsis etdiyi “Optik Tikinti və Montaj” MMC Kürdəmir rayonunun mərkəzində “TPP” markalı magistral kabellərin bərpası, 69-cu yaşayış məntəqəsində, hərbi şəhərcikdə, Çöhranlı kəndində və Karrar qəsəbəsində qaçqınlar yaşayan ərazidə daxili xətt şəbəkəsinin tikintisi işləri ilə məşğul olub. Bu işlərə görə 2015-ci ildə “Aztelekom” MMC-dən Kürdəmir TKQ-nin vasitəsilə “Optik Tikinti və Montaj” MMC-nin hesabına 1.730.000 manat vəsait köçürülüb. “Rabitəbank” ASC-nin Səbail filialında olan MMC-nin hesabından görüləcək işlər üçün lazım olan vəsait nağd qaydada çıxarılıb.

Bundan başqa, “Optik Tikinti və Montaj” MMC 2015-ci ilin iyun ayında Biləsuvar TKQ tərəfindən elan olunan kotirovkada da iştirak edərək qalib gəlib. Biləsuvar TKQ-də olan layihənin dəyəri 1.550.000 manat nəzərdə tutulub. “Optik Tikinti və Montaj” MMC tərəfindən Biləsuvar rayonunun mərkəzində optik və TPP markalı kabel çəkilişləri icra edilsə də, layihədə bu işlərin görülməsi üçün nəzərdə tutulmuş vəsaiti MMC rəhbərliyi R.Məmmədov ala bilməyib. “Optik Tikinti və Montaj” MMC-nin Kürdəmir rayonunda nəzərdə tutulmuş işlər üçün aldığı vəsait hesabına Biləsuvar rayonunda tenderlə udulan işlər də qurum tərəfindən icra edilib. 2015-ci ildə “Aztelekom” MMC-dən Kürdəmir TKQ-nin vasitəsilə “Optik Tikinti və Montaj” MMC-nin hesabına köçürülmüş 1.730.000 manat vəsaitdən ƏDV, DSMF-yə və digər cari xərclər ödənildikdən sonra qalan hissə nağdlaşdırılıb. Bu vəsait hesabına isə həm Kürdəmir, həm də Biləsuvar rayonlarında kabelləşmə işləri “Optik Tikinti və Montaj” MMC tərəfindən icra edilib.

Biləsuvar rayonunda icrası nəzərdə tutulmuş işlərin görülməsinə sərf olunacaq nə az, nə çox – 1.550.000 manat vəsait isə mənimsənilib.

Azpolitika.info

BIR CAVAB BURAXIN