Çexiyada da ‘dövlət başçısının şərəf və ləyaqəti’ müzakirə olunur

0
667

11

Çexiyada prezidenti təhqir etməyə görə bir illik həbs cəzası kəsilə bilər. Belə bir təşəbbüslə ölkə parlamentinin 60-a qədər deputatı çıxış edib.

Qanun layihəsində “dövlət başçısını ictimai şəkildə təhqir etməyə” görə cərimələr, əmlakın qismən müsadirəsi və maksimal sanksiya kimi həbs cəzası nəzərdə tutulur.

“PREZİDENTİ QORUMAQ LAZIMDIR”

Qanun layihəsində iddia olunur ki, “respublika prezidentini ictimai şəkildə təhqir edən şəxs prezidentlik institutunun ləyaqətini şübhə altına alır”. Bu qeyri-adi sənədin təşəbbüskarları arasında həm hakimiyyət, həm də müxalif partiyaların təmsilçiləri var. Bu, hakim koalisiyada təmsil olunan üç partiyadan ikisi – sosial-demokratlar və populist ANO hərəkatı, habelə müxalif kommunistlər və “Usvit” (“Sübh”) hərəkatından olan millətçilərdir.

Qanun layihəsinin hazırlanmasına qatılan sosial-demokrat deputat, keçmiş ədliyyə naziri Mariya Beneshova hesab edir ki, “indi qəddar zəmanədir, prezidenti qorumaq lazımdır”.

“Adi şeylərdən niyə qorxmalıyıq? Hakimlərin şərəfi də belə qorunur. Hakim sizi 2 saat dəhlizdə gözlədə bilər. Siz onu söysəniz, o, məhkəməyə hörmətsizliyə görə sizə cərimə yazacaq. İnsanlar prezidenti kobud təhqir edirlər. Bu yolverilməzdir. Hansı söz azadlığının məhdudlaşdırılmasından söhbət gedir? Hökmləri məhkəmələr çıxaracaq, presedentlər yaranacaq. Beləliklə də hakimlər tənqidlə təhqiri ayırd edə biləcəklər”, – deyə o əlavə edib.

İNSANLARIN AZAD DANIŞDIĞI ÖLKƏ

Ancaq Mariya Beneshova-nın partiyadaşı, parlamentdəki sosial-demokratlar klubunun rəhbəri Roman Sklenak onunla razılaşmır. “Mən bundan sonra da insanların azad danışa bildiyi ölkədə yaşamaq istərdim. O cümlədən də prezident haqqında…” – deyə o, “Twitter”də yazı

Hazırkı prezidentin özü bəyənmədiyi adamlar barədə çox kobud ifadələr işlətməsi ilə məşhurdur. İl yarım öncə, hələ baş nazir olanda Milos Zeman xoşuna gəlməyən jurnalistləri “tör-töküntü” və “peyin” adlandırmışdı. Prezidentlik dövründə isə o, “Pussy Riot” qrupunun və öz siyasi rəqiblərinin ünvanına kobud sözlər işlədib.

Hələlik, prezident və onun təmsilçiləri yeni qanun layihəsi ilə bağlı fikir bildirməyiblər. Ancaq bu təşəbbüsün əleyhdarları onun ortaya çıxmasını antiliberal çevrələrdə ABŞ-da Donald Trump-ın qələbəsindən qaynaqlanan bayram əhval-ruhiyyəsi ilə əlaqələndirirlər. Yeri gəlmişkən, Milos Zeman Avropada Trump-a rəğbət bəsləyən az sayda siyasətçidən biri idi.

 

POPULİST ƏHVAL

Çexiyanın “Pravo” qəzetinin icmalçısı Aleksandr Mitrofanov AzadlıqRadiosu-na müsahibəsində dünyada artan populist əhvalın Çexiyadakı duruma təsirindən danışıb.

Donald Trump-ın prezident seçilməsi Avropadakı antiliberal qüvvələri canlandırıb.

Donald Trampın prezident seçilməsi Avropadakı antiliberal qüvvələri canlandırıb.

O da Trump-ın seçilməsinin Çexiyadakı daxili siyasi vəziyyətə təsir etdiyi qənaətindədir. İcmalçı hesab edir ki, sözügedən qanun layihəsi bilavasitə söz azadlığına hücumdur.

“Bu qanun layihəsinin tərəfdarları, bir qayda olaraq, ictimai inkişafın digər, qeyri-demokratik konsepsiyaları ilə bağlıdırlar. Onun təşəbbüskarları arasında kommunist partiyasının bütün parlament klubu, onun ən ortodoksal hissəsi, stalinçilər də var. Onlar kommunist keçmişinə hamıdan çox bağlıdırlar və öz baxışlarını heç vaxt dəyişməyiblər. Bundan başqa, orada sosial-demokratların da bir hissəsi var. Onlar avtoritarizmə münasibətdə kommunistlərə bənzər mövqe tuturlar. Millətçilərə gəlincə isə, onlarda başçı həmişə öndədir. ANO hərəkatının üzvləri isə başçıya, yaxud “şefə” başqa səbəbdən hörmət edirlər. ANO-ya milyarder və oliqarx Andrei Babish rəhbərlik edir. Onlar da başçının qorunması tərəfdarıdırlar, çünki bir gün onların da şefləri respublikanın prezidenti olmaq istəyə bilər”, – Mitrofanov deyir.

“Sağçı müxalifət artıq bu qanun layihəsinə qarşı çıxıb. Ancaq o, xeyli zəifdir, təkbaşına heç bir şey edə bilmir. Düşünürəm ki, çox şey əsas hakim partiyadan – sosial-demokratlardan asılı olacaq…” – o, qanunun qəbul olunub-olunmayacağı barədə suala cavabında deyib.

PUTİN TƏRƏFDARLARI

Mitrofanovun sözlərinə görə, qanun layihəsində nəyin təhqir hesab ediləcəyi konkretləşdirilməyib və belə görünür ki, konkretləşdirilməyəcək də. “Çünki belə daha rahatdır: kimə nəyi istəsələr, “yapışdıra” biləcəklər”, – deyə o bildirib.

Mitrofanov xatırlayır ki, bu ilin martında Rusiya Dövlət Dumasında deputat Khudyakov da eyni məzmunlu təşəbbüslə çıxış edib. “Çex qanun layihəsinin müəllifləri arasında Rusiya prezidenti Vladimir Putin-in çoxsaylı qızğın tərəfdarının mövcudluğunu nəzərə alsaq, müəyyən nəticələr çıxarmaq olar”, – deyə Çexiyanın “Pravo” qəzetinin icmalçısı Aleksandr Mitrofanov bildirir.

Siyasi tarixin biliciləri deyirlər ki, iki dünya müharibəsi arasındakı dövrdə Çexoslovakiyada təklif edilən qanunun analoqu mövcud olub. 1923-cü ildən prezidenti təhqir etməyə görə 6 ay həbs cəzası vardı. Hətta bir dəfə bir tibb bacısını prezident Masarykın büstünün altındakı gül dəstəsini götürərək “layiq deyil” deməsinə görə cəzalandırılması əhvalatı məşhurdur. Kommunist dönəmində isə təkcə prezidentin yox, respublikanın digər institutlarının da təhqir olunması cinayət sayılırdı.

Azadliq.org

BIR CAVAB BURAXIN