ABŞ Trampı, yoxsa Klintonu seçəcək?

0
601

Noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə prezident kürsüsü uğrunda Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və Demokratlar Partiyasının namizədi xanım Hillari Klinton mübarizə aparacaqlar. Qeyd edək ki, hər iki namizədin seçkiqabağı mübarizəsi olduqca gərgin keçib. Təbii ki, dünyanın hər yerində olduğu kimi ABŞ-da da prezidentliyə namizədlər bir-birilərini müxtəlif qanun pozuntularında ittiham ediblər. Bu zaman hər iki tərəf namizədlərin tərcümeyi-halındakı belə demək mümkünsə qara ləkə kimi xatırlanan faktları xatırladaraq qarşı tərəfin nüfuzuna zərbə vurmağa çalışıblar. Xüsusi ilə qeyri-emosional danışıqları və ittihamları ilə diqqəti cəlb edən və ABŞ-ın “Jirinovskisi” adlandırılan Donald Tramp nəinki digər namizədi təhqir etməkdən çəkinməyib, həm də müsəlmanlara qarşı şovinist, irqçi çıxışları ilə yadda qalıb. Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağı və hətta onları Amerikadan qovacağı ilə hədələyib. Buna paralel olaraq Tramp ölkəni hazırda idarə edən Obamanın da bostanına daş ataraq onu qətiyyətsiz və iradəsiz adam adlandırıb. Tramp xüsusi ilə xanım Klintona münasibətdə bəzən etika qaydalarını pozaraq onu təhqir etməkdən belə çəkinməyib. Təbii ki, bütün bunlar da Trampın simasında psixi cəhətdən anormal şəxs imicinin formalaşmasına yol açıb. Düzdür, radikal, anti-İslam mövqeyindən çıxış edərək onlara münasibətdə sərt radikal addımlar atacağını bəyan edən Tramp ABŞ-dakı ultra millətçilərin dəstəyini ala bilib. Lakin bu səslərlə Tramp çətin ki, seçkilərdə qalib gələ bilsin. Buna paralel olaraq Trampın ultra radikal mövqedən çıxışı onun tərcümeyi-halına diqqətin cəlb edilməsinə yol açıb. Məlum olub ki, Tram qadın düşkünüdür və hətta Moskvada olarkən də o, qadınlara münasibətdə qeyri-etik davranışları ilə yadda qalıb. Təsadüfi deyil ki, məhz Obama Trampı qadın düşkünü adlandıraraq onun sevgi macəralarından bəzi ölkələrin xüsusi xidmət orqanlarının istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. Obama: “Tramp prezident seçilsə, bu, ABŞ üçün fəlakət olacaq”, – deyib.

Obamanın bu şübhələri də əsassız deyil. Tramp dəfələrlə ruslara münasibətdə yumşaq mövqe nümayiş etdirərək ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə təhlükə doğuracaq açıqlamalar verib. Bu isə onun xüsusi xidmət orqanlarının “yemi” ola bilməsi barədəki şübhələri daha da artırıb. Trampın nümayiş etdirdiyi anti-İslam mövqeyi Amerikada yaşayan müsəlmanlar arasında da yaxşı qarşılanmayıb. Trampın hədələrinə cavab olaraq ABŞ müsəlmanları vahid seçki platformasında birləşərək qarşıdan gələn seçkilərdə öz səslərini Klintona verəcəklərini bəyan ediblər. Xatırladaq ki, ABŞ-da yaşayan 3 milyon müsəlmandan 1,5 milyonu səsvermə hüququna malikdir. Beləliklə, Trampın anti-müsəlman çıxışları onun 1,5 milyon səs itirməsinə yol açıb. Tramp dünyanın müxtəlif bölgələrində baş verən hadisələrə, o cümlədən ABŞ-a ən yaxın müttəfiq ölkələrə münasibətdə belə populist və radikal fikirlər səsləndirməkdən çəkinməyib. Bu isə ABŞ-a yaxın ölkələrdə əsəbilik və narazılıqlarla qarşılanıb.

Trampın prezident seçilməsinin ABŞ üçün xoşagəlməz nəticələr doğura biləcəyi barədə şübhələri də buraya əlavə edəndə çətin ki, ölkənin təhlükəsizliyinə cavabdeh şəxslər onun dövləti idarə etməsinə imkan versinlər. Hər halda unutmaq olmaz ki, ABŞ-da seçkilər heç də tam demokratik şəkildə keçirilmir və orada da saxtakarlıqlara əl atılır. Məsələn, 2000-ci ildə Buş prezident seçilərkən seçki saxtakarlıqları qeydə alımışdı və nəticədə bu, səslərin təkrar sayılmasına gətirib çıxarmışdı. Amma hansısa əl yenidən səslərin sayılması zamanı Buşun cüzi səs fərqi ilə qalib gəlməsinə şərait yaratmışdı. Bu baxımdan seçkiqabağı ərəfədə xanım Klintondan cüzi səslə geri qalan Trampın prezident seçiləcəyi ehtimalı az görünür. Lakin ABŞ elə bir ölkədir ki, burada gözlənilməz nəticələr həmişə qeydə alınır. Bunu 2008-ci ildə ölkədə heç də ciddi siyasi nüfuzu olmayan Barak Obamanın gözlənilmədən prezident kürsüsündə oturdulması da sübut edir. O vaxt ABŞ-ın daxilində pərdə arxasından ölkəni idarə edən güclərin əlilə Obamanın prezident seçildiyi iddia edilirdi… Pərdəarxası güclər isə həmişə ABŞ tarixində önəmli rol oynayıblar və oynamaqda davam edirlər.

Hillari Klintonun prezident seçilməsi ehtimalı yüksək olsa da…

Demokratlar Partiyasının namizədi xanım Hillari Klintonun seçkiqabağı mübarizəsi belə demək mümkünsə daha təmkinli şəkildə keçib. O, çıxışlarında ABŞ-ın milli maraqları mövqeyindən çıxış edərək populist açıqlamalar verməkdən çəkinib. Lakin xanım Klintonun da tərcümeyi-halında ölkənin təhlükəsizliyi ilə bağlı şübhə doğuran məqamlar qeydə alınıb. Xüsusi ilə onun internet yazışmaları ölkənin təhlükəsizliyinə cavab verən xüsusi xidmət orqanlarını hərəkətə gətirib. Hətta bununla bağlı araşdırmalara belə başlanılıb. Lakin seçki ərəfəsində Klintonun üstündən bu ittihamlar götürülüb. Bunu isə ABŞ prezidentliyinə namizədin imicinə kölgə salacaq ittihamların Amerikanın maraqlarına və dövlət imicinə zərbə vura biləcəyi təhlükəsi ilə əlaqələndirirlər. Xanım Klintonun seçkiqabağı çıxışlardan birində özündən asılı olmadan əsəbi hərəkətə baş vurması və sonra gülümsəməsi də onun simasında psixi baxımdan sağlam olmayan namizəd imicinin yaranmasına gətirib çıxarıb. Amma bütün hallarda indiki vəziyyətdə xanım Klinton Trampla müqayisədə ABŞ-da daha normal prezidentliyə namizəd hesab edilir. Bir sözlə, ABŞ-ın siyasi həyatına gözlənilmədən böyük sürətlə daxil olan və qalmaqallı açıqlamaları ilə nəinki amerikalıların, həm də xarici ölkələrin diqqətini özünə cəlb edən Donald Trampla müqayisədə xanım Klintonun Prezident zirvəsinə yürüşü 30 ilə yaxındır ki, davam edir. 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Obama administrasiyasında Dövlət katibi vəzifəsinə təyin edilən Hillari Klinton bununla da ölkənin idarə edilməsi sahəsində daha bir zəngin təcrübə qazanmış oldu.

Yeri gəlmişkən onu da deyək ki, Hillari Klinton Yel Universitetini bitirib və ixtisasca hüquqşünasdır. 1975-ci ildə Bill Klintonla ailə həyatı quran Hillari əvvəlcə ərinin soyadını götürməyərək bir müddət qızlıq soyadını (Rodem) daşıdı. 1980-ci ildə Bill Klinton ikinci müddətə Arkanzas ştatının qubernatoru seçilə bilmədi. Bu uğursuzluq xanım Klintona ağır təsir bağışladı və o ərinin soyadını qəbul edərək ona siyasi mübarizəsində kömək etməyə başladı. Ərinin seçicilərinin rəğbətini qazanmaq üçün xanım Klinton cənubluların zövqünə uyğun olaraq geyinməyə, onların adət-ənənələrinə hörmət etməyə, onlarla sıx ünsiyyət qurmağa girişdi. Nəticədə, yerli əhali ilə qısa müddətdə dil tapmağa nail olan Hillari 1982-ci ildə ərinin yenidən Arkanzas ştatının qubernatoru seçilməsində böyük rol oynadı. Ümumiyyətlə isə Bill Klinton prezident kürsüsündə oturana kimi 5 dəfə adı çəkilən ştatın qubernatoru seçildi. Arkanzasda Hillarinin böyük nüfuza sahib olduğunu 2008-ci ildə keçirilən seçkilər də bir daha təsdiq etdi. Belə ki, Obama ilə müqayisədə Arkanzasdakı praymerizdə Hillari səslərin 70 faizini aldı. Obama isə adı çəkilən ştatda 27 faizlik səslə kifayətlənməli oldu. Bir sözlə, məhz Arkanzas ştatı xanım Klintonun üzünə prezident kürsüsü zirvəsinə gedən yolun qapılarını açmış oldu. Həmin vaxt artıq 18 milyon seçici Hillariyə səs vermiş, onu prezident kürsüsündə görmək istədiklərini bəyan etmişdilər. Hillarinin əzmkar mübarizəsini yüksək qiymətləndirən Obama isə prezident seçildikdən sonra onu Dövlət katibi vəzifəsinə təyin etdi. Obamanın ikinci dəfə prezident seçilməsində də onun Hillari tərəfindən açıq şəkildə dəstəklənməsi önəmli rol oynadı. ABŞ Konstitusiyasının Obamanın üçüncü müddətə prezident seçilməsinə yol verməməsi qarşıdan gələn növbəti prezident seçkilərində Hillari Klintonun Demokratlar Partiyasının əsas namizədi olmasına yol açdı. Xanım Klinton prezident kürsüsü uğrunda mübarizədə Donald Trampla gərgin və olduqca ağır bir mübarizə aparmalı oldu. Amma yenə də qeyd etmək yerinə düşər ki, Hillari Klintonun xalq arasında radikal çağırışları ilə cəmiyyətdə özünə qarşı xoşəgəlməz imic formalaşdıran respublikaçı Trampla müqayisədə prezident seçkilərində qələbə çalmaq imkanları daha çoxdur. Trampla müqayisədə Hillari Klinton zəngin siyasi mübarizə təcrübəsinə malikdir və istənilən an bundan özünün qələbəsi üçün bacarıqla istifadə edə biləcəyi şübhə doğurmur. Nəhayət, yalnız Amerikaya deyil, onun Qərbdəki müttəfiqlərinə də faşist ovqatı üzərində köklənən Donlad Trampın deyil, demokrat ruhlu, hər hadisəyə daha təmkinli yanaşan, emosiyaları ilə deyil, ağlı ilə qərarlar qəbul edən Hillari Klintonun prezident seçilməsi daha çox sərf edir. Bu baxımdan Hillari Klinton prezident seçiləcəyi təqdirdə ABŞ tarixində daha bir ilkə imza ataraq ilk qaradərili prezident Obamadan sonra ilk qadın prezident olmaq sevincini yaşayacaq.

Namizədlərin yerinə vitse namizədlər?

Əgər seçkilərdə namizədlərdən hər hansı biri qalib gələ bilməsə, yəni futbol termini ilə desək heç-heçə qeydə alınsa, onda ABŞ qanunlarına görə mübarizə Trampın və Klintonun vitse prezidentliyə namizədləri arasında gedəcək. Bu isə ABŞ-ın təhlükəsizliyinə cavabdeh şəxslər üçün daha məqsədəuyğun olacaq. Çünki belə olduğu halda ABŞ-ı pərdə arxasından idarə edənlər xanım Klinton və Tramp problemini asanlıqla həll etmiş olacaqlar. Belə bir variantın gündəmə gəlməsi az ağlabatan hesab edilsə də, onun reallaşması ehtimalının mümkün ola biləcəyi istisna edilmir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN