Azərbaycan yeni avtomobillər istehsalına hazırlaşır.
Fins.az-ın məlumatına görə, söhbət İranın «Khodro» avtomobil şirkətinin istehsal etdiyi “Khodro”, “Reno” və “Pejo” avtomobillərindən gedir. Belə ki, aprel ayında Bakıda Azərbaycanın “Azevrocar” və İranın “İran Khodro” şirkəti arasında bununla bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, avtomobillər Neftçalada Yaradılan Sənaye Məhəlləsində istehsal ediləcək.
İldə 10 min avtomobil
“Azevrocar” şirkətindən verilən məlumata görə, iyun ayının sonuna kimi Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulacaq. Hər şey nəzərdə tutulduğu kimi getsə, 2017-ci ilin iyun ayında avtomobil zavodu işə düşəcək və ilk avtomobillər istehsal ediləcək. Zavodda ildə 10 min avtomobil buraxılması gözlənilir. Bunların 60%-i “Khadro”, 40 %-i isə “Reno” və “Pejo” modelləri olacaq.
Ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcək
Şirkətdən bildirilib ki, ilkin olaraq yığılacaq bu maşınların ehtiyat hissələrinin 60%-i Azərbaycanda istehsal ediləcək. Avtomobil detallarının qalan hissə İrandan gətiriləcək.İran şirkəti ilə danışıqlardan sonra Azərbaycanda ehtiyat hissələrinin daha böyük hissəsinin istehsal ediləcəyi gözlənilir.
“Khodro”lar 9-10 min, “Reno” və “Pejo”lar 10-11 min manata satılacaq
Avtomobillərin qiymətlərinə gəlincə, “Khodro” markasına aid sedan və pikap modelləri daxili bazarda 9-10 min manata satılacaq. “Reno” və “Pejo” avtomobillərinin qiymətinin isə 10-11 min manat olacağı açıqlanıb.
500 nəfər işçi qəbul ediləcək
Şirkətdən bildirilib ki, zavodda yerli mütəxəssislər çalışacaq. Bunun üçün 2017-ci ilin aprel ayından etibarən 500 işçi qəbul ediləcək. Zavodda çalışacaq əsas mütəxəssislər isə avqust ayından etibarən İranın Khadro avtomobil zavodunda 2 ay müddətində təcrübə keçəcək.
Azərbaycan avtomobilləri Belarus və Gürcüstanda satılacaq
“Azevrocar” şirkəti daxili bazarla yanaşı, istehsal ediləcək avtomobilləri xarici bazara çıxarmaq niyyətindədir. İstehsal ediləcək avtomobillərin 15-20%-i xarici bazar üçün nəzərdə tutulub. Şirkətdən verilən məlumata görə, artıq ilkin olaraq bazarlar müəyyən edilib. “Khadro”, “Reno” və “Pejo”lar Tacikistan, Belarus,Türkmənistan və Gürcüstana satılacaq. Belə ki, artıq bununla bağlı danışıqlar aparılır.
Xaricdən gətirilən avtomobillərə qadağalar ola bilər
Dünya təcrübəsinə əsasən, avtomobil istehsal edən ölkələr daxili bazarlarını qorumaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı məhdudiyyətlər qoyurlar. Bura vergilərin artırılması və s aiddir. İndiyədək Azərbaycanda avtomobil istehsal geniş şəkildə olmadığına görə, buna ehtiyac yox idi. Yeni zavodun istifadəyə verilməsi isə vəziyyəti dəyişir. “Azevrocar”dan bildirilib ki, Azərbaycanda da istehsal başlandıqdan sonra ölkəyə xaricdən gətirilən avtomobillərə vergilər artırıla bilər: “Bununla bağlı ehtimal var. Dünya təcrübəsi bunu tələb edir”.