Kiçik Balkan ölkəsi Montenegroda (qərb mediası onu “mafia-state” adlandırır) 25 ildir hakimiyyət başında olan baş nazir Milo Cukanovi oktyabrın 16-da keçirilən parlament seçkilərindən sonra yenidən baş nazir olmayacağını açıqladı və çoxlarını təəcübləndirdi. Cukanoviçin partiyası hər dəfə olduğu kimi bu dəfə də seçkilərdə qalib gəlsə də (səslərin necə sayılması ayrı mövzudur) o, hakimiyyətdən sanki könüllü əl çəkir və baş nazir postuna partiyasından başqa namizəd irəli sürüləcəyini deyir.
Lakin Monteneqro seçkiləri ətrafında qəribə hadisələr baş verir. Milo Cukanoviç bu günlərdə bəyan edib ki, Monteneqro ərazisində “xarici xüsusi xidmət orqanları ilə bağlı olan serb qrupları” səsvermənin gedişini pozmaq ölkədə qarşıdurma yaratmaq istəyib. Serb KİV-ləri isə ötən gün oktyabrın 28-də xəbər yayıblar ki, Monteneqro ərazisində terror aktları hazırlayan bir qrup Rusiya vətəndaşı Serbiyadan deportasiya olunub.
Seçkilərdə Cukanoviçin qərbyönümlü Demokrat Partiyasının əsas rəqibi rusiyameylli Demokratik Cəbhə idi. Monteneqro hakimiyyəti bildirir ki, seçkilərin nəticələrinin açıqlanmasından sonra serb general Bratislav Dikiçin tərəfdarları akiya keçirməyi və seçkilərin saxtalaşdırıldığını bəyan etməliydi. Bu zaman polis forması geymiş bir qrup təxribatçı nümayişçilərə atəş açmalıydı. Lakin bu plan baş tutmayıb-Dikiç və daha 20 nəfər həbs olunub. Onlardan silah-sursat, o cümlədən xüsusi xidmət orqanlarına aid ləvazimatlar aşkar edilib.
Marqlıdır ki, bu xəbərin yayılması ərəfəsində Rusiya Təhlükəsizlik Şurasının katibi, general Niklolay Patruşev Belqrada səfər edib və baş nazir Aleksandr Vuçiçlə görüşüb. Dərhal belə versiya yaranıb ki, Patruşev Monteneqroda rusiyameylli qüvvələri hakimiyyətə gətirmək planını həyata keçirməli olan diversantları xilas etmək üçün Belqarda gedib. Analitiklər qeyd edirlər ki, Monteneqro NATO-ya üzv olmaq niyyətini elan edəndə Moskva buna çox əsəbi reaksiya verib və bu ölkədə Cukanoviçin hakimiyyətdən uzaqlaşdırılması üçün Rusiya bütün mümkün rıçaqlardan istifadə etməyə hazırdır.
Belə görünür ki, Monteneqrodakı əməliyyat Serbiyadan idarə olunurdu. Ancaq Serbiya hakimiyyəti Rusiyanın bu planına dəstək verməyib. “Kimsə Serbiyanın bu cinayətdə hansısa formada iştirak edəcəyini düşünürdüsə möhkəm yanılıb”-baş nazir Vuçiç deyib.
Rusiyanın baş tutmayan diversiya əməliyyatı ilə 25 ildir hakimiyyətdə olan Cukanoviçin baş nazirlikdən əl çəkmək niyyətini elan etməsi arasında hansı bağlılığın olduğu məlum deyil. Ancaq o məlumdur ki, Azərbaycan hakimiyyətinin Monteneqroda güclü maraqları var. Azərbaycan bu ölkədə ada alıb və orada yarım milyard dollarlıq investisiya hesabına yeddiulduzlu kurort kompleksi inşa edir.
Virtualaz.org