Özbəkistan Afrikaya və Yaxın Şərqə maşın ixracına başlayıb

0
894

 

SSRİ dağılandan və müstəqilliyini əldə etdikdən sonra Özbəkistanda maşınqayırma sənayesi sürətlə inkişaf etməyə başlayıb. Bunun da nəticəsində dünyanın tanınmış minik avtomobilləri ixrac edən şirkətləri ilə əməkdaşlığa başlayan Özbəkistan qısa müddətdə Rusiyadan sonra MDB məkanında ən böyük minik avtomobilləri istehsal edən respublikaya çevrilib. Özbəkistanda Cənubi Koreyanın tanınmış avtomobil şirkətləri ilə sıx əlaqələr çərçivəsində müxtəlif markalı minik avtomobillərinin istehsalına nail olunub. Nəticədə 1996-cı ildə Özbəkistanda Cənubi Koreyanın “Daewoo” korporasiyası ilə birlikdə Əndican vilayətinin Asaka şəhərində inşa edilən “UzDaewooAuto” zavodunda “Daewoo Damas”, “Daewoo Nexia” “Daewoo Tico” avtomobillərinin istehsalına başlanıldı. 2001-ci ilin may ayında isə rekord səviyyədə-250 mininci avtomobil istehsal olundu. Həmin ilin avqust ayında “UzDaewooAuto” tərəfindən “Daewoo Matiz” modelinin istehsalına başlanıldı. Özbəkistanda istehsal edilən bu minik avtomobilləri qısa müddətdə MDB məkanı ölkələrində, o cümlədən Rusiya bazarlarında ən çox satılan avtomobillərə çevrildilər. 2014-cü ildə isə Özbəkistanda 2 milyon minik avtomobili istehsal edildi.

Cənubi Koreya şirkəti ilə əməkdaşlıqla bərabər Özbəkistan hökuməti digər xarici ölkə şirkətlərini də ölkədə minik avtomobllərinin istehsalı məsələsinə cəlb edib. Bu çərçivədə də 2003-cü ildə birgə Böyük Britaniya- Türkiyə-Özbəkistan müəssisəsi yaradıldı. Bu müəssisə “Land Rover” avtomobilini istehsal etməyi planlaşdırmışdı. Lakin müəyyən səbəblərdən hələlik “Land Rover”in istehsalı uzanıb. Bununla belə Özbəkistanda 2003-cü ildə “Şevrolet” markalı minik avtomobilinin istehsalını qaydaya salmaq mümkün oldu. 2009-cu ildə Özbəkistanda Almaniyanın MAN yük avtomobillərinin istehsalına başlanıldı. Hazırda Rusiya və Qazaxıstanda 500 mindən artıq “Daewoo”modeli olan müxtəlif markalı minik avtomobilləri şütüməkdədir. Özbəkistanda istehsal edilən minik avtomobillərinin əsas bazarı Rusiya və Qazaxıstan olsa da, son illərdə baş verən iqtisadi böhran adı çəkilən ölkələrə özbək avtomobillərinin göndərilməsinin azalmasına gətirib çıxarıb. Nəticədə Özbəkistan minik avtomobillərinin satışı üçün yeni bazarlar axtarmağa məcbur oldu. Bu çərçivədə də Özbəkistan dünyanın müxtəlif ölkələrinə, o cümlədən İndoneziya, İraq, Liviya, Livani İordaniya, Tunis, Nigeriya və digər ölkələrin bazarlarında öz avtomobillərini satmağa başlayıb. Bu məqsədlə Özbəkistanın minik avtomobillərini dünyaya tanıdacaq “Ravon” brendinin təqdimatı olub. Özbəkistanda avtomobil sənayesinin sürələ inkişaf etdirilməsi adı çəkilən ölkənin bu ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafı barədəki hesabatında da öz əksini tapıb. Hesabatda qeyd edilir ki, ölkədə minik və yük avtomobillərinin xarici bazarlarda satışı uğurla davam etdirilir. Belə ki, hazırda Özbəkistanın minik avtomobilləri dünyanın 40-dan artıq ölkəsinə göndərilir.

Özbəkistanın öz daxilində də yerli minik avtomobillərinə böyk tələbat var. Özbəkistanda hazırda mövcud olan minik avtomobillərinin hər üçündən ikisi yerli maşınlardır. Bundan əlavə Özbəkistanda yerli istehsal olan minik avtomobillərinin uzun müddətli və sərfəli şərtlərlə kreditlə satılması ölkədə ona olan marağın daha da artmasına gətirib çıxarıb. Necə deyərlər, sərfəli şərtlərlə öz əhalisinə yerli istehsal olan minik maşınlarını satmaqla Özbəkistan hökuməti öz bazarını xarici istehsal olan avtomobillərdən qoruya bilib. Bu gün Özbəkistan istehsalı olan avtomobillərə dünyanın əksər ölkələrində rast gəlmək mümkündür. Yeri gəlmişkən onu da deyək ki, Özbəkistan istehsalı olan müxtəlif markalı minik avtomobillərinə Azərbaycanda da rast gəlmək mümkündür. Düzdür, Özbəkistan avtomobillərinə Azərbaycanda maraq arzu edilən səviyyədə deyil. Buna səbəb əslində bu sahədəi iki ölkə arasında əməkdaşlığın hələlik lazımi səviyyədə təşkil edilməməsidir. Bununla belə Özbəkistan avtomobilləri hazırda MDB bazarında ən çox satılan maşınlar hesab edilir. Özbəkistanda avtomobil sənayesinin sürətli inkişafını təmin etmək üçün hər il müxtəlif markalı minik avtomobillərinin istehsalına başlanılır və onların çoxu qeyd etdiyimiz kimi ölkə daxilində və xaricdə həvəslə alınır. Özbəkistan hökumətinin 2020-ci ilə kimi ölkənin avtomobil sənayesinin daha da inkişafına nail olmaq üçün hazırladığı xüsusi plana görə, yaxın illərdə Avstraliyadan tutmuş Asiyanın və Afrikanın, o cümlədən Latın Amerikası ölkələrinin bazarlarına minik avtomobillərinin göndərilməsini azı 10 dəfə artırmaq nəzərdə tutulur. Bu məqsədlə Özbəkistan istehsalı olan avtomobillərin xarici ölkələrdə təqdimatlarının keçirilməsi planlaşdırılıb.

BIR CAVAB BURAXIN