Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb. Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, noyabrın 13-də Kipr – Cəbəllütariq, İsveçrə – Farer adaları, Macarıstan – Andorra, Bolqarıstan – Belarus, Luksemburq – Hollandiya, Portuqaliya – Latviya, Belçika – Estoniya və Yunanıstan – Bosniya və Herseqovina oyunları keçiriləcək.