Konstitusiya itdi, hökumət dağıldı – Atambayevin kabinetində nə baş verir?

0
688

Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə qarşılaşıb. Məlum olub ki, Qırğızıstan Konstitusiyasının orijinalı itib.

Publika.az xəbər verir ki, referendum müzakirələri zamanı “Ata-Meken” Sosialist Partiyasının fraksiyasının üzvləri dövlət orqanlarının nümayəndələrinə orijinal konstitusiyanı nümayiş etdirməklə bağı müraciət ediblər. Hər şey bu müraciətdən sonra ortaya çıxıb. Məlum olub ki, konstitusiyanın orijinalı yoxdur. Ədliyyə Nazirliyində və Prezident Aparatında saxlanılan konstitusiya isə yalnız nüsxədir.

Ədliyyə naziri Jıldız Mambetaliyeva bildirib ki, konstitusiyanın orijinalı Prezident Aparatında olmalıdır.

Prezidentin parlamentdəki səlahiyyətli nümayəndəsi Moldakun Abdıldayev isə bunu təkzib edib. Lakin o, orijinalın harada olduğu haqda sualı da cavablandıra bilməyib.

Konstitusiyanın itməsi məlum olandan bir gün sonra parlamentin növbəti iclasında deputat Almambey Şıkmamativ hakimiyyətin legitimliyinin sual altına düşdüyünü açıqlayıb.

Qırğız deputatlar konstitusiyanın orijinalı tapılmasa da, referendumun dekabrın 4-dən 11-nə keçirilməsinə qərar veriblər. Referendumda ölkənin parlamentli respublika sisteminə keçidi həll olunacaq.

Lakin konstitusiyanın orijinalının harada olduğu məsələsi Qırğızıstanda böyük qalmaqal yaradıb.

Prezident Aparatının rəhbəri Fərid Niyazov qalmaqalı yatırmaq üçün rəsmi qəzetdə əsas qanunun dərc olunan mətnini deputatlara təqdim edərək, istənilən detalla tanış olmağın mümkün olduğunu bildirdi. Lakin deputatlarda şübhələr var ki, qəzetdə dərc olunmuş mətnin əsli olmaya bilər. Çünki 2010-cu ildə belə məlumatlar var idi ki, Qırğızıstan respublikası konstitusiya adı altında saxlanılan başqa sənəd üzərində fəaliyyət göstərir. 2014-cü ildə hüquq müdafiəçiləri Konstitusiya palatasında iddia irəli sürdülər ki, rəsmi qəzetdə dərc olunan qanunun mətni real deyil. Onlar fikirlərini belə əsaslandırırdılar ki, qəzetdəki mətn məzmun baxımından əladır. Orijinalda isə belə olmayıb. Bununla bağlı sübut olmasa da, iddialar kifayət qədərdir.

İndi əsas problemlərdən biri də referendumda nəyə düzəliş edilməsidir. Belə ki, prezidentin səlahiyyətləri 2017-ci ilin 1 dekabrında başa çatır. Ehtimallara görə, Almazbek Atambayev ölkənin baş naziri olacaq. Maraqlı məqam isə itmiş konstitusiyada göstərilir ki, 2020-ci ilə qədər ona düzəliş etmək olmaz.

Qeyd edək ki, Qırğızıstanda 2010-u ilin aprelində baş verən dövlət çevrilişindən üç il sonra keçirilən referendumda 90 faiz səslə yeni konstitusiya qəbul edilib. Konstitusiya layihəsi Venesiya Komissiyasının beynəlxalq ekspertizasından keçib. Əsas qanunda 2020-ci ilə qədər hər-hansı dəyişikliyin edilməsini qadağan edən bənd mövcuddur.

Qırğızıstan Prezident Aparatının bu gün yaydığı məlumatda isə ümumiyyətlə, konstitusiyanın orijinalının mətn şəkilində olmadığı deyilir.

“Konstitusiyanın vəzifəli şəxslər tərəfindən imzalanmış orijinal mətni mövcud deyil. Konstitusiyanın əsli kimi iki sənədə baxmaq lazımdır: 2010-cu il mayın 19-da müvəqqəti hökumətin keçirdiyi referenduma və 26 may 2010-cu il tarixində müvəqqəti hökumətin dekreti ilə təsdiq edilmiş konstitusiya layihəsinə. Konstitusiyanın legitimliyi 6 may 2010-cu ildə rəsmi qəzetdə onun mətninin dərc olunması ilə qüvvəyə minib. Konstitusiyanın əsli müvəqqəti hökumətin ali rəhbərliyi tərəfindən imzalanmayıb. Buna görə də əsas qanunun müxtəlif nəşrlərini ortaya çıxartdı”, – deyə məlumatda qeyd olunur.

PA təklif edir ki, mövcud səhvi 11 dekabr 2016-cı ildə keçiriləcək “Konstitusiyaya dəyişikliklərin edilməsi haqqında” referendumda parlamentdə baxılan qanun layihəsinə uyğun olaraq düzəltmək olar.

Amma bütün barışdırıcı təkliflərə baxmayaraq, Bişkekdə kabinet böhranının yaşanması ilə qarşılaşa bilərik. Artıq bunun ilkin işartıları görünür.

Almazbek Atambayevin prezident postuna seçilməyənə qədər rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası (SDPK) dünən hökumətin istefası tələbi ilə çıxış edib.

Bu gün isə sosial-demokratların fraksiya rəhbəri İsa Omurkulov parlament koalisiyasından çıxdıqlarını bəyan edibr. Bu, hökumətin iflic olması və avtomatik istefaya getməsi deməkdir. Hazırki hökumət indiki tərkibdə cari ilin aprel ayından işləyir. Hökuməti quran koalisiyada SDPK, “Qırğızıstan”, “Onuquu-İrəliləmə” və “Ata Meken” partiyaları təmsil olunur. Onlar arasında ciddi fikir ayrılığı əvvəldən olub. Məlumatlara görə, bu koalisiya müvəqqəti idi və istənilən an dağılmağa məhkumdur. Görünür, Qırğızıstan hökuməti artıq legitimliyini itirib.

Qanunvericiliyə görə, prezident Atambayev üç gün ərzində yeni koalisiya formalaşdırmaq hüququnu hansısa partiyaya verməlidir. Ötən dəfə prezident bu hüququ SDPK-ya vermişdi. Bu dəfə isə “Ata-Meken” və “Onuquu-İrəliləmə” partiyalarına verilə bilər. Lakin onlar müxalif olmaqda davam edəcəklərsə, o zaman ortaya başqa partiyalar çıxa bilər.

BIR CAVAB BURAXIN