Azərbaycan bələdiyyələrinə 3-cü bəd xəbər…

0
670

İlin sonunda Azərbaycan bələdiyyələri maliyyə mənbələrindən birini də itirir. İndiyədək fiziki şəxslərdən toplanan torpaq vergisindən söhbət gedir. Yerli özünü idarəetmə bu verginin bir hissəsindən məhrum olunur.

Prezident bu qərarı mayın 6-da imzalayıb. Nəzərdə tutulur ki, subyektiv səbəblərdən istifadə olunmayan torpağın hər 100 kvadratmetrinə görə dövlət büdcəsinə 1 manat ödəniləcək.

İlin əvvəllərində Torpaq Məcəlləsinə dəyişiklik istifadə edilməyən torpaq sahələrinə cərimə tətbiqini uyğun görürdü. İqtisadçı Samir Əliyevin fikrincə, artıq həmin cərimə vergiylə əvəzlənib: “İndiyədək istifadə olunan və olunmayan torpaq kateqoriyası yox idi. Bələdiyyələr fiziki şəxslərdən torpaq vergisi alırdı. Ancaq indi istifadə edilməyən, amma münbit olan hər 1 sot torpaq sahəsinə görə dövlət büdcəsinə 1 manat ödəniləcək. Bələdiyyə isə istifadə edilən torpaq sahəsinə 6 qəpik alacaq”.

“Bələdiyyə ötən il cəmi 30 qəpik mənfəət vergisi əldə edib”

İqtisadçı bu qərara bələdiyyənin maliyyə mənbələrinin azaldılması kimi baxır və deyir ki, bələdiyyənin onsuz da dar maliyyə mənbəyi daha da daralır: “Əvvəl şəhər yerlərində dayanacaqlardan rüsum yığırdılar, onu verdilər icra hakimiyyətinə. Bələdiyyələrin əsas gəlir yerləri torpaq, əmlak, mədən, bələdiyyə müəssisələrindən mənfəət vergiləridir”.

“Bələdiyyə gərəksiz quruma çevrilə bilər”

İqtisadiyyat araşdırıcısının fikrincə, maliyyə gücü olmayan yerli özünüidarə orqanları əhali arasında get-gedə lazımsız instituta çevrilə bilər: “Bu dəyişiklik Azərbaycanda yerli özünüidarə qurumlarının zəif maliyyə potensialını bir qədər də məhdudlaşdırmağa imkan yaradır. Bələdiyyələrin maliyyə potensialının məhdudlaşdırılması Azərbaycanın da qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərinə ziddir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci ildə hazırladığı 326 saylı Tövsiyədə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinin vacibliyi qeyd edil

Samir Əliyev xatırladır ki, 2006-cı ildə də yerli vergi olan nəqliyyat vasitələrindən əmlak vergisi yol vergisinə çevrilərək dövlət büdcəsinə köçürülüb.

Bələdiyyələr yeni dəyişiklikdən xəbərsizdir

Şəmkirin Çaparlı kənd bələdiyyəsinin sədri Mehman Qasımov torpaq vergisi ilə bağlı dəyişiklikdən xəbərsiz olduğunu deyir və əlavə edir ki, onsuz da onların kəndində istifadəsiz qalmış torpaq sahəsi yoxdur: “Bizdə pay torpaqlarıdır, demək olar, hamısından istifadə edilir”.

Ancaq o şikayətlənir ki, heç torpaq vergisini toplaya da bilmirlər: “Bizdə torpaq vergisi o qədər çox deyil. Əgər toplasaq, ildə 3-4 min manat pul edər, amma çətinliklə yığırıq, çoxu vermir”.

Mehman Qasımov əmlak vergisini toplamaqda da çətinlik çəkdiklərini deyir: “Əsas əmlakdır, bu vergini toplaya bilsək, kənddə bir çox problemlərin öhdəsindən gəlmək olar”.

 

AzadlıqRadiosu-nun üz tutduğu digər bələdiyyə rəhbərləri də yeni dəyişiklikdən xəbərsiz olduqlarını, bu barədə məlumat almadıqlarını deyirlər. Üstəlik, bildirirlər ki, torpağın istifadə olunsa da, olunmasa da, fiziki şəxslərdən torpaq vergisini, hələlik, onlar toplayırlar.

“Yolumuz bərbaddır”

Bəs bələdiyyənin maliyyə mənbəyinin azalması vətəndaşa hansı rahatsızlığı yaradacaq?

Şəmkirin Keçili kəndinin sakini Abbas Abbasov deyir ki, onu əsas incidən kəndin ara yollarıdır: “Bələdiyyəyə deyəndə, deyir, mənim gücüm çatmır. Bilmirik kim eləməlidir. Yayda toz, qışda palçıq əlindən bu yolları gedib-gələ bilmirik. İnanın, yaxın rayonlarda olan qohumlar da “yolunuz pisdir” deyib, bizə gəlib-getmirlər”.Onun fikrincə, dövlət, əslində, bələdiyyəni gücləndirməlidir. Əks halda kəndin problemlərini icra hakimiyyəti çözməlidi

“Vergi toplama sistemində problemlər var”

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrin maliyyəsinin daralması haqqında söylənənləri qəbul etmir, ancaq o da düşünür ki, yerli özünüidarə orqanları vergiləri toplamaqda çətinlik çəkir: “Dəfələrlə məsələ qaldırılıb ki, bələdiyyələrin vergi sistemində problem var, onlar yığa bilmirlərsə, bunu onların əvəzindən başqa qurum həyata keçirsin. Məsələn, Türkiyədə dövlət vergiləri toplayıb bir hissəsini bələdiyyənin hesabına köçürür. Çünki vergini ödəməyəndə, dövlətin vətəndaşa təsir rıçağı var, amma bələdiyyənin yoxdur”.

“Sakinlərlə üz-göz olmaq istəmirlər”

Tahir Rzayevin qənaətincə, bələdiyyənin öhdəsindəki maliyyə mənbələrindən vergi toplaya bilməməsinin səbəblərini bir neçə yerdə axtarmaq olar: “Bəzən, özləri sakinlərlə üz-göz olmaq istəmir, bəzən, vaxtında düzgün maarifləndirmə işi aparmır, bəzən də vətəndaşlar laqeyd yanaşır, yerli özünüidarəetmə orqanlarının əhəmiyyətini anlamırlar”.

Tahir Rzayev “bəlkə o səbəbdən ki bələdiyyə yerli icra hakimiyyətindən asılı orqan təsiri bağışlayır” sualı ilə razılaşmır. Onun fikrincə, bələdiyyə öz işini qura bilsə, hətta rayon rəhbərliyi də bu qurumla hesablaşar.

 

“Vergi bir mənbəyə toplanır”

Bəs qonşu Gürcüstan bələdiyyələri vergisini toplayıb yerli problemləri çözə bilirmi?Saqareco rayonunun bələdiyyə üzvü Qəzənfər Məmmədov AzadlıqRadiosu-na deyir ki, orda vergilər mərkəzləşdirilmiş qaydada toplanır, yəni hər kəndin öz bələdiyyəsi yoxdur: “Bizdə Saqareco bələdiyyəsi var və bütün yerli vergilər də ora ödənir. Təxminən 7 milyon lari büdcəmiz var (təxminən 5 milyon manata yaxın – red.) və bu büdcəyə 20 kənd, bir rayon baxır”.

Qəzənfər Məmmədov yol çəkilişi və körpü inşası kimi layihələrə hələ öz güclərinin çatmadığını deyir və yığılan vəsaitin daha çox sosial proqramlara yönəldildiyini bildirir: “İri layihələri isə hökumət maliyyələşdirir”.

BIR CAVAB BURAXIN