El-Ninonu La-Nina əvəz edəcək?/Əziz Mustafa

0
774

Son illərdə dünyada baş verən qlobal istiləşmə və bunun gələcəkdə daha ağır faciələrə yol aça biləcəyi barədə alimlər tərəfindən irəli sürülən çoxsaylı ehtimallar, deyəsən, özünü doğrultmayacaq. Çünki alimlərin son araşdırmaları hazırda beynəlxalq aləmdə təbii hadisələrin əks istiqamətə doğru inkişaf etməkdə olduğunu göstərməkdədir. Belə ki, son araşdırmalar zamanı məlum olub ki, Sakit okeanın Cənubi Amerika sahil sularının üst qatı yavaş-yavaş soyumaqdadır. Bu isə son on ildə dünyanı lərzəyə salan El-Ninonu La-Ninanın əvəz edəcəyi barədə ehtimalların ortaya çıxmasına yol açıb. El-Ninonun tüğyan etməsi nəticəsində Qərb yarımkürəsi son 100 ildə ən böyük quraqlıq dövrünü yaşadı. Buna paralel olaraq El-Nino qasırğası təbii fəlakətlərə yol açaraq yüz minlərlə yaşayış məntəqəsinin dağılmasına, milyonlarla insanın məhvinə yol açdı. Ümumiyyətlə, quraqlıq və bununla yanaşı El-Nino qasırğasının yaz və payız aylarında öz dağıdıcı gücünü göstərməsi, yayda isə bu amilin dəhşətli istilərlə, quraqlıqlarla əvəz olunması ən böyük təbii fəlakətlərdən biri kimi yadda qalmaqda və onun təsiri indi də hiss olunmaqdadır. El-Nino bir sözlə Ekvador, Peru, Çili və digər yerlərdə yalnız quraqlığa səbəb olmadı, eyni zamanda payız-yaz aylarında güclü qasırğalar və zəlzələlərlə bəşəriyyətə yeni fəlakətlər gətirdi.

Məhz El-Nino, buzlaqların əriməsinə və Sakit okean sahillərinin su altında qalmasına səbəb oldu. Güclü qasırğalar zamanı dənizin şahə qalxması isə sahilyanı yaşayış məntəqələrinin okean sularının altında qalmasına gətirib çıxardı. Məhz El-Ninonun təsiri nəticəsində ötən il Cənub-Şərqi Asiyada, Avstraliyada, Afrikada və Hind okeanı hövzəsi ölkələrində güclü quraqlıqlar baş verdi. Buna paralel olaraq Qərb yarımkürəsində tufanlar tüğyan etdi, leysan yağışları böyük fəlakətlərə yol açdı. Hələ XIX əsrdə Peru dənizçiləri təbii fəlakətlərin milad dövründə baş verməsini dəfələrlə müşahidə etdilər və ona görə də bölgəni xarabazara çevirən güclü qasırğaya da El-Nino (oğlan, körpə uşaq) adı verdilər. İndi isə bu təbii fəlakətin – El-Ninonun əksi olan və “qız” adı verilən La-Nina dövrü başlayır. Əgər El-Nino dövründə Qərb yarımkürəsi təbii fəlakətlərə məruz qalır, əks tərəf isə quraqlıqdan əziyyət çəkirdisə, indi bunun əksi olacaq. La-Ninanın təsiri nəticəsində Qərb yarımkürəsində quraqlıq, Cənub-Şərqi Asiyada, Afrikada, Avstraliyada və Hind okeanı hövzəsi ölkələrində isə təbii fəlakətlər tüğyan etməyə başlayacaq. La-Nina dövründə Sakit okeanın Cənubi Amerika sahillərində suyun temperaturu 4-5 dərəcə aşağı düşəcək. Nəticədə, Braziliyada, Peruda və digər bölgə ölkələrində güclü quraqlıqlar hökm sürəcək. İndoneziya, Hindistan və Cənub-Şərqi Asiyada isə leysan yağışları, daşqınlar, güclü qasırğalar hökm sürməyə başlayacaq. Ümumiyyətlə, qeyd edək ki, El-Nino 2014-cü ildə özünün pik nöqtəsinə qalxdı və ən isti quraqlıq, Yer kürəsinin digər yarımkürəsində təbii fəlakətlər dövrü kimi tarixdə qaldı. Lakin son iki ildə vəziyyət dəyişməyə başlayıb. Bu dəfə Cənub yarımkürəsi El-Ninonun əksi olan La-Nina təhlükəsi qarşısında qalıb. Belə ki, alimlərin araşdırması Sakit okean sularının tədircən soyumaqda olduğunu üzə çıxarıb.

Yeni təbii fəlakətlər barədə xəbərdarlıq

Yer kürəsində bir-birini əvəz etməyə hazırlaşan yeni təbii fəlakətlər təhlükəsi ilə əlaqədar “Blomberq” agentliyi El-Nino və La-Nina ilə bağlı araşdırmalar aparan alimlərin fikrini öyrənib. Məsələyə münasibət bildirən Kolorado Atmosfer Tədqiqatları Milli Mərkəzinin elmi əməkdaşı Kevin Trenbert deyir ki, iki əks təbii prosesin bir-birini müəyyən dövrlərdə əvəz etməsi Yer kürəsində təbii tarazlığı saxlamağa imkan verir. Kevin Trenbert: “El-Nino dövründə Sakit okean günəş şüalarını udur, sonra isə güclü buxarlanma baş verir. Nəticədə, Yer yarımkürələrinin bir hissəsində tufan, leysanlar baş verir, digər hissəsində isə quraqlıq müşahidə olunur. La-Ninada isə əks proseslər baş verir. Nəticədə, Yer kürəsinin bir hissəsində soyuqlar, şaxtalar özünü güclü şəkildə hiss etdirməyə başlayır. Bu təbii proseslərin hər ikisi fərqli yarımkürələrdə yaşayan milyonlarla insana fəalkət gətirir və dağıntılara səbəb olur”, – deyir.

Trenbertin fikrincə, bu il  El-Ninonu La-Ninanın əvəz etməsi prosesi başlayacaq və bu ilkin mərhələdə tədricən özünü göstərəcək”. “Blomberq”in məsələ ilə əlaqədar rəyini soruşduğu Avstraliya Meteorologiya Bürosunun elmi əməkdaşları isə belə hesab edirlər ki, La-Ninanın El-Ninonu bu il əvəz etməsi ehtimalı yalnız yüzdə 50 hesab edilir. Amerika iqlimin dəyişməsini proqnozlaşdırma mərkəzi əməkdaşları isə La-Ninanın bu ilin dekabrında özünü biruzə verməsi ehtimalının yüzdə 75 faiz olduğıu qənaətindədirlər. La-Ninanın özü ilə gətirə biləcəyi təbii fəlakətlərlə bağlı Ohayo ştatının hava proqnozları üzrə mütəxəssisi (klimatoloq) Harri Hillaker ştatın kənd təsərrüfatı məhsullarının taleyinin La-Ninanın başlama müddətindən asılı olacağını vurğulayır. Onun sözlərinə görə, əgər La-Nina iyunda başlasa, onda ştatda yetişdirilən qarğadalı və soya plantasiyaları quraqlıqdan əziyyət çəkəcək.

Lakin havaların soyuması qaz istehsalı ilə məşğul olan şirkətlər üçün sərfəli olacaq. Belə ki, havaların soyuq keçməsi təbii qaza olan ehtiyacın artmasına yol açacaq. La-Ninanın Avropaya soyquların dəhşətli şaxtalar gətirəcəyi ehtimal edilir. Belə bir fikir vurğulanır ki, soyuq, şaxtalı havalar Avropanın mavi yanacağa olan ehtiyacının artmasına, bu isə öz növbəsində qiymətlərin qalxmasına səbəb olacaq. Avropa ilə müqayisədə Qərb yarımkürəsində, Cənubi Amerika ölkələrində, o cümlədən Braziliyada iqlim dəyişkənliyini daha narahatlıqla qarşılayırlar. Braziliyanın Embrara Dövlət kənd təsərrüfatı şirkətinin elmi əməkdaşı Eduardo Assad deyir ki, El-Nino kimi La-Nina da kənd təsərrüfatına böyük ziyanlar vuracaq. Onun sözlərinə görə, La-Nina özü ilə quraqlıq gətirəcək, nəticədə məhsul məhv olacaq, əkin sahələrini sulamağa su tapılmayacaq və bu da öz növbəsində aclıqla müşayiət olunacaq. El-Nino zamanı quraqlıqdan böyük həcmdə ziyan görən Hindistan və Malayziyada isə La-Ninanın El-Ninonu əvəz edəcəyi xəbərini sevinclə qarşılayıblar. Hindistanın “Adani Vilmar” şirkətinin baş direktoru Atula Çaturvedi La-Ninanın ölkəyə bol yağış gətirəcəyi və bunun kənd təsərrüfatında məhsul bolluğuna yol açacağı qənaətindədir. O deyir ki, son iki ildə Hindistan quraqlıqdan böyük əziyyət çəkib, yüz min hektarlarla əkin sahəsi quraqlıqdan məhv olub: “İndi isə yeni vəziyyət bizə bol yağışlar vəd edir və biz buna sevinirik”.

Bununla belə Malayziyanın “Qanlinq Sdn” konsaltinq şirkətinin direktoru Linq A Xonq La-Ninyanın El-Ninonun verdiyi zərərin əvəzini ödəyə bilməyəcəyi qənaətindədir. Onun sözlərinə görə La-Ninanın hələ hansı sürpirizlər bəxş edə biləcəyini tam söyləmək mümkün deyil və buna indidən tam şəkildə sevinmək doğru olmaz.

Digər tərəfdən, La-Ninanın Avstraliyaya yağışlar, su daşqınları gətirəcəyi ehtimal edilir. Yeri gəlmişkən onu da xatırladaq ki, 2010-2011-ci illərdə su daşqınları nəticəsində Avstraliyanın kömür istehsalı müəssisələrinin 85 faizi zərər görmüşdü. Nəticədə, kömürün 1 tonunun qiyməti 212 dollardan 383 dollara yüksəlmişdi.

Bununla belə La-Ninanın El-Ninonu tam şəkildə bu il də əvəz edə bilib-bilməyəcəyini porqnozlaşdırmaq, bunu dəqiq söyləmək mümkün deyil. Bu prosesin bu il də baş verib-verməyəcəyi isə iyun-iyul ayında məlum olacaq.

BIR CAVAB BURAXIN