Mohenco-Daroda nüvə müharibəsi izləri (1)

0
766

Əziz Mustafa

Son illərdə bəşəriyyətin nüvə müharibəsi təhlükəsi qarşısında olduğu barədə çoxsaylı ehtimallar irəli sürülür və bunun bəşəriyyəti fəlakətə sürükləyə biləcəyi xəbərdarlıq edilir. Amma bəşəriyyətin hansısa məqamda nüvə müharibəsi fəlakətini yaşadığını xatırladan müxtəlif faktlar da mövcuddur. Belə güman edilir ki, bəşəriyyət ən azı iki dəfə nüvə müharibəsi faciəsini yaşayıb. Bunu dünyanın müxtəlif bölgələrində, o cümlədən indiki Monqolustanda, Hindistanda və digər yerlərdə rast gəlinən nüvə müharibəsi izləri də sübut etməkdədir.

… Eramızdan əvvəl 79-cu ildə İtaliyanın ən möhtəşəm şəhərlərindən biri olan Pompey Vezuvi vulkanının qəfil püskürməsi nəticəsində məhv oldu. Həmin vaxt Pompeylə eyni vaxtda Herkalanum şəhəri də Vezuvinin qurbanına çevrildi. Herkalanum Vezuvi dağının ətəklərində yerləşirdi və bu şəhər o dövrdə İtaliyanın inkişaf etmiş elm mərkəzlərindən biri sayılırdı. Amma sən demə, Pompeydən də xeyli uzaqlarda və ondan da əsrlərlə əvvəl dəhşətli şəkildə məhv olan digər bir şəhər – Mohenco-Daro da( hind dilində “Ölülər təpəsi” ) varmış… Bu şəhər haqqında avropalı alimlər yalnız üstündən uzun əsrlər ötəndən sonra – ötən əsrin 20-ci illərində xəbər tutdular.

Dəhşət doğuran tapıntı

1922-ci ildə hindistanlı arxeoloq R. Banerci Hind çayındakı adalardan birində qazıntılar aparırdı. Gözlənilmədən o, küçələrində insan skeletləri olan böyük bir şəhərin qalıqları ilə üzləşdi. Bu mənzərə o qədər dəhşətli idi ki, təcrübəli arxeoloq yerində donub qalmışdı. Hiss olunurdu ki, hansı bəlasa şəhərdəki insanları gözlənilmədən yaxalayıb. Arxeoloq insanı dəhşətə gətirən tapıntı barədə dərhal hökumətə məlumat verdi. Tapıntı yalnız yerli deyil, Hindistandan minlərlə kilometr uzaqlarda yerləşən avropalı tədqiqatçı arxeoloqların da diqqətini özünə cəlb etdi. Şəhərdə aparılan tədqiqatlar zamanı arxeoloqları heyrətləndirən digər bir fakt da ortaya çıxdı. Məlum oldu ki, insanların məhvinə heç də hansısa dəhşətli xəstəlik səbəb olmayıb. Skeletlərin üzərində hər hansı bir silahla öldürülmə əlamətləri də yox idi. Skeletlərin analizi zamanı onların üzərində həmçinin digər təbii fəlakətlərin, daşqınların və ya vulkan püskürmələrinin də əlamətləri aşkar olunmadı. Bununla belə, tədqiqatlar zamanı arxeoloqlar daşların öz ölçülərini dəyişərək qəribə formalara düşməsinin şahidi oldular. Tədqiqatçılar, əvvəlcə, buna adi bir təbiət hadisəsi kimi baxaraq əhəmiyyət vermədilər. Lakin şəhərdəki insanların məhv olmasının səbəbini tapa bilməyəndə istər-istəməz daşların qəribə formalara düşməsilə maraqlanmağa başladılar. Məlum oldu ki, daşların bəzilərini sanki yüksək təmperatur altında müxtəlif formalara salmışdılar. Bəzi yerlərdə, xüsusilə şəhərin mərkəzi hissəsində binalar dəhşətli dağıntıya məruz qalmışdı. Nə baş vermişdi bu şəhərdə? Heç kim səbəbini söyləyə bilmirdi və bu müəmmalı sirrin qarşısında hamı sanki tilsimə düşmüşdü. Nəhayət, alimlər bu müəmmalı sirri öyrənmək üçün qədim hind eposu olan “Mahabharata”ya müraciət etdilər. Məlum oldu ki, “Mahabharata”da hansısa bir dəhşətli partlayışdan danışılır: “Bu partlayışdan əvvəl havada insanın gözlərini qamaşdıran işıq topası və tüstüsüz alov göründü. Yüksək temperaturdan sular qaynamağa, sudakı balıqlar qaralmağa başladı. Dəhşətli partlayış səsi eşidildi və bir andaca şəhərdəki bütün canlılar məhv oldu. Partlayaşın dalğası, demək olar ki, şəhərdəki bütün binaları bir yarpaq kimi havaya sovurdu. Binaların yerində isə uçub-dağılan qalıqları qaldı.”

Sonralar tədqiqatçıların əksəriyyəti qədim şəhər Mohenco-Daroda baş verənləri nüvə bombasının partlamasından sonra baş verən hadisələrlə müqayisə edirlər. Tanınmış ingilis alimi Devis Devenport uzun illər qədim hind mədəniyyətini və tarixini öyrənərək tədqiq edəndən sonra bu qənaətə gəldi ki, bütün baş verənləri təbii hadisələrlə izah etmək çətindir. O bu dəhşətli partlayışın arxasında hansısa naməlum sivilizasiyanın dayandığını və bu partlayışın öz düşmənlərinə qarşı istifadə etdikləri silah olduğunu istisna etmir. Amma, doğrudanmı, bizə naməlum olan sivilizasiya atom bombasına bənzər silahdan istifadə etməyi bacarıb? Hələlik, bu suala da tədqiqatçı alimlər qəti cavab verməkdə çətinlik çəkirlər.

Nüvə müharibəsi, yoxsa naməlum uçan obyektin qəzaya uğraması?

İstər Hindistan, istərsə də Avropa və ABŞ-ın məşhur arxeoloqları və tədqiqatçı alimləri Mohenco -Darodakı faciə ilə bağlı bir-birilərindən fərqli ehtimallar irəli sürür və bunu təsdiq etmək üçün múxtəlif mənbələrə müraciət edirlər. Həmin ehtimallardan birinə görə, Mohenco-Daro şəhəri üzərində yad panetdən gələn kosmik gəminin qəzaya uğraması nəticəsində bir andaca məhv olub. Amma bunu da sübut etmək üçün əldə əsas yoxdur. Çünki kosmik gəmi şəhər üzərində qəzaya uğrasaydı, heç olmazsa, ətrafda radioaktivlik müşahidə edilməliydi. Çünki bütün kosmik gəmilər nüvə enerjisindən istifadə etməklə hərəkətə gətirilir və bunsuz hər hansı bir gəminin yerətrafı orbitə çıxarılması mümkün deyil. Bu ehtimalın əleyhinə çıxanlar da az deyil. Bəzi fiziklərin fikrincə, yad planetdən ucaraq Yer kürəsinə gələn kosmik gəmilərin iş mexanizmi biz düşünəndən də fərqli enerjidən istifadə etməklə işləyə bilər. Tutaq ki, digər sivilizasiyalardan gələn kosmik gəmilər bizim düşündüyümüzdən fərqli enerjidən istifadə etməklə işləyirlər. Onlardan (kosmik gəmilərdən) da birisi Mohenco-Daro üzərində qəzaya uğrayaraq, şəhərin məhvinə səbəb olub. Əgər bu ehtimalın həqiqiliyini qəbul etsək, onda ortaya belə bir sual çıxacaq: Bəs onda qəzaya uğrayan kosmik gəminin qalıqları haradadır? Axı ola bilməz ki, kosmik gəminin qalıqlarına şəhərdə rast gəlinməsin. Ona görə də bu ehtimal da özünü doğrultmur. Digər bir ehtimal isə qeyd etdiyimiz kimi, şəhərin atom bombası il məhv edilməsi bağlıdır. Amma əgər Mohenco-Daro atom bombası ilə məhv edilsəydi, onda torpaqda hökmən radioaktivliyə rast gəlinərdi. Şəhərdə və onun ətrafında torpağın ən dərin qatlarından götürülən analizlərdə isə heç bir radioaktivlik müşahidə edilməyib. Ona görə də bu ehtimal da ehtimal kimi qalır. Yuxarıda irəli sürülən hər iki ehtimal özünü doğrultmadıqdan sonra alimlər Mohenco-Daronun məhvini təbiətdə baş verən təbii fiziki hadisələrlə izah etməyə cəhd etdilər. Belə bir yeni ehtimal irəli sürüldü ki, atmosferdə birdən-birə baş verən gözqamaşdırıcı parıltı orada gedən fiziki proseslərin nəticəsidir. Belə ki, atmosferdə ozon, karbonal birləşmələr, hidrogen, azot və başqa maddələr arasında Günəşin ultrabənövşəyi şüaları, həmçinin kosmik şüalanma vasitəsilə reaksiya gedir. Nəticədə xüsusi bir elektriklənmiş sahə əmələ gəlir. Həmin elektrik sahəsində gücü onlarla atom bombasının gücünə bərabər enerji toplanır. Bu enerji müəyyən həddə çatandan sonra dəhşətli partlayışla özünü büruzə verir. Həmin partlayışın baş verdiyi ərazidə isə bütün canlılar məhv olur. Arxeoloq alimlərin əksəriyyəti bu ehtimalı qəbul etsə də, yenə ortaya çıxan bəzi suallara cavab axtarmaq lazım gəlir. Məsələn, nə üçün bu dağıdıcı proses başqa yerdə deyil, məhz Mohenco-Daro üzərində baş verib? Axı böyük bir şəhərin bir andaca məhv olması təsadüfi, təbiətdə baş verən təbii fiziki proseslərin nəticəsi ola bilməzdi. Ona görə də tədqiqatçı alimlər bu ehtimalın doğruluğunu sübuta yetirmək məqsədi ilə qədim mənbələrə müraciət etdilər. Məlum oldu ki, hələ qədim zamanlarda yunanlar və romalılar dəfələrlə gecələr göy üzərində yana-yana uçan qəribə formalı təkərləri – diskləri müşahidə etmişlər. Amerika hindularına məxsus qədim mənbələrdə bu alovsaçan təkərlər dairəvi səbətlər formasında təsvir olunub. Yaponların əcdadlarına məxsus olan qədim mənbələrdə isə gecələr işıq saçan pəncərələri olan kabus gəmilərə göy üzərində tez-tez təsadüf edildiyi barədə yazılıb. Avropada isə göy üzərindəki alovsaçan disklərə rast gəlindiyi barədə eramızdan əvvəl 592-ci ildəki yazılı mənbələrdə də vurğulanıb. Həmin mənbəyə görə: “Eramızdan əvvəl 592-ci ildə şimaldan güclü külək əsdi. Bu külək bulud parçalarını bir yerə yığaraq nəhəng bir topa əmələ gətirdi. Bulud topasının ortasında sanki nə isə güclü alov saçırdı. Buludun ortasından ətrafa gözqamaşdrıcı parıltı yayılırdı…” Havadakı alovsaçan disklər və ya təkərlər, demək olar ki, lap qədimlərdən dünyanın hər yerində bütün xalqlar tərəfindən müşahidə olunub. Bununla bağlı Misir, Efiopiya, Hindistan, Çin, Şotlandiya, Almaniya, İtaliya və Tibetdəki yazılı mənbələrdə yüzlərlə fakt mövcuddur. Bu faktlar əsasında Mohenco-Daronun məhv olmasını ancaq nəzəri cəhətdən irəli sürmək olar. Çünki alovsaçan disklərin, adətən, yadplanetlilərin kosmik gəmiləri olması barədə irəli sürülən ehtimallar daha ağlabatan görünür.

Mohenco-Daroda arxeoloqlar sonralar da tədqiqatlar apardılar. Ötən əsrin 50-ci illərində tanınmış arxeoloq alimlər, o cümlədən nüvə kimyası üzrə tanınmış ekspertlər, ingilis D. Devenport və italiyalı E. Vinçenti Mohenco-Daronun Xirosimanın taleyini yaşadığını faktlarla sübut etməyə cəhd etdilər. Devenport və Vinçenti buna misal kimi, torpağın yanaraq külə dönməsini, yüksək temperatur nəticəsində əriyərək yaşıl şüşəyə çevrilməsini göstərdilər. Onlar Nevada ştatında keçirilən nüvə sınaqları zamanı da analoji hadisənin baş verdiyinə, orada da partlayışdan sonra qum və torpağın əriyərək yaşıl şüşəyə çevrildiyinə diqqəti cəlb etdilər. Mohenco-Daroda tapılan qalıqların İtaliya Milli Tədqiqatlar Mərkəzində analizi zamanı məlum oldu ki, torpağın və qumun əriyərək kristallaşması və şüşəyə çevrilməsi 1400-1500 dərəcə istilikdə baş verib. Belə temperatur isə, adətən, metaləritmə və nüvə partlayışları zamanı əmələ gəlir. Ancaq Mohenco-Daro çox böyük ərazini əhatə etdiyi üçün bütün şəhərin metaləritmə mərkəzinə çevrilməsi mümkün deyil. Ona görə də məhz şəhərin nüvə partlayışı nəticəsində məhv olduğu ehtimalı daha ağlabatan görünür. Bununla bağlı yenə də şəhərdə baş verənlərlə bağlı fərqli fikirlər də var.

Belə ki, dünyanın fizika və kimya sahəsində tanınmış bəzi alimləri Mohenco-Daroda baş verən hadisələri atmosferdə gedən təbii kimyəvi proseslərlə bağlı olduğunu söyləyərək, müxtəlif sübutlar gətirirlər. Onların fikrincə, atmosferdə gedən kimyəvi proseslər nəticəsində əmələ gələn gözqamaşdırıcı parıltını nəinki gecələr, hətta gündüzlər də müşahidə etmək mümkündür. Belə ki, atmosferdəki fəal kimyəvi elementlər bir yerə yığılaraq xüsusi birləşmə əmələ gətirirlər. Kimyada buna qısaldılmış şəkildə fiziki-kimyəvi birləşmələr (FKB) deyilir. Qədim dövrlərə aid qaranlıq göy üzündəki alovsaçan diskləri tədqiq edən alimlər hələ 50 min il bundan əvvəl insanların bu sirli görüntüləri müşahidə etdikləri qənaətinə gəliblər. İtaliyada qədim etrusk (etruskların türklərin əcdadları olduğu barədə istər Türkiyədə, istərsə də Avropada onlarla elmi yazılar çap edilib) mədəniyyətinə aid edilən incəsənət nümunələrində, o cümlədən qədim ərəb mənbələrində göy üzərində alovsaçan onlarla disk barədə məlumat verilir və onların şəkilləri təsvir edilirdi. Ən qədim Misir sivilizasiyasına- bizim eramızdan 15 əsr əvvəl III Tutmos dövrünə aid edilən tarixi xronikada da alovsaçan qəribə disklər barədə məlumat var. Həmin dövrə aid tarixi xronikada deyilir: “Fironun hakimiyyətinin 22-ci ilində qışın üçüncü ayında gündüz saat 6-da göy üzündə alovsaçan bir şar göründü. İnsanların qəlbinə vahimə salan bu şar alov saça-saça yavaş-yavaş cənuba doğru hərəkət etdi. Alovsaçan şar onu müşahidə edən bütün insanlarda vahimə yaradırdı…”

Ümumiyyətlə, məlumatlara görə, indiyədək göy üzündəki parlaq işıqsaçan disklərlə bağlı 15 min hadisə qeydə alınıb.

Qara şimşək, atmosfer hadisəsi və açılmayan müəmmalar…

1983-cü il avqust ayının 12-də Meksikanın paytaxtındakı Zakatekas Rəsədxanasında bu qəribə yanar işıqsaçan obyektin ilk şəkillərini çəkmək mümkün oldu. Sonra digər rəsədxanalar tərəfindən də bu müəmmalı obyektin şəkilləri çəkildi. Məlum oldu ki, bu obyektlərin bir neçə forması var. Onlardan biri soyuq halda olur və uzun müddət işıq saçmadan atmosferdə qala bilir. Bu obyektlər uzun müddət havada hərəkət edə, bir yerdən digərinə gedə bilirlər. Onlar həmçinin torpaq üzərində də uzun müddət qala bilirlər. “Qara şimşək” adı verilən bu fiziki-kimyəvi təbiət hadisəsi göy üzündə ildırım çaxmadığı halda, özünün varlığını uzun müddət sürdürmək, yaşatmaq qabiliyyətinə malik olduğunu fiziklər və kimyaçılar artıq sübuta yetiriblər. “Qara şimşək”i fərqləndirən bir xüsusiyyət də var. O, tez-tez parlaqlığını artırır, ya da azaldır. Sanki hansı bir qüvvə bu prosesi idarə edir. Həmçinin obyekt gah ildırım sürətilə hərəkət edir, gah da sanki yorulmuş kimi ağır-ağır qəribə trayektoriyalar üzrə gedir. Onun belə hərəkət etməsi, ola bilsin ki, daxilində toplanan enrejidən asılıdır. Fiziklər belə hesab edirlər ki, obyektin – “qara şimşək”in daxilində enerji nə qədər çox toplansa, sürət də bir o qədər çox olur. Yeri gəlmişkən, onu da xatırladaq ki, bəzən “qara şimşək” adı verilən belə obyektlərin sayı eyni vaxtda çox olur. Məsələn, 1910-cu il sentyabr ayının 21-də Nyu-York sakinləri üç saat ərzində göy üzündə yüzlərlə belə alovsaçan obyekt müşahidə etmişlər. Obyektlər sanki şəhər üzərində yarışa çıxmışdılar. Onların bu hərəkəti “yarışları” maraqla izləyən adamlar üçün gözlənilmədən başa çatdı – obyektlərin hamısı qəfil gözdən itdilər. Həmin hadisəni xatırlayan fiziklər bundan özlərinin ehtimallarını – irəli sürdükləri nəzəriyyəni sübut etmək üçün dəlil kimi istifadə edirlər. Amma fiziklərin ehtimalları və irəli sürdükləri faktlar, zənnimizcə, göy üzündə baş verən bu qəribə hadisələrin əsl mahiyyətini tam şəkildə aça bilmir. Məsələn, bəzi fiziklər və kimyaçılar Mohenco-Daronun məhvinə səbəbin “qara şimşək”in daxilində gedən fiziki-kimyəvi proseslər zamanı orada zəhərli qazların toplanması ilə izah edirlər. Onların fikrincə, bu qədim şəhərin məhvinə də zəhərli qazlar səbəb olub və ona görə də insanların skeletlərində hər hansı zədələnmə yoxdur. Belə bir fikir söylənilir ki, şəhər üzərində eyni vaxtda çoxlu sayda “qara şimşək” peyda olub və onlar atmosferdə gedən proseslər nəticəsində güclü partlayışa səbəb olub. Partlayış isə şəhərin alt-üst edilməsinə, tamamilə dağılmasına səbəb olub. Fiziklər bəzi ölçmələrə əsasən, “qara şimşək”lərin daxilində temperaturun 10-15 min dərəcə olduğunu iddia edirlər. Yenə də təxmini hesablamalara görə, Mohenco-Daro məhv olmazdan əvvəl onun üzərində diametri 20-30 santimetr böyüklüyündə azı 1000 “qara şimşək” olub. Amma bütün bunlar da yalnız ehtimal olaraq qalır…

“Qara şimşək”in izləri

Mohenco-Daronun faciəli şəkildə məhvi, əlbəttə, unikal hadisə hesab edilə bilər. Lakin belə hadisələr yer üzərində çox olub. Müasir yük, sərnişin və hərbi təyyarələri idarə edən pilotlar dəfələrlə belə hadisələrin şahidi olublar. Bununla belə, yenə də gətirilən sübutlar bu qəribə hadisələrin sirrini açmaq üçün bəs etmir. Niyə? Ona görə ki, əgər Mohenco-Daro atmosferdə gedən fiziki- kimyəvi proseslər nətcəsində əmələ gələn qazlardan məhv olsaydı, onda bu zəhərli birləşmələrin qalıqları, cüzi də olsa, torpaqda qalmalı di. Amma torpaqda, daha doğrusu, Mohenco-Daroda insanların məhvinə səbəb olan zəhərli birləşmələri tapmaq mümkün olmayıb. Ona görə də Mohenco-Daronun “qara şimşək” nəticəsində məhv olması ilə bağlı bəzi fiziklərin irəli sürdükləri ehtimallar, hələlik, özünü doğrultmur. Məsələ ilə bağlı bir fakta da diqqəti cəlb edək. Məsələn, əgər Mohenco-Daronun məhvinə səbəb “qara şimşək” və ya atmosferdə gedən digər fiziki-kimyəvi proseslər idisə, onda nə üçün bu partlayış hansısa bir insan yaşamayan ərazidə deyil, qədim sivilizasiyanın ana şəhəri olan Mohenco-Daro üzərində baş verib? Demək, Mohenco-Daronun məhvinin səbəbini “qara şimşək”in “intiqam”ında deyil, başqa yerdə axtarmaq lazımdır. Nəhayət, parlaq alovsaçan disklərin atmosferdə gedən fiziki-kimyəvi proseslər nəticəsində əmələ gələn “qara şimşək”lər olduğunu söyləmək də məntiqi cəhətdən ağlabatan görünmür. Ola bilsin ki, atmosferdə hansısa proseslər nəticəsində “qara şimşək” adı verilən obyektlər əmələ gəlir. Əgər, həqiqətən də, “qara şimşəklər” atmosferdə gedən fiziki -kimyəvi proseslər nəticəsində əmələ gəlsəydilər, onda onların hərəkətlərində müxtəliflik ola bilərdi. Yəni onların bir hissəsi şimala, digər hissəsi cənuba hərəkət edər və ya bir-birilərilə toqquşardılar. Lakin “qara şimşək”lərin hərəkətləri nizamlı şəkildə baş verir. Onlar havada bir-birilərilə toqquşmaqdan məharətlə yayına bilirlər. Bundan əlavə, “qara şimşək”lər əsgərlər kimi eyni istiqamətdə hərəkət edir, bəzən də sıralara düzülərək yanaşı addımlayırlar. Bütün bunlar da göstərir ki, ya “qara şimşək”lər hansısa bizə məlum omayan qüvvələr tərəfindən idarə olunur, ya da onların əmələ gəlməsi kənar güclərin təsiri ilə baş verir. Ola bilsin ki, hansısa sivilizasiya təbiəti idarə etməyi bacarır və “qara şimşək”lərdən bizə məlum olmayan hədəfləri məhv etmək üçün silah kimi istifadə edirlər. Mohenco-Daronun məhv edilməsində də yerdənkənar sivilizasiyaların əli olması ehtimalı kifayət qədər çoxdur. Necə deyərlər, hələlik, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Mohenco-Daronun məhvinin sirrini açmaq mümkün olmur ki olmur. SON

BIR CAVAB BURAXIN