“Azəriqaz”: “Pulumu verin!”
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə 8 mln. 416 min manat debitor borcu yaranıb. Bu haqda AzadlıqRadiosu-na “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyir. Onun sözlərinə görə, “Azəristiliktəchizat” işlətdiyi qazın 35-38 faizinin pulunu ancaq ödəyir.
Kərbəlayev deyir ki, bununla bağlı adıçəkilən quruma bir neçə dəfə müraciət edilib, xəbərdarlıq olunub. Ancaq qurum hələ də borcunu ödəməyib. Buna görə də qış mövsümündə borcu olmayan qazanxanalara qaz veriləcək.
“Azəristiliktəchizat”ın 510 qazanxanası var. Bəs onlardan nə qədərinin borcu yoxdur? İbrahim Kərbəlayev konkret cavab vermir.
“Azəristilik”: “Borc olsun da. Hissə-hissə ödəyirik. Qalmır ki…”
«Azəristiliktəchizat» ASC-nin abonent müştəri xidmətlərinin rəisi Rafiq ƏliyevAzadlıqRadiosu-nun suallarını cavablandırıb.
O, bütün qazanxanaların qışa hazır olduğunu, 5 ay davam edən qış mövsümündə problem olmayacağını bildirir:
– Əgər “Azəriqaz”la da elə bir problem varsa, yəqin rəhbərlik səviyyəsində həll olunacaq. Güman etmirik problem olsun.
– Amma keçən il məhz borca görə, Bakıda əksər binalar soyuq havalarda 15-20 gün istiliksiz qaldı.
– Bəli, keçən il elə bir problem yaşandı. Sonra həll edildi. İndi ümid edirik ki, bu il artıq o problem yaşanmayacaq.
– Ümid edirsiniz? Yəni vətəndaşı əmin etmirsiz?
– Borc məsələsindən çox da məlumatım yoxdur, nə qədərdir, nə var-nə yox. Amma keçən il də rəhbərliklər arasında danışıqlar getdi, açdılar qazı. Müəyyən qədər vəsait köçürdük. Bu il də problem olmamalıdır.
– “Azəriqaz” təxminən 8 milyon yarım borcunuz olduğunu deyir.
– Olsun da, hissə-hissə ödəyirik. Qalmır ki.
– Bu borc niyə yığılır? İstehlakçi ödəmir, ya…?
– Bizim istilik tarifləri tənzimlənir və maya dəyərindən bir neçə dəfə aşağı qiymətə satılır. İstəyimizdən asılı olmayaraq, planlı şəkildə zərərlə işləyən təşkilatlardanıq. İstəyimizdən asılı olmayaraq, bu borclar yaranır. Amma çalışırıq ki, bu borcu ödəyək. Gəlirlə işləmirik deyə borc yığılması təbiidir. Amma imkan daxilində çalışırıq borc yığılmasın.
– “Azəriqaz” rəsmisi bizimlə söhbətdə bildirdi ki, vəsait ödənməsə, borclu qazanxanalara qaz verilməyəcək. Keçən qış da gördük ki, adıçəkilən qurum pulunu almadıqda qazanxanalara qaz verməyə bilər. Bu qış eyni vəziyyət yaşanacaq, ya bu qışa bir planınız var?
– Plan var … Var deyəndə ki… Onlar da dövlət təşkilatıdır, biz də… Problem olmalı deyil. Hökumət tərəfindən tənzimlənir.
– Bu il qiymət arta bilərmi?
– Bu “Azəritiliktəchizat”ın səlahiyyətində olan məsələ deyil. Hökumətin səlahiyyətindədir. Amma güman etmirəm artsın. Bizdə hökumət sosialyönümlü siyasət aparır, buna görə qiymətlər maya dəyərindən aşağıdır.
– Bununla belə, bu il keçən ilki problemin təkrarlanıb-təkrarlanmayacağını demədiniz.
– İşdə deyiləm, rəqəmlər əlimin altına deyil ki, borcun nə qədər yığıldığını deyim. Amma istənilən halda, həllini tapacaq. Problem deyil.
Ekspert: “Anormal haldır”
İqtisadçı ekspert Natiq Cəfərli yaranmış durumu “bərbad” adlandırır.“Qazanxanalara verilən qazın tamam kəsilməsi anormal haldır. İki dövlət qurumunun arasındakı problemə görə vətəndaş əziyyət çəkməməlidir. Çox təəssüf ki, Azərbaycanda idarəetmə sisteminin fəlsəfəsi bütün problemlərin vətəndaşın üzərinə yüklənməsinə hesablanıb. Bu da vətəndaşın hüquqlarının hər addımda pozulmasına gətirir”, – ekspert söyləyir.
Natiq Cəfərli hesab edir ki, indiki durumda iki dövlət qurumunun arasında baş verənlərə Nazirlər Kabineti səviyyəsində müdaxilə edilməli, qış mövsümündən öncə borc məsələsi həll edilməlidir. Onun fikrincə, ötən il belə bir problem yaşandığından hökumət “yeni sistem, yeni yanaşma” hazırlamalı və hadisənin təkrarlanmasına imkan verməməli idi. “Görünən odur ki, addım atılmayıb. Yaxın günlərdə havalar soyuyacaq və bunun əziyyətini sadə vətəndaş çəkəcək”, – ekspert bildirir.
“Azəriqaz” ötən ilin noyabrında ”Azəristiliktəchizat”-ın onlara 43 milyon manat borcu olduğunu bəyan etmişdi. Bu üzdən Bakıda bir çox mənzillər istiliksiz qalmışdı. Ancaq sonra problem yoluna qoyulmuşdu.