Bakıda oksigen zavodu istifadəyə verildi

0
748

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.

MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.

Prezident İlham Əliyevə burada hazırda icra olunan üç yeni layihə barədə məlumat verildi. Yeni layihələrə ferroərintilərin və şıxta materiallarının soba və soba-çalova verilməsini təmin edən müasir avtomatlaşdırılmış qurğunun, 9 metr radiusda olan üçşırnaqlı, tökmə surəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə maşınının quraşdırılması, həmçinin illik məhsuldarlığı 550 min ton olan çeşidli yayma xəttinin yaradılması daxildir. Bu xətt istehsal prosesində itkiləri azaltmaq üçün pəstahların bir-birinə avtomatik qaynaq olunması qurğusu ilə təchiz edilib. Çeşidli yayma xəttində tökmə maşınından pəstahların isti şəkildə verilməsi də nəzərdə tutulub ki, bu da öz növbəsində enerjiyə qənaət etməyə imkan yaradır. “Baku steel company” MMC bu layihələri İtaliyanın “Danieli” şirkəti ilə reallaşdırır.

Sonra Prezident İlham Əliyev oksigen zavodunun açılışında iştirak etdi.

Zavod dünyanın bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan bu müəssisənin istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə malikdir və “Baku steel Company”-nin artan istehsal gücünü tam ödəməklə yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə elektrik enerjisi məsrəfinə qənaət etməyə imkan verir.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salan düyməni basdı.

“Baku steel company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.

Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış oldu.

Bu il “Baku steel company”-də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.

Dövlətimizin başçısı burada istehsal olunan məhsullara baxdı.

“Baku steel company” MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisədə quraşdırılan dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etməyə tam imkan verir. Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku steel company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Regionun aparıcı müəssisələrindən biri olan “Baku steel company” məhsulun çeşidini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Şirkət regionun və dünyanın aparıcı metallurgiya ixracatçısı kimi fəaliyyətini müasir tələblər səviyyəsində qurub.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

BIR CAVAB BURAXIN