Bir çox müşahidəçilər hesab edirlər ki, İranın ali dini lideri Ayatollah Ali Xamenei ölkənin praqmatik siyasət yürütməsini əngəlləyən əsas maneədir. Onların fikrincə, Xamenei səhnədən gedincə, onun xələfi beynəlxalq normalardan yana olacaq. İrandakı islam rejimi beynəlxalq əməkdaşlığın cəlbediciliyini görüb nüvə silahına yiyələnmək iddiasından əl çəkəcək.
“The Washington Post” qəzetində Ray Takeyh belə yazır.
“ÖLÜM KOMİSSİYASI”NIN ÜZVÜ OLUB
Müəllifin fikrincə, bu gözləntiylə bağlı problem ondadır ki, Xamenei və İnqilab Mühafizəçilərinin (Bəsic) ali dini lider postuna gətirmək istədikləri namizəd İranın hakim elitasının ən mürtəce üzvlərindən biridir. Güman ki, İranın növbəti ali dini lideri olacaq Ibrahim Raisi bəlkə də İranda insanları Khamenei-dən ötrü darıxmağa vadar edəcək yeganə adamdır.
56 yaşlı Raisi də Xamenei kimi Məşhəd şəhərindəndən olan azərbaycanlıdır. O, bütün karyerasını İslam Respublikasının hüquq mühafizə sistemində keçirib. Baş prokuror, Baş Təftiş İdarəsinin rəisi və Xüsusi Dini Məhkəmənin baş prokuroru vəzifələrini tutub.
İbrahim Raisi 1988-ci ildə minlərlə siyasi məhbusu qondarma ittihamlarla edama məhkum etmiş “Ölüm Komissiyasının” üzvü olub.
Bir zamanlar hesab edilirdi ki, ali dini lider vəzifəsini biliyi və savadı ilə seçilən möhtərəm bir din xadimi tutmalıdır. Ancaq bu göstəricilərdən çox uzaq olan xamenei-dən sonra, həmin tələblərə onun özündən də az cavab verən, bütün peşəkar həyatını rejimin qaranlıq köşələrində konspirasiya hörməklə keçirmiş bir şəxsin ali lider postuna yolu açılır.
RAİSİ 15 MİLYARDLIQ BİR FONDUN RƏHBƏRİDİR
Raisi-nin profili İnqilab Keşikçilərinin müxalif fikri dağıtmaq missiyası ilə üst-üstə düşür. Xameneinin yerini tuta biləcək ideal namizəd təkcə İnqilab Keşikçilərinin baxışlarını bölüşməli deyil, həm də təhlükəsizlik orqanları və məhkəmə sistemi ilə sıx əlaqələrə malik olmalıdır. Görünür, İnqilab keşikçiləri öz adamlarını tapıblar. İnqilab Mühafizəçiləri Raisi-ni rejimin bayraqdarı və onun iradəsinin icraçısı kimi görürlər.
Xamenei bu yaxınlarda Raisini İranın ən böyük xeyriyyə fondunun rəhbəri təyin edib. Astan Quds Razavi fondu Məşhəddəki Imam Reza Məbədini idarə edir. Bu məbədi ildə milyonlarla zəvvar ziyarət edir. Məbəd çox sayda şirkətə və nəhəng torpaq sahələrinə malikdir. Qurumun varidatının 15 milyard dollardan artıq olduğu bildirilir.
Bu təyinat təkcə Raisinin vəzifəsini böyütmür, həm də nəhəng pulları onun əlində cəmləşdirir. O, həmin pullardan yararlanaraq öz təəssübkeşlərini və seçicilərini razı sala bilər. Nəticə etibarilə, Xamenei İslam Respublikasının qeyri-şəffaf pullarının qapılarını Raisinin üzünə açıb.
DƏYƏRLƏRİN SAXLANMASI
Məqalədə vurğulanır ki, Xamenei və İnqilab Mühafizəçiləri üçün ən mühüm məsələ təkcə rejimin yox, həm də onun inqilabi dəyərlərinin ayaqda qalmasıdır. Onlar İranın Çinə çevrilməsinə yol verməməkdə israrlıdırlar. Onların fikrincə, Çin öz ideoloji irsini kommersiyaya qurban verib. Xamenei-nin ciddi nəzarəti altında İran polis dövlətinə çevrilməkdədir. Bunun məntiqi davamı İranın repressiya orqanlarının göbəyindən çıxmış bir ali dini liderin gəlişi olardı.
İranın rəsmi qaydalarına görə, növbəti lideri Mütəxəssislər Şurası seçəcək. Ancaq əslində qərar indi, dövlətin arxa otaqlarında verilməkdədir. Daha mötədil rejimin yaranacağına ümid verən prezident Hassan Rouhani Qərbin rəğbətini qazanmış ola bilər. Ancaq bu mühüm güc oyununda o, yalnız tamaşaçıdır. Həm Xamenei, həm də İnqilab Mühafizəçiləri yeni ali dini liderin bu çətin zamanda gəlişindən razıdırlar. Növbəti ali dini lider təkcə teokratiyanın repressiya missiyasına inanmalı deyil. O, həm də repressiya maşınının ayrılmaz hissəsi olmalıdır.
İslam Respublikasında bu tələblərə Raisi qədər cavab verən ikinci bir şəxs yoxdur. Deyəsən o, tam vaxtında yetişmiş, gərəkən şəxsdir