Gözün aydın, Əbil!

0
584

Mən sizə Əbil adında tanışım olan bir taksi sürücüsündən danışacam.
Əbili yaxından tanımasam da onun deyib- gülən, yanında əyləşən sərnişinlə
rahat dil tapan biri olduğunu bilirdim. Bəzən Əbilin taksisində əyləşəndə
onun həqiqətən də vətənpərvər, eyni zamanda işğal altında qalan
torpaqlarımız haqqında ürəkağrıdıcı danışığının şahidi olmuşam.
Əbili məhəllədə tanıyanlar da çox idi. Odur ki, kimin vacib işi
olurdusa, harasa tələsirdisə bu xeyirxah və ürəyiaçıq gəncə müraciət
edirdilər. Mehriban sürücü də heç kimdən bir təmənna gözləmədən hər kəsi
lazım olan ünvana çatdırırdı. Danışacağım bu əhvalatı da Əbilin dostlarının
dilindən eşidib danışıram.
Əbillə bağlı əhvalat 44 günlük Vətən müharibəsi başlayanda olub.
Əbil 18 yaşında hərbi xidmətdə olmuş, keçirdiyi əsgərlik sakit və sülh
şəraitində keçsə də hərbinin əzab- əziyyətindən qismən də olsa xəbərdar idi.
Artıq o vaxtdan 7 ildən çox keçmişdir.
Dostlarının birinin dediyinə görə Əbil Vətənin işğal aıtında olan
torpaqlarını azad eləmək, lazım gəldikdə döyüşmək, hərbi əməliyyatlarda
iştirak etmək üçün çox cəhd edirdi. Məhəlləsində yaşayan bütün tay-
tuşlarına hərbi komissarlıqdan çağrış vərəqəsi gəlir onlar ordu sıralarına
yollandıqca Əbil darıxır, bu günü intizarla gözləyirdi.
Günlərin bir günü Əbilin telefonuna rayon hərbi komissarlığına olması
haqqında mesaj gəldi. Məsələ aydın idi. Əbil sevimli peşəsini buraxıb ordu
sıralarına qoşuldu.
Onun döyüş yolu Fuzuli rayonundan başladı. Hərbi maşınlara minərək
kalon şəkilində cəbhə xəttinə yollanırdılar. Təxminən 10- dan artıq
avtomobilin iştirak etdiyi hərbi kalon dağ yoxuşu ilə yuxarı qalxırdı. Birdən
haradansa uçub gələn PUA Əbilgilin qabağında şütüyən avtomobilə dəydi.
Güclü alov avtomobilin dəmirlərini ətrafa səpələdi. Ömründə kibrit
alovundan başqa bir şey görməyən əsgər bütün bunları gördükdə həyacandan
şok vəziyyət keçirdi. Burada Əbilin nə gördüyü maraqlı deyildi, maraqlısı
isə Əbilin özü idi. Şahidlərin dediyinə görə keçmiş taksi sürücüsü dizlərini
yerə atıb, əllərini göyə qaldırıb gördüyü mənzərədən elə bil Allaha şikayət
edirdi. Əbil, “İlahi! Mənim burda nə işim var idi? Mən buralara niyə gəldim
axı!?”- deyə göz yaşları içində sanki bağırırdı.

Bütün bunlara baxmayaraq Əbil hərbi xidmətini uğurla başa vurdu.
O, silahla səngərdə çəkdirdiyi şəkilləri sevinc içində sosial şəbəkələrdə
yayımlamışdı. Açığını deyim ki, keçmiş taksi sürücüsünün üzündə
təbəssümlə çəkdirdiyi fotoşəkilləri məni də sevindirdi.
Hər şey bizim istədiyimiz kimi yaxşı qurtardı. 44 günlük müharibədə
düşmənlərimizə diz çokdürüb onları torpaqlarımızdan qovduq, Qarabağımız
tam şəkildə Azərbaycana qovuşdu. Bütün bunlar bizim gənclərimizin,
Şəhidlərimizin, qazilərimizin, eyni zamanda bir yumruq kimi birləşmiş
xalqımızın qələbəsi idi.
Bu yaxınlarda keçmiş taksi sürücüsünü gördüm. Özünə yeni “Opel”
markalı maşın alıb “taksıvatlıq” edirdi. Təsadüfən yenə onunla mənzil başına
getməli oldum. Əbil bu dəfə əvvəlkindən daha yaraşıqlı və daha güləüz
görünürdü. Söhbət əsnasında sürücü sözünü kəsib birdən uca səslə dilləndi:
“Aha yaxşı ki, getdim. İndi ayda 80 manat alıram. Buna da min şükür.
Yoxsa taksıvatlıq edib dolana bilməzdim”. Nə deyəcəyimi fikirləşirdim ki,
bir də gördüm ki, mənzil başına çatmışam. Artıq “sağ ol” dan başqa bir şey
deyə bilməyib, maşından düşdüm.
Axşam xəbərlərdə müharibə iştirakçılarına, müharibə qazilərinə
verilən müavinətlərin məbləğinin qalxmasını eşitdim. Sevincimdən özümü
saxlaya bilməyib, ucadan dedim : “Gözün aydın, Əbil!”.

Mehman Fərmanov