ÖZÜM ÜÇÜN DARIXMIŞAM

0
459

     

ESSE

(Vaxtsız dünyadan köçən müğənni Yaqut Nərimanın xatirəsinə)

Səni arzularının çiçək açdığı bir vaxtda itirdik, vaxtsız, vədəsiz itirdik. Səni bir müğənni, bir övlad, bir ana olaraq itirdik. Bir atanın vüqarını, bir ananın yaşam eşqini, bir qardaşın vuran qolunu, bir bacının aldığı nəfəsi, sevgisini itirdik. Sən ölümü görüb gəlmişdin. Ancaq bu dəfə səni əbədi itirdik… Bu itkiyə yana-yana, alışa-alışa… Közü sönməz, acısı bitməz… Oğlun, yeganə yadigarın, barın Binyamin hər gün pəncərədən səssizcə səni aparan yollara baxır. Gözləri payız buludu kimi dolur, “Anam nə vaxt qayıdacaq? Axı o, məni bu qədər tək qoymamışdı”, – deyib bir kənara çəkilərək gizlincə ağlayır.

Körpə ürəyi ilə istəmir ki, nənəsinə, babasına, xalasına, dayısına, sadiq dostu, xalası oğlu Murada dərd versin. Dərdi tək çəkmək istəyir. Bilir ki, onlar dərd gəmisindədirlər… Kiməsə dərd yükü olmaq istəmir ciyərparən, bir dənən… Uşaqlar məktəbə anaları ilə gedəndə Binyamin soyuq əlləriylə xalası Şəlalənin əllərindən bərk-bərk yapışır. O əlləri buraxmaq istəmir. İtirmək qorxusuyla yaşayır körpə. Sinif otaqlarında belə gözləri anasını axtarır. Anasının ətri, qoxusu, nəvazişi üçün darıxır, uşaq qəlbi parça-parça, qıyma-qıyma, bölük-bölük olan körpənin, sabahın əsgərinin. Sənin əmanətinin… Bir parçanın… Hər gün xalası-sadiq dostumuz, son tikəsini dostlarıyla bölən Şəlalə Nərimanla anasının məzarı üstünə gedir. Danışır anasıyla. Anasına suallar da verir.

Ancaq anası susur, danışmır, dinmir. Yalnız şəkillərdən oğluna baxır. “Özünü qoru, oğlum”-deyir sanki. O yerdə də oğlunu düşünür Yaqutumuz…

Sevə-sevə gətirdiyim,

Heyf ömrə bitirdiyim.

Qalıb yolda itirdiyim,

Özüm üçün darıxmışam.

Nolar, qayıt, Yaqut. Nağıllardakı qəhrəmanlar kimi çevril möcüzəyə. Qayıt, özünü qaytar geri. Qayıt ki, Şəlalənin gözünün yaşı qurusun, yenidən efirlərə dönsün. Beynaminini böyütməyə gücü qalsın. Şəlalənin gülüşünü özünə qaytar. Şəlaləni özünə qaytar! Sən özün, bir də sənin üçün darıxmışıq. Bizi darıxmağa qoyma. Dön geri!!!

Qələmə aldılar: Alim Nəbioğlu,

İsa Rəvan.