“QAİşnik”qarşımı kəsdi, 180 sürətlə vurub aşırdım” – Bakılı Yarbala

0
981

80-ci illərin ortalarında onun adı dillərdə əzbər idi. Azərbaycanda uşaqdan böyüyə qədər hamı onun necə maşın sürməyindən danışar, haqqında rəvayətlər yayılardı. Deyilənə görə, maşını görünəndə yoldakı maşınlar kənara çəkilərmiş. Kimsə cürət edib onun yanında maşınına “qaz” vermirmiş. Səsi-sorağı 90-cı illərin əvvəlinə də gəlib çıxmışdı. Sonra qəfildən gözdən itdi, adı eşidilmədi…

 

Beləliklə, “Missiya.az”ın “Maraqlı adam” rubrikasının ilk qonağı 80-ci illərin məşhur avtoxuliqanı Bakılı Yarbaladır.

– Bir vaxtlar adınız çox məşhur idi. Azərbaycanda hamı bilirdi ki, Baklda belə bir insan var və hamının bacarmadığı tərzdə maşın sürür. Amma indi yeni dövrün öz sürənləri var. Bəs siz indi hansı işlə məşğul olursunuz?
– Pensiyaçıyam. Mənim 33 il iş ştajım var, zavodda, fabriklərdə işləmişəm.

– İndi neçə yaşınız var?
– 54 olacaq.

– Övladlarınız varmı?
– 4 övladım var; 2 qız, 2 oğlan. Nəvələrim var. Gənc babayam də(Gülür).

– Maşın sürürsünüz yenə?
– Əlbəttə. Mənim maşınsız həyatım yoxdu.

 Bəs indi necə sürürsünüz? Yenə əvvəlki kimi?
– Yox, indi indi bərk sürməyin yeri yoxdur.

 İndi sürmək asandır, ya o vaxtlar sürmək asan idi?
– O vaxtların da öz çətinliyi var idi, indinin də öz çətinliyi var. Amma o vaxt asanlıq onda idi ki, məsələn, sən gedirsən, görürsən ki, qarşıdan biri gəlir. Həm də arxadan, yandan maşınlar şütüyür. Ehtiyatını saxlayırsan, yol verirsən. Eləcə də qarşıdan gələn səni nəzərə alır. Amma indi “tormoz”a basırlar ki, gəl məni vur, keç. Görmür də, arxadan xəbəri yoxdur axı. Anlayışı yoxdur. Qəfil “tormoz”u basır. Hələ piyadaları demirəm. Nə qədər piyada vurulur. Nəyə görə vurulur? Çünki özünü qəfildən maşının altına atır ki, maşındı də, məni gözləyəcək…

b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_Yarbala01.jpg

– Yəni demək istəyirsiniz ki, indiki sürücülərin peşəkarlıq səviyyəsi aşağıdır?
– Bilirsiniz, indi sürücülük mədəniyyəti aşağıdır. Sürücülər bir-birilərinə güzəşt etmək istəmirlər. Amma o vaxtlar belə deyildi. Hamı bir-birinə yol verməyə çalışırdı. Cavanlar yaşlı sürücülərə hörmət edirdilər. İndi isə bütün bunlara rast gəlmək çətindir.

– İndi təzə sürənlər çıxıb meydana. “Avtoş” deyirlər onlara…
– Gəncdirlər də. Onlar da nəsə etmək istəyirlər.

– Sürə bilirlərmi?
– Nə deyim vallah. Deyir ki, hər oxuyandan molla Pənah olmaz. O molla Pənahın yerini heç kim verə bilməz.

– Yəni demək istəyirsiniz ki, sürücülükdə də Aşıq Pənah sizsiniz…
– Əstəğfirullah, mən özümü tərifləyə bilmərəm. Mənim sürməyimi kim bəyənibsə, onlar tərifləsin. Mən nə deyə bilərəm.

 Neçə yaşından maşın sürməyə başlamısınız?
– 14-15 yaşından.

b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_yarbala_2.jpg

– Yəqin qaçırdırdız…
– Xeyr. Kiminsə maşınını qaçırmamışam.

– Ailə üzvlərindən, qohum-əqrabadan kiminsə maşını nəzərdə tuturuq. Yəni sürmək üçün.
– Hə, atamın maşınını sürə-sürə öyrənmişəm. Qapımızda həmişə 2, hətta 3 maşın olub. Atamın imkanı olub. Onları sürmüşük. Özü də birinci dəfədən sərbəst maşın sürmüşəm. Əgər ilk dəfədən sərbəst sürməsəydim “zibili çıxardı”.

– İlk dəfə hansı maşını sürmüsünüz?
– “Jiquli”.

– “011”?
– “01”, “011”. Lap əvvəl “Qaz 21” də sürmüşəm. Atamın “Qaz 21”i olub. Amma onu elə-belə sürmüşəm, yəni dala, qabağa filan. Amma “Jiquli”də öyrənmişəm.

 Bəs necə oldu ki, Yarbala ad çıxardı?
– Sürürdüm də.

– Bərk sürməyiniz diqqət çəkirdi, yoxsa texnikanız?
– Ola bilər ki, texnika. Yəni hər adam qazın, tormozun yerini bilir. 3 dənə pedal var də. Hər adam oturur və sürür. Amma bu işdə də Allah vergisi var.

 Yəni deyirsiz istedad lazımdır?
– Əlbəttə. Bu işin də öz incəlikləri var. Məsələn, sizin verdiyiniz sualları mən kiməsə verə bilmərəm. Bacarmıram. Mən “motor” yığa bilmərəm. Hər kəsin öz fikirləşdiyi, bildiyi yollar var. Mən də maşınla nəfəs alıram.

 Təzə-təzə maşın sürməyə başlayanda həmyaşıdlarınızla yarışırdız?
– Olurdu. Dilxoşluq eləmişik də. Hamısı dostlarımız, qardaşlarımız olub. Bir yerdə oturub-durmuşuq. Biri yaxşı sürürdü, biri zəif, biri güclü, biri də əla. Əla sürənlərlə sürmək ləzət edirdi.

– O vaxtlar hansı yolda yarışırdız? Yarışlar üçün xüsusi günləriniz olurdumu?
– Daha çox aeroport yolunda sürürdük. Bakıda ən uzun yol ora idi. “Sıxmaq” olurdu orada. Rayondan hansısa məclisdən çıxanda da yarışırdıq. “Kim birinci şəhərə çatar”, yaxud, “Şəhərdən kim birinci həmin rayona çatar” kimi yarışlarımız olurdu.

– Sovet “QAİ”ləri ilə münasibətiniz necə idi?
– Belə də. Yaxşı münasibətdə olduqlarım da var idi, pis münasibətdə olduqlarım da.

– Tuta bilirdilər? Yəni çata bilirdilər sizə?
– Yox, tutulmaq mənlik deyil. Təbii ki, çatsaydı, tutardı. Heç bir “QAİşnik” mənə çata biləməyib. Amma indi sürücünü tutmağa nə var ki. “Svetofor”u söndürür, tıxac yaranır, üstəlik də hər yer kamera. Vəssalam. Adını qoyurlar ki, “biz tutduq”(Gülür).

– Avtomat “korobka” ilə aranız necədir?
– İndi “avtomatın” zəmanəsidir. Amma avtomat “korobka” ilə həmin o manevrləri etmək mümkün deyil.

– O vaxt baş vermiş maraqlı hadisələrdən birini danışa bilərsiz?
– Belə hadisələrin hamısı mənim yadımdadır. Bir QAİ işçisi var idi o vaxtı. Bu, sən demə, bizim məhlədə olurmuş. Mən də bunu tanımıram. Bu, əl elədi mənə, saxlamadım. Sonra gəldim ki, şirinlik kimi buna nəsə təklif edim. Dedi, “yox, mən götürmürəm”. Ancaq səni tuitacağam. Bu QAİ işçisinin də ləqəbi var idi – “smert Rasim”. Nə isə, bir dəfə qovdu məni. Çata bilmədi. Sonra məni saldı qara siyahısına. Harda görürdü dalımca düşürdü. Fikri-zikri məni tutmaq idi. Bir dəfə Azneftlə Qız qalasına tərəf gəlirəm, Zevinə tərəf. Bir də görürəm ki, bu, QAİ maşını ilə Zevin tərəfdən çıxır. Sürətimi azaltdım ki, görüm, bu, hansı tərəfə gedəcək, sonra mən gedim. Daha şəhərin içində arxamca düşməsin. Dərhal maşını mənimlə üzbəüz verdi. Verəndə mən fırlatdım, qaçdım. Orada yeraltı piyada keçidi var. Yəqin, görmüsünüz. O yeraltı keçidin yanında avtobus dayanacağı var. Camaat da dayanıb. Mən bir təhər qaçdım. Amma onun qopardığı qiyaməti hamı gördü. O vaxtı sovet rejimi idi də. Şikayət etmişdilər barəsində. Buna görə də ulduzunun birini aldılar. Bunun mənimlə münasibəti daha da pis oldu. O, elə inspektor idi ki, öz doğma qardaşına protokol yazmışdı. Mən bunu sonradan öyrənmişəm. Nə isə. “Smert” axıra qədər getdi mənimlə. Oradan – QAİ-dən qovulana qədər mənimlə vuruşdu. Hər dəfə də deyirdi ki, səni tutacam. Mən də cavab verirdim ki, bu, sənin başın üçün deyil. Burada səndən də güclü əjdahalar olub. Qərəz, bu ha çalışdı ki, məni tutsun, amma arzusuna çata bilmədi. Beləcə də pensiyaya çıxardılar getdi.

– Siz “smert” dediniz, bu da bizə daha bir ismi xatırlatdı. Gəncədə də bir sürən olub -“Smert Tofiq”. . Camaat arasında gəzən söz-söhbətə görə sizinlə onun arasında həmişə rəqabət olub. Hətta sonradan düşmən kəsildiyinizi deyənlər də var…

– Mən onun söhbətini etməyəcəm. Deyim də sizə niyə. O yaşda məndən böyük idi. Çünki mən balaca uşaq olandan onun yaxşı maşın sürməyi barədə eşidirdim. Ən azından mən onun maşın sürməyinə hörmət etməliyəm. Siz deyirsiniz ki, necə oldu ki, ad çıxardız. Mən də sual verərirəm i, necə oldu Tofiq ad çıxardı, “Smert” ləqəbi qazandı? Demək, nəsə yaradıb, bilib. Sizə niyə demədilər “smert filankəs”?

– Ümumiyyətlə, siz onunla maşın sürmüsünüz?
– Mən bu suala cavab verməyəcəm, ən azından onun sürməyinə hörmət etməliyəm.

– Amma deyilənə görə o sizinlə sürmək üçün Gəncədən Bakıya gəlib...
– Dedim axı, bu barədə heç nə danışmayacam. Mənim atam o vaxt həbsdə idi. Bu dediyiniz söhbətlər, hərəkətlər o vaxt olmuşdu. Atam bilirdi ki, maşını dəli kimi sürürəm. Məni yanına çağırdı. Məni çağırdı və and verdi ki, onunla maşın sürməyim. Dedim “baş üstə, onunla maşın sürmərəm”. Onunla mənim haqq-hesabım da olmuşdu, amma atam deyəndən sonra ümumiyyətlə olmadı. Atam deyənə qədər nə olmuşdusa, o, mənim özümdə qaldı.

– Bəs o vaxtlar elə uşaqlar var idimi ki, yaxşı maşın sürsələr də adları çıxmadı?
– Əlbəttə, çox idi elələri. Yəni hərəsinin öz incəlikləri var idi. Amma indi onların adlarını çəksəm, kimsə tanımayacaq. Biri qəzaya düşərək həlak olub, birinin qəzada qol-qabırğası əzilib…

– Qəza demiş, siz heç qəzaya düşmüsünüz?
– O qədər. Bir talış QAİ işçisi var idi, o da mənimlə prinsipə girdi. Dedi, “mən səni tutacağam”. Dedim, “Allah köməyin olsun. İmkan varsa, tutma məni”. Dedi, “yox, tutacağam”. Gəldim o vaxt “Raboçiy” prospektə. Sən demə, bu da içib gəlib orada məni gözləyirmiş. Mən də Nizami parkının qabağı ilə gəlirəm. Bu, mənim qabağımı kəsdi. Mən də bunu maşınla vurdum. QAİ maşınını. O zaman mən yüngül xəsarət aldım, bunun ayağı sındı, yanında oğlan var idi, onun qolu sındı. Bərk vurmuşdum, böyük hadisə idi. Həmin bu “QAİşnik” qabağımla 30 metr sürünmüşdü. “Tormozsuz” gedib girmişdim.

– Tutmadılar sizi?
– Niyə?

– Necə yəni niyə, QAİ maşınını vurduğunuza görə.
– O eləmişdi axı. Özü də çəkdi cəzasını. Burada cavanlıq emosiyası da öz işini görmüşdü.

– Ən yaxşı “priyomunuz” hansı olub?
– O priyomlar vergidi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_yarbala3.jpg

– Ən yaxşısı hansı idi? Məsələn, biz eşitmişik ki, dönmələrdə sizin bənzəriniz olmayıb…
– Əlbəttə. Döngə ən əsasıdır. Dönməni bacarmadınsa, heç. “Raşotun” dəqiq olmalıdır.

– Bir də sizin haqqınızda eşitmişik ki, bir dəfə Rusiyadan gələn “qonşik”lərə qoşulub onlarla maşın sürmüsüz icazəsiz. Özü də bu, indiki Azadlıq meydanında olub.
– Yox. Elə bir şey olmayb. Ola bilər ki, orada biz özümüz nəsə oyunlar çıxarmışıq.

– Yeri gəmişkən, oğul övladınız var?
– Bəli.

– O da sizin kimi sürür?
– İndi o vaxtkı kimi sürmək olmaz. Mən özüm də məsləhət görmürəm. Nəinki özümə, övladlarıma, ümumiyyətlə heç kimə. Çünki baxın də, görürsən ki, ya gedir adam vurur, ya da özünü bəlaya salır. Allah uzaq eləsin, Allah heç kimə göstərməsin. İndi mümkün deyil. Amma o vaxt, hə, həm maşın az idi, həm də maşını sürən bilir ki, qarşındakı, arxandakı, yanındakı nə etmək istəyir. Amma indi sürücü mədəniyyəti var?! Hardan var?! Yoxdu axı!

– İndiki DYP əməkdaşlarından sizi tanıyan olmaz.
– Niyə, elə indi də tanıyanlar var. Sağ olsunlar, hörmət edirlər. Məni saxlayanda düşüb demirəm ki, mən Yarbalayam, hörmət edin. Yəni sürücülük vəsiqəm var, sənədlərim qaydasında, qayda da pozmuram. Niyə o, məni saxlayıb nəsə desin ki?! Qayda da pozanda üzr istəyirəm ki, “qədeş, bağışla, narahat elədim səni”.

– İndi sürdüyünüz avtomobilinizin markası nədir?
– “Mercedes”.

– Avtomat “korobka”?
– Bəli. Amma mən mexanikaya üstünlük verirəm.

– “06 motorunun” yerini verir?
– Bu, onun yerini verə bilməz axı. Düzdür, rahatdır, komfortludur. Amma “avtomat korobka”lı avtomobilləri sən sürmürsən axı. 4-dən 3-ə atıb, üstünə qoymadınsa, nə ləzzəti.

 İndiki gənc sürücülərə hansı məsləhətləriniz ola bilər?
– İndi onların özləri, maşallah, sizdən də, məndən də çox bilirlər. Allah hamısını qorusun. Gərək ehtiyyatlı olalar.

 Siz heç mərc gəlib yarışmısız?
– Pula görə heç vaxt sürməmişəm. Mən canımı, özümü, öz “udovolstviyamı” pula satmıram. Dünən də pula görə maşın sürməmişəm, bu gün də sürmürəm, sabah da sürməyəcəm. Demirəm ki, ayıbdır. Sadəcə mən bunu qəbul etmirəm. Siz deyərsiz, sürərəm. Amma buna görə pul mənə lazım deyil. Neyləyirəm kiminsə 500 manatını, 1000 manatını, 5 minini. Bəlkə, heç cibimdə 5 manatım yoxdu, amma kiminsə 500 manatında da gözüm yoxdu.

– SSRİ istehsalı olan hansı maşın markasını sürmək sizə daha rahat idi?
– “06”, “07”. Çox gözəl maşınlar idi. İndiki 07-lərdən danışmıram ha. O vaxtkı maşınlar başqa aləm idi. Bayaq dedim, mən o QAİ maşınını saatda 180-lə vurmuşam. Heç birimiz ölmədik. Nəyə görə? Çünki keyfiyyətli dəmirdən hazırlanmışdı maşınlar.

 Siz nədənsə peşman olmusunuz? Heç demisinizmi ki, kaş elə sürməyəydim?
– O peşmanlıq bilirsiniz nədən irəli gəlir? Məsələn, vaxt olub ki, qəzadan sonra tez evə gəlmişəm ki, anam narahat olacaq. Gələndə görmüşəm ki, anam artıq qardaşımla hadisə yerinə gedib. Görüb maşın nə gündədir. Gəlib görmüşəm ki, anam ağlayır. Məni görüb, inanmayıb ki, sağam. Mən gələnədək o, stress keçirib. Niyə? Bircə elə şeylərə peşmanam. Sürməyimə hələ indiyədək peşman deyiləm. Niyə olmalıyam ki? Əksinə, nəyisə əldə etmişəm də, nəyisə öyrənmişəm. Sürdükcə öyrənmişəm. O qədər maşınlar dağıtmışam ki. Bu gün mən də “S klass” sürərdim, “Jeep” sürərdim, pulum olardı. Düzdür, şükürlər olsun ki, acından ölmürük, Allaha çox şükür. Beşindən pis, üçündən yaxşı dolanırıq. Allah ruzimizi verir. Amma daha yaxşı da ola bilərdi…

– Ən yüksək sürətiniz hansı olub?
– 250 sürmüşəm. 92, 93-cü illərdə “yeşka”lar var idi, 260-la gedirdi.

– Bəs indiki xarici maşınlardan hansına üstünlük verirsiniz?
– “Mercedes”, “BMW”. Alman maşınları.

– Deyilənə görə, siz maşını iki təkərə qaldırıb yerdən kibrik qutusu götürmüsünüz. Olub belə şey?
– Aydın məsələdir ki, o boyda sürətlə spiçkanı götürmək olmaz. Gəlib spiçkanın yanından keçərsən, spiçka uçar. Onu Tofiq barədə də deyirlər. Amma mümkün deyil.

– Deyirlər, yerindən götürəndə “qluşitel”i yerə vururmuşsuz…
– Camaatdır də. Bezi söhbətlər uydurmadır.

– Bəs iki təkər məsələsi necə?
– Aydın məsələdir ki, sürürsənsə, qalxacaq də. Yəni “mən sırf burada bunu qaldıracam” yox, sadəcə sərt döngəyə girəndə və dəqiq “raşotun” olanda maşını yanı üstə qaldırırdıq. Bax o “qluşitel”in yerə dəyməsi-filan hamısı belə vəziyyətlərdə olurdu.

 Eşitmişik ki, Yarbala indiyədək nə içki içib, nə siqaret çəkib. Cavanlıqda da içmirdiz?
– Yox-yox. Mənlik deyil. Heç vaxt.

 O vaxt mənəm-mənəm deyən sürücülər qorxurdular sizin yanınızdan sürətlə keçməyə. Yəni risk etməzdilər…
– Qorxu deməzdim buna. Hörmət edirdilər.

– Amma indi gəlib yanınızdan bərk keçirlər. Sizin ürəyiniz sınmır ki, belə şeydən.
– Bilmirlər, tanımırlar. Mənə bayaqdan deyirsiniz ki, “smert Tofiq”dən danış, mən deyirəm ki, yox. Ən azından onun sürməyinə hörmət edirəm. Məsələn, mən evdə atama hörmət eləmişəm, kənarda da, başqalarına. Əgər bir uşaq evdə atasına hörmət eləmirsə, mənə necə hörmət edə bilər?

 Yaxşı, maşın mövzusunu yekunlaşdıraq. Maşından başqa nəyə marağınız var?
– Kişi kimi yaşamağa. Kişi kimi yaşamaq lazımdır. Pislik eləməyə nə var. Bu dəqiqə acı söz deyim, olum pis.

– Dolanışığınız necədir, ölkədəki vəziyyət qane edirmi sizi?
– Elə bir korluğumuz yoxdur. Cavan Prezidentimiz var, Allah onun canını sağ eləsin. Ölkəmizə kənardan çox əllər uzanıb. O şakal-makallar maneçilik eləməsə, hər işimiz yaxşı olar. İnşəllah ğlkəmizin gələcəyi bundan da yaxşı olar. Əsas odur ki, prezidentimizə güvənirik.

 Yadımızdan çıxmamış soyadınız da bilmək istərdik…
– Yusifov. Yusifov Yarbala Yusif oğlu. Bakıda doğulmuşam. Daha dəqiq desəm, dağlı balasıyam. Bakını, Azərbaycanı canımdam da çox sevirəm, azərbaycanlılarla da fəxr edirəm.

BIR CAVAB BURAXIN