Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

0
1978

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. “Erməni məsələsi” adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir. Baş verən mina hadisələri göstərir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil və yenə də terror, təxribat yolu ilə məkrli niyyətini reallaşdırmağa çalışır. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olmuşdur. Beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova