Zəfər paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi
Zəfər paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi. ZƏFƏR paradı ictimaiyyət tərəfindən Qardaşlıq Zəfərinin rəmzi də adlandırılırdı. İki qardaş ölkənin liderlərinin paradı birgə qəbul etməsi və onların möhtəşəm çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. Bu mənada 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm ZƏFƏRƏ həsr olunmuş parad Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzinə çevrildi.
Bu sarsılmaz dostluğu möhtərəm Prezidentimiz İlham Əliyev 2020- ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında belə ifadə edib: “Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk.” Rəcəb Tayyib Ərdoğanın “Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir” fikri də eyni amal uğrunda mübarizə aparan xalqlarımızın, beynəlxalq aləmdə də bir yumruq kimi birləşən ölkələrimizin dostluğunun necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində göstərdiyi prinsipial mövqe, bu mövqeyə qardaş Türkiyənin qeyd-şərtsiz dəstəyi, mənəvi hamiliyi, ay-ulduzlu bayraqlarımızın hər zaman, hər yerdə birgə dalğalanması gücümüzə güc, ruhumuza ruh qatdı, Azərbaycan insanını özünə inandırdı. Bu birlik böyük Qələbəmizi şərtləndirdi. Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun istər Türkiyədə, istərsə də beynəlxalq təşkilatlarda, bütün səfərlərində açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır.” fikirləri dünyaya, xüsusən təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə mesaj idi.
Türk dünyasının iki böyük lideri – Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında bu dostluğu ən ali səviyyədə qiymətləndirirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Bu gün bizim birliyimiz dünya çapında bir amildir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir!” və ya Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə desək Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik…” fikirləri artıq aforizmə çevrilib. Bu, təbii ki, dostları sevindirir, düşmənə göz dağı verir. Əslində, Azərbaycanla Türkiyənin yüksəlişini qısqanclıqla qarşılayanlar, bölgədə fitnə və fəsad yaradanlar yaxşı bilirlər ki, bu iki ölkə yüz il bundan əvvəl də bir yerdə olub, bu gün də bir yerdədir və gələcəkdə də bir olacaqlar.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru