“İsrail və Fələstin arasında münaqişənin yeganə həlli yolu “ikidövlətli həll” üsuludur”.
Bu sözləri İsrailə səfər edən azərbaycanlı jurnalistlərə açıqlamasında İsrail Fəhlə (“Avoda”) Partiyasının baş katibi, Knessetin (parlament) sədr müavini Hilik Bar deyib. O bildirib ki, hazırda fələstinlilərin yaşadıqları ərazinin bir hissəsi və sahildən bir hissə daxil olmaqla, Fələstin dövləti qurulmalıdır: “Hesab edirəm ki, “ikidövlətli həll” prosesinə ən pis alternativ “birdövlətli həll”dir. Buna görə də biz gələcəkdə fələstinliləri İsrail sakinləri kimi görmək istəmirik. Biz istəyirik ki, İsrailin təhlükəsizliyinin təminatı kimi müxtəlif şərtlər altında onlar müstəqil ölkəyə malik olsunlar. Təəssüf ki, bu gün həm İsraildə, həm də Fələstində müxtəlif şəxslər “birdövlətli həll”in tərəfdarı kimi çıxış edirlər. Bu, dəhşətli ideyadır. İsrail baş naziri Benyamin Netanyahu da anlayır ki, yeganə həll yolu “ikidövlətli həll” yoludur. Bu, asan deyil, amma əsas istiqamətdir”.
H. Bar Fələstin məsələsinin həllinə mane olan əsas səbəbləri də açıqlayıb: “Bir neçə arqument var ki, biz fələstinlilərlə razılığa gələ bilməmişik. Bunlardan biri qaçqın məsələsidir. Biz hesab edirik ki, bütün fələstinli qaçqınların məsələsi gələcəkdə Fələstin dövlətində həll olunmalıdır. Digər məsələ Yerusəlim məsələsidir. Yerusəlimdə hər iki xalq yaşayır, lakin o, yəhudi sivilizasiyası tərəfindən yaradılıb. Bu müqəddəs ərazilər İsrailin suverenliyi altında olmalıdır. Təbii ki, burada digər dinlərə hörmət nümayiş etdiriləcək. Digər məsələ isə İsrailin yəhudi xalqının milli dövləti olması məsələsidir. Fələstinlilər hələ də İsraili nəinki dövlət kimi, İsrail xalqının vahid dövləti kimi qəbul etməkdən imtina edirlər. Bu, çox vacib məsələdir. Fələstinlilər anlamalıdır ki, əgər İsrail ərazi məsələsi və digər məsələlərdə konsensusa gələ bilirsə, fələstinlilər də deyilən məsələlərdə konsensusa gəlməlidirlər. Mənim partiyam hesab edir ki, biz şərqi Yerusəlimi fələstinlilərə verə bilərik. Bəzi məhəllələri isə dəyişdirə bilərik. Amma müqəddəs yerlərlə bağlı eyni şeyi deyə bilmərik. Bu ərazinin suverenliyi İsrailə məxsusdur. İsrail burada təhlükəsizliyi təmin edən yeganə ölkədir”.