Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi sistemi alıb.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan tərəfindən işğal olunmuşdur. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuzbucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, 300-400 il yaşında qırmızı palıd ağacları,bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdir. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da – əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından burada nə istəsən yaradırdılar. Laçının çox keyfiyyətli su mənbələri vardı. Bunlardan 20-dən artıq müalicə əhəmiyyətli bulaqlar idi. Buranın insanları çox-çox qədimlərdən bu mineral bulaqlardan müalicə məqsədi ilə istifadə etmişlər.
Laçın rayonu 1 dekabr 2020-ci ildə Ermənistan işğalından azad olunmuşdur. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı.
Zərdab şəhər 1 saylı məktəb liseyin müəllim- Çinarə Fərəcova