Rəşadətli Azərbaycan Ordusu Laçın rayonunu işğaldan azad edib. Bu tarixi qələbə münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyev xalqa müraciət edib. Bu, olduqca parlaq və dərin məzmunlu bir çıxışdır. Mən onu televiziyadan sonsuz maraqla izlədim. Dövlətimizin başçısı xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edərək demişdir:
“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Erməni vandalları işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Laçın rayonundakı bütün binaları, bağçaları, məktəb və xəstəxanaları dağıdıblar. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq şübhə yoxdur ki, Azərbaycan dövləti bütün rayonları, eləcə də gözəl və füsunkar Laçını tamamilə bərpa edərək, orada vətəndaşlarımızın normal həyatı üçün şərait yardacaq.
Prezident İlham Əliyev fəxrlə qeyd etmişdir ki, bu istiqamətdə ilk layihələr artıq icra edilməyə başlanılmışdır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə- Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır.
Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
ikinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. Düşmən yenildi. Məğrur Laçınımız itkisiz işğaldan azad edildi. Xalqımız bu günlərdə Qələbə sevincini yaşayır. Biz tariximizin ən şanlı, şərəfli günlərini yaşayırıq. Bu, böyük xoşbəxtlikdir.
30 ilə yaxın idi ki, biz doğma torpaq nisgili ilə qovrulurduq. Nəhayət, bu nisgilə son qoyuldu. Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri