Tarixi Zəfərimiz türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır

0
1965

Tarixi Zəfərimiz  türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır

Türk dünyasının birliyinin möhkəmləndirilməsi  dövlətimizin xarici siyasətində prioritetdir. Buna əmin olmaq üçün təkcə dövlət başçısı İlham Əliyevin cari il çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərin aktuallığına  diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün  noyabrın 10-da Özbəkistana səfər etdi. Bu, cənab İlham Əliyevin 2022-ci ilin ötən dövründə Özbəkistana sayca 3-cü səfəridir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.  Hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Özbəkistana bundan əvvəlki səfəri zamanı  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdir. Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, prezidentlərin şəxsi münasibətlərinə, etimadlarına işıq saldı. Hər bir səfər zamanı prezidentlərin  görüşündə də ayrı-ayrı sahələrdə əlaqələrin hazırkı inkişaf səviyyəsinə xüsusi diqqət yönəldilir, perspektivlər müzakirə olunur. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Hər iki görüşdə Azərbaycanın bu günlərdə tarixi Zəfərinin ikinci ilini qeyd etməsi önə çəkilərək dövlət başçısı İlham Əliyevə təbriklər çatdırıldı. “Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr – Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, – Siz bu təşkilata rəhbərlik edirsiniz” söyləyən Özbəkistan Prezidenti bildirdi ki, bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. İki dost ölkənin  münasibətləri strateji əhəmiyyət daşıyır. Əlaqələrimiz sistemlidir  və  konkret nəticələr verir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq

Azərbaycan dövlətinin xarici siyasətində diaspor quruculuğunun, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin təmin edilməsi istiqamətində atılan addımların uğurlu  nəticələrindəndir. Tarixi Zəfərimizdə  dünya azərbaycanlılarının həmrəyliyinin roluna yönəldib: “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu birliyin, həmrəyliyin möhkəmləndirilməsində, xaricdə yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunmalarında öz sözünü dedi. Artıq bu il tarixi Zəfərimizin reallıqları fonunda dünya azərbaycanlılarını bir araya gətirən Şuşada Zəfər Qurultayı keçirilərək  postmünaqişə dövründə  dünya azərbaycanlılarının qarşısında dayanan vəzifələr müzakirə edildi. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı etdi ki, acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Dövlət başçısı İlham Əliyev iştirak etdiyi beynəlxalq təşkilatların tədbirlərində yüksək tribunalardan Azərbaycanın işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə mərhələsinin reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Sözügedən Zirvə Görüşündə “İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Hazırda bu ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.  Dostluğumuzun, qardaşlığımızın nümayişi olan bu məqama da diqqət yönəldildi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.  Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlıq ifadə edildi. Prezident İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etdi.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və möhkəm dostluq üzərində qurulub.

Prezident İlham Əliyev cari ildə üçüncü dəfədir ki, Özbəkistana səfər edir. İyun aynda baş tutmuş dövlət səfəri zamanı ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsinə dair 19 sənəd imzalanıb. Bu sənədlərdə ölkələrimiz arası 500 milyon dollar investisiyaların yatırılması ehtiva edilir. O cümlədən dövlət başçılarımızın təşəbbüsü ilə yaradılmış hökumətlərarası komissiya ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin artırılmasına və iqtisadi əməkdaşlıq imkanlarının daha da geniş şəkildə istifadə olunmasına yol açır.

Özbəkistan Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, Vətən müharibəsi zamanı yanımızda olub. Həmçinin torpaqlarımızın işğaldan azad olunmasına sevinən qardaş ölkədir. Özbəkistanın Zəfər Günümüzü geniş şəkildə qeyd etməsi və bizim sevincimizə şərik olduğunun nümayişi əsil dostluq və qardaşlığın göstəricisidir. Özbəkistan yeganə xarici ölkədir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti layihəsi ilə bağlı yardım göstərir. Belə ki, Özbəkistan Respublikasının maliyyə dəstəyi ilə Füzulidə tikilən orta məktəb binası xalqlarımız arasındakı dostluğun simvoluna çevriləcək. Bu ölkənin belə bir ilkə imza atması təbii ki, ölkələrimiz arası münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

Təbii ki, iki ölkə arasında mədəni-humanitar əlaqələr də genişlənir. Ümumiyyətlə, deyə bilərəm ki, Özbəkistanla əlaqələrimiz tariximizin ən yüksək dövrünü yaşayır.

“Prezident İlham Əliyev Səmərqəndə səfəri çərçivəsində noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin IX Samitində iştirak edib. Türk Dövlətləri Əməkdaşlıq Şurasının ilk Zirvə toplantısı Naxçıvanda baş tutub. Bu birlik təşkilata çevriləndən sonra isə ilk Zirvə toplantısının Səmərqənddə keçirilməsinin arasında da bir bağlılıq var. TDT bu gün yeni dünya düzənində yaranmış çağırışlar fonunda daha da güclənir. TDT-yə daxil ölkələr arasında ticarət dövriyyəsi 2016-cı ildə 13,9 milyard dollar idisə, 2021-ci ildə artaraq 25,9 milyard dollara çatıb.

TDT-nin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edib, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Toplantının müzakirə mövzularından biri də Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı olub. Çünki, bu dəhliz nəinki Naxçıvanla quru əlaqəmizi yaradacaq, həm də Türk Dövlətləri Təşkilatı ölkələri arasında birbaşa bağlantının yaranmasına yol açacaq. Bundan əlavə, Zəngəzur dəhlizin açılması TDT-yə daxil ölkələr arasında daşınmaların həyata keçirilməsinə yeni bir yanaşmanın ortaya qoyulmasına imkan verəcək.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Səmərqəndə səfəri Özbəkistanla əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək. Həm də keçirilən TDT liderlərinin IX Zirvə Görüşü bu təşkilata üzv ölkələrin iqtisadi və siyasi əməkdaşlığının müasir çağırışlara uyğun inkişafına yeni imkanlar açacaq.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü olub. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayan Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan Prezidenti aprel ayında Özbəkistana dövlət səfəri edib, sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb. Bu əlaqələrin bütün türk dövlətləri ilə yüksələn xətlə inkişaf etməsi dövlətimizin əsas vektorlarındandır. Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərindən danışarkən türk dövlətlərinin şirkətlərinin bu quruculuq işlərində iştirakını müsbət dəyərləndirib. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri öz töhfələrini verir, o cümlədən Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri, xüsusilə türk dövlətləri faydalanacaq. Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq regional təşkilat olmaqla yanaşı, coğrafi əlaqələri mövcud olan dövlətlər birliyinə çevriləcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi gücünü artıracaq

Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirakının iqtisadi əhəmiyyəti böyükdür.

TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə rolunda qatılırlar: “Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə TDT arasında 4,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13 faizidir. TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84 faiz ilə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8 faiz), Türkmənistan (5 faiz), Özbəkistan (3 faiz), Macarıstan və Tacikistan (birgə 1 faiz) tutur”.

Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Habelə, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17 faizi, xam neftin isə 1 faizi Türkiyə Cümhuriyyətinə ixrac olunur. Türkiyədən başqa TDT-də müşahidəçi ölkə rolunda çıxış edən Macarıstana 530 min dollar dəyərində neft məhsulu ixrac olunur ki, bu da ümumi ixracın yarısıdır. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Azərbaycanın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.Azərbaycanın Macarıstan istisna olmaqla digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur.

Türkiyə və Macarıstan Türk Dövlətləri Təşkilatı arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Belə ki, bu ilin ilk 6 ayı ərzində Türkiyə Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon dollar birbaşa xarici sərmayə yatırıb.

Azərbaycanlı investorlar tərəfindən isə Türkiyəyə 59,7 milyon dollar və Özbəkistan iqtisadiyyatına isə 8 milyon dollar investisiya qoyulub.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı

Prezident İlham Əliyev Səmərqənddə keçirdiyi ikitərəfli görüşlər və Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı. Dövlətimizin başçısının çıxışı üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yeni səviyyəyə yüksəldiyini bilmək və qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Birincisi, çıxışda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması vurğulandı. İkincisi, bir daha elan edildi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yol 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayıb. Dövlət rəhbəri böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini söylədi. Bildirdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Prezident çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirdi: “Gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanının yaradılmasını gündəliyə gətirdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu beynəlxalq təşkilatın kürsüsündən səsləndirərək daim gündəlikdə saxlanılmasını və bu istiqamətdə lazımi addımlar atılmasının vacibliyini bildirdi. Bəyan etdi ki, Azərbaycan dövləti acı taleyin hökmü ilə ondan ayrı düşmüş soydaşlarımızın dili, ənənələri və mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətəni ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəkdir. Üçüncüsü, Qarabağın və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalından azad olunması üzərində dayanan Prezident bununla Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini söylədi”.

Dövlətimizin başçısı çıxışında işğalın ağır nəticələrini, xüsusən məscidlərin dağıdılmasını söyləməklə, islamofobiyanın və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasının əsasını təşkil etdiyini beynəlxalq təşkilatın kürsüsündən elan etməklə İrəvana sarsıdıcı zərbə vurdu, mina terrorunu ifşa etdi: “Dördüncüsü, Azərbaycan Prezidentinin çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Gördükləri işlərə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə təşəkkürünü bildirdi. Beşincisi, dövlət rəhbəri İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlar üzərində dayanaraq İrəvanın iyrənc təbliğatını darmadağın etdi. Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar və Qarabağ münaqişəsi tarixdə qalıb.

Ümumilikdə, Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı. Hədəf düzgün və aydındır. Müqəddəs bir yolun başlanğıcındayıq. Bu yolun da uğurla başa çatacağına inanırıq”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir.

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Qeyd edək ki, hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı Azərbaycan və özbək xalqları məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. Hadisələrin əsas səbəbkarı və təşkilatçısı kimi müxtəlif mənbələr tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi göstərilib. 20 Yanvar və Sumqayıt hadisələrində eyni dəst-xəti görmək mümkündür. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. “Улуғ Туркистон” qəzetində: “Ermənilər xüsusilə fərqlənirdi…” deyə qeyd olunub. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçiriləcək görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər.

Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan türk dünyasının birliyi amallarına sadiq qalacaq

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə çox sıx əlaqələri  mövcuddur. Bunu Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşün keçirildiyi Özbəkistanla olan yüksək səviyyəli münasibətlər də təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin son 7 ayda üç dəfə Özbəkistana səfər etməsi  Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyindən xəbər verir. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də odur ki, türk dünyasının birliyi təmin olunsun.

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı cənab İlham Əliyev türk dünyasının birliyinin önəmindən bəhs edərkən bildirdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türk dövlətlərinin bu formatda ilk Zirvə Görüşünün də məhz Naxçıvanda keçirilməsi ölkəmizin türk dünyasının birliyi naminə gördüyü böyük işlərin göstəricisidir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

IX Zirvə Görüşündə türk dünyası böyük bir ailə adlandıran Prezident İlham Əliyev vurğuladı ki, türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu  diqqətə çatdıran Azərbaycan Prezidenti öz çıxışı ilə Təşkilat qarşısında bır sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Belə ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vacibliyini qeyd etdi. Ölkə başçısı İlham Əliyev eyni zamanda onu da bildirdi ki, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Öz çıxışında Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Prezident İlham Əliyev taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün dövlətimizin üzərinə düşən bütün işləri görəcəyini bildirdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Azərbaycan həqiqətlərinə diqqət çəkərək Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Ölkə başçısı İlham Əliyev onu da diqqətə çatdırdı ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Çıxışında Prezident İlham Əliyev Ermənistanın münaqişə bitdikdən sonra da müharibə cinayətlərini davam etdiridiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Belə ki, Ermənistan işğal zamanı Azərbaycana məxsus ərazilərdə bir milyondan çox mina basdırıb və Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Ölkə başçısı bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiklərini də vurğuladı.  Prezident İlham Əliyev bundan əlavə, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcəyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağını da qeyd etdi. Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını, bütün region ölkələrinin faydalanacağı Zəngəzur dəhlizinin yaradılması üçün ölkəmizin öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini diqqətə çatdırdı.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Tarixi Zəfərimiz  türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır.

Ötən il Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması ölkəmizin  bu birliyə, həmrəyliyə töhfələrinin davamlılığının təsdiqidir. Həmin Zirvə Görüşündə quruma sədrlik Azərbaycandan qardaş Türkiyəyə keçdi. Noyabrın 10-da keçirilən IX Zirvə Görüşündə isə qardaş Türkiyə sədrliyi Özbəkistana təhvil verdi. Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, qardaş Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.

Türk dünyasının  böyük bir ailə olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri vurğulayb ki, keçirilən görüşlərdə  Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi prioritet məsələ kimi qarşıya qoyulur: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.  Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc