«GET KREMLİN YANINDAKI OTELİNİ TİKMƏKLƏ MƏŞĞUL OL…» – İlham Rəhimova şok ittihamlar

0
644

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibəsində hüquq professoru, Rusiya prezidentinin tələbə yoldaşı İlham Rəhimova qarşı sensasiyalı ittihamlar irəli sürüb. “AzPolitika” müsahibənin bu mövzuya həsr olunmuş hissəsini təqdim edir.

– Professor İlham Rəhimov mətbuata son müsahibəsində sizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyaya dair təkliflərinizi sərt tənqid edib, hətta təhqiramiz xarakterli ifadələr dilə gətirib. Belə sərt reaksiya nədən qaynaqlanır?

– 25 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını 20 faizindən artığının işğal altında qalmasına, o cümlədən 1 milyon insanın qaçqın və məcburi köçkün kimi zillət içərisində yaşamasına səbəb olan bir ölkənin iqtidarına, həmin ölkədəki rejimə sığınıb öz alverini edən birisi guya Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın qəbul edilməməsindən danışır, özünü bir vətənpərvər kimi təqdim etməyə çalışır. Artıq ikinci dəfədir ki, həmin adam məni mətbuatda tənqid edir. Bir dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində jurnalistlər İlham Rəhimovla bağlı mənə sual vermişdilər. Mən də demişdim ki, o, siyasətdən kənarda dayandığını bəyan edir, heç bir siyasi iddiası da yoxdur. İkincisi də özünü kiminsə dostu elan etdiyinə görə həmin adamı prezident seçmirlər. Ondan sonra da həmin adam çox böyük hikkə və təhqirlərlə mənim üzərimə gəldi. Əslində bununla da özünün siyasi iddialarının olmasını ortaya qoydu.

O zaman prezident seçkilərinə 2 il qalmış Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi, insan haqları, qanunun aliliyi ilə bağlı məsələlər gündəliyə gətirildi. Çalışıldı ki, Azərbaycan ziyalıları Rüstəm İbrahimbəyovun ətrafında səfərbər edilsin, bundan istifadə edərək Azərbaycana böyük təzyiq göstərilsin. Eyni zamanda Azərbaycanda nəyin hesabına olsa, hakimiyyətə gəlmək istəyən radikal qüvvələri də Rüstəm İbrahimbəyovun ətrafında topladılar.

Düşünürəm ki, yenə prezident seçkilərinə 2 il qalır və bu dəfə yenə də xarici qüvvələrin əlində oyuncağa çevrilmiş insanlardan istifadə edilməyə başlanılıb. İntuisiyama və qənaətimə görə, bu dəfə Rüstəm İbrahimbəyovun missiyasını bu adam üzərinə götürüb.

– Bu ciddi iddiadı, sübutunuz varmı?

– Bunun bariz sübutu odur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üçün mərhələli həll planını məqbul sayır. Azərbaycan tələb edir ki, əvvəlcə işğal olunmuş rayonlar azad edilməli, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, sonra Dağlıq Qarabağın statusu müzakirə edilməlidir. Bu adam isə Azərbaycan ordusunun 2 apreldə uğurlu əməliyyatından sonra dərhal meydana çıxdı, münaqişənin mərhələli yolla həlli variantına qarşı olduğunu bildirdi, bunun Azərbaycan üçün təhlükəli olduğunu söylədi. Eyni zamanda “Yeni Müsavat” qəzetinə müsahibəsində dedi ki, fürsət varkən Azərbaycan ordusu Xankəndini götürməlidir. Arxasınca da az sonra bəyan etdi ki, biz deyirdik ki, Qarabağda müharibə olarsa, Rusiyaya məsələyə qarışmayacaq, gördünüz, Rusiya qarışmadı. Halbuki biz hamımız gördük ki, Rusiya apreldə məsələyə ciddi şəkildə qarışdı və apreldə yeni atəşkəs sazişinin imzalanmasında da xüsusi rol oynadı.

İlham Rəhimovun Azərbaycanın Xankəndini götürməli olduğu yönündə təxribat xarakterli bəyanatında da məqsəd aydın idi. O bildirdi ki, artıq atəşkəs razılığı var, bundan sonra artıq Azərbaycan həmişə olduğu kimi öz öhdəliyinə sadiq qalacaq. İlham Rəhimovun bu bəyanatı ilə Azərbaycanda daha emosional düşünən insanların birbaşa hisslərinə hesablanan belə bir açıqlama vermişdi.

– İlham Rəhimovun son müsahibəsində bu niyyət və missiyasını göstərən məqamlar varmı?

– Son müsahibəsinə jurnalist ona Azərbaycanda Qarabağ naminə Avrasiya Birliyinə, Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq, hətta Rusiya hərbi bazasının Azərbaycanda yerləşdirilməsi barədə səslənən təkliflərə münasibətini soruşub. İlham Rəhimov Avrasiya Birliyi, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüklə bağlı məsələyə münasibət bildirmir. Yalnız Rusiya hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə münasibət bildirir. Xarakterinə uyğun olaraq bu təklifi səsləndirən şəxs kimi məni aşağılayır. Halbuki o, etik çərçivədə bu təklifin qəbuledilməzliyinə dair fikrini səsləndirə bilərdi. Məni uzağı görməməkdə, qeyri-yetkinlikdə ittiham edir. Halbuki mən siyasətlə məşğul olanda o nə ilə məşğul olurdu, bunu bir Allah bilir.

0d1c317770b2

İlham Rəhimov müsahibəsində qeyd edir ki, Azərbaycan bu təklifləri səsləndirsə belə, Rusiya buna razı olmayacaq. Adamdan soruşmaq lazımdır ki, səndə bu əminlik haradandır?! Sən Rusiyanın prezidenti, Rusiyanı təmsil edən rəsmi şəxssən? Sənin statusun nədən ibarətdir? İkincisi, Kremlə yaxın politoloqlar, siyasətçilər Kremlin istəklərini dəfələrlə bəyan ediblər. Üçüncüsü, mənim təkliflərimlə bağlı qeyd edir ki, bu, alverçi yanaşmasıdır və tək siyasi yox, mənəvi nöqteyi-nəzərdən qəbuledilməzdir. Gör kim mənəvi məsələlərdən danışır. Bu adamın son 10 ildəki tərcümeyi-halını araşdırın və bu adamın üzərində böyük haqqı olan İsmayılovların onun haqqında söylədiklərini oxuyun. O halda hər kəsdə təsəvvür yaranacaq ki, bu adamın, ümumiyyətlə, mənəviyyat sözünü dilə gətirməyə haqqı var, yoxsa yoxdur.

İlham Rəhimov daha sonra deyir ki, Rusiyanın Azərbaycanda hərbi baza yaratmaq nəyinə lazımdır? Görün nə qədər siyasətdən uzaq və primitiv adamdır ki, üstündən bir cümlə keçir, deyir ki, bu təklifi verənlər həm də onu nəzərə almırlar ki, İlham Əliyev nə qədər böyük əziyyət və təzyiqlər hesabına Qəbələ RLS-dən rus qoşunlarını çıxardı. Əgər Azərbaycanda Rusiya bazası Rusiyaya lazım deyildisə, niyə prezident İlham Əliyev böyük əziyyət çəkməli və böyük təzyiqlər hesabına buna nail olmalı idi? Cəmi bir cümlədən sonra özü-özünü təkzib etmiş olur. Digər tərəfdən, bu adam bu gün faktiki surətdə Azərbaycanın əleyhinə kampaniya aparan adamların dəyirmanına su tökür. Bildirir ki, Qərbin Azərbaycana təzyiqləri Azərbaycanın Qərbin ali dəyərlərinə sadiq olmamasından qaynaqlanır. Deyir ki, Qərbin tələblərinə daha dərindən yanaşmaq lazımdır. İngilis dilində bir söz var, “Tuşo reverens”. Yəni kiməsə hörmətini ifadə etmək deməkdir. Amma bu “reverens” sözünün bir mənası da dəstək qazanmaq məqsədi ilə xüsusi jestlər, çıxışlar etməkdir. Diqqət yetirin, İlham Rəhimov müsahibəsində ABŞ-ın prezidenti olmağa ən layiq adamın Con Kerri olduğunu söyləyir. Niyə? Bilir ki, ölkələrlə bağlı ABŞ səfirliklərində məlumatlar hazırlanır, son vəziyyət təhlil olunur. Nəhayət, son məlumatı da ABŞ prezidentinə dövlət katibi Con Kerri təqdim edir. Niyə belə danışır? Fikirləşir ki, Azərbaycanda özünü Rusiyanın təmsilçisi kimi təqdim edir, o biri tərəfdən gələcəkdə ona Qərbin də ona dəstəyi lazım ola bilər.

Yeri gəlmişkən, İlham Rəhimov bu yaxınlarda “Sputnik” agentliyinə də müsahibə vermişdi. Həmin müsahibəsində Azərbaycan ictimaiyyətinə mesaj verirdi ki, o, Türkiyə məsələsini Putinlə müzakirə edib. Halbuki Türkiyə böyük dövlətdir, öz başına çarə tapacaq. O, Qarabağ, 1 milyon qaçqın və məcburi köçkünlə bağlı məsələni dost dediyi Vladimir Putinlə müzakirə edəydi və bu barədə də müsahibə verəydi. Bəs niyə Türkiyə məsələsini qabardırdı? Azərbaycan ictimaiyyətindən çox Türkiyəyə ictimaiyyətinə mesaj verir ki, Türkiyənin də dəstəyini qazansın.

Digər bir məqam da var. O, çox yersiz bir formada özünün iş ortaqlarının milli mənsubiyyətini dərhal qabardır. Halbuki müsahibədə ondan soruşmurlar ki, iş ortaqların hansı millətə mənsubdur. Deyir ki, onlar dağ yəhudilərdir. Arxasınca da deyir ki, Bakıda olarkən onlar ona görə ciddi mühafizə olunurdular ki, yəhudi icmasının rəhbəri Azərbaycana gəlmişdi, mühafizə də ona görə idi. Bununla da dolayısı ilə yəhudi icmasının dəstəyini qazanmağa çalışır. Çünki hamı bilir ki, yəhudi icması dünyada çox güclüdür. Yəni yəhudilərlə iş ortağı olmasını qabartmaqla ictimaiyyətə çatdırmaq istəyir.

İlham Rəhimov öz primitiv düşüncəsi ilə Azərbaycan ictimaiyyətində özünə qarşı yeni bir münasibət formalaşdıra biləcəyini düşünür. Deyir ki, Qərb dəyərlərini bölüşmədiyinə görə Azərbaycan müdafiə olunmur. Adama deyərlər ki, ayıbdır. Qərb dəyərlərini mənimsədiyinə görə Rusiyanın Ukraynanın başına açdığı oyunu hamı gördü və İlham Rəhimov da Rusiyanı açıq şəkildə müdafiə etdi. Bu qədər saxtakarlıq, siyasi riyakarlıq ola bilməz. Digər tərəfdən, Rusiyadakı son parlament seçkilərini tərifləyir. Bu zaman yaddan çıxarır ki, təriflədiyi, ali dəyərlərə sahib olduğunu söylədiyi Qərbin Rusiyada keçirilən seçkilərə münasibəti ortadadır. Nəinki Qərbin, Putinin “sözçüsü” adlandırılan Jirnovskinin də seçkilərə münasibəti telekanallarda canı yayımlanıb. Bu insan sadəcə, təxribatla və öz aləmində siyasətlə məşğuldur.

İlham Rəhimov Fransa və ABŞ-da güclü erməni lobbisinin olması və hökumətlərə çox ciddi təsirlərinin olması barədə bizim söylədiklərimizə də toxunur. Deyir ki, erməni lobbisini şişirtmək lazım deyil. Yəni tezisi odur ki, Azərbaycan istəsə, torpaqlarını azad edə bilər. Sadəcə, bir faktı deyim. Həmin erməni diasporu İrəvandan Xankəndinə böyük bir asfalt yol çəkib. Dağlıq Qarabağdakı qondarma rejimi saxlayan da erməni diasporunun maliyyəsidir. Yaxşı, İlham Rəhimov Kremlin yanında otel tikir, amma Azərbaycanda doğulduğu kənddə yağış yağanda palçıq dizə çıxır. Mən demirəm ki, öz kəndindən rayon mərkəzinə bir yol çəksin. Öz kəndində uşaqların palçığın içərisində məktəbə gedib-gəlməməsi üçün kəndarası yolları çəkmisən? Ona görə də müqayisədə təbii ki, çalışacaqsan ki, erməni diasporunun gördüyü işin miqyasını və həcmini azaldasan.

İlham Rəhimovun müsahibəsində bircə cümlə doğrudur, yəni bir az siyasi riyakarlıqdan uzaqdır. Deyir ki, insanlar hakimiyyətdə olmayanda fərqli fikirlər söyləyə bilərlər, hakimiyyətə gələndən sonra isə başa düşürlər ki, dövləti təmsil edirlər. Bəli, məhz həmin reallıqdan çıxış edərək Azərbaycan hökuməti demir ki, biz ona görə Dağlıq Qarabağı azad edə bilmirik ki, Ermənistanın arxasında Rusiya var. Azərbaycan prezidenti dövləti təmsil edir. Bəs İlham Rəhimov, sən kimsən, sən niyə bir dəfə belə bunu demirsən?!

İlham Rəhimov deyir ki, Rusiyanın maraqlarının təmin olunması istiqamətində səsləndirilən təkliflər alverdir. Bu adam başa düşmür ki, insanları da, dövlətləri də maraqlar birləşdirir. Bu maraqlar mənəvi, tarixi, iqtisadi, hərbi, siyasi maraqlar ola bilər. Bu gün Rusiya niyə Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir? Doğurdanmı Rusiya kənarda durub və Azərbaycan Ermənistanla bacara bilmir? Bu qədər saxtakarlıq olmaz axı! Mən yanlış hesab edirəm, amma Rusiya rəsmiləri bu münaqişəni qoruyub saxlamaqla düşünürlər ki, həm Ermənistana, həm Azərbaycana təsir imkanlarını saxlayırlar. Yəni regionu öz siyasi nüfuzları altında saxlaya bilirlər. Buna görə də bu problemin həllində maraqlı deyillər. Mən də deyirəm ki, Rusiyanın marağı Azərbaycanda öz mövcudluğunu saxlamaqdırsa, Azərbaycanı özünüzə daha yaxın tutmaqdırsa, Azərbaycanın suverenliyinə toxunmadan o maraqlardan hansılarını yerinə yetirmək mümkündürsə, biz Qarabağ naminə onları yerinə yetirə bilərik. Bu, bir siyasətçi tərəfindən deyilmiş bir təklifdir. İzah edirəm ki, filan addımlar atıla bilər. Mən “Yeni Müsavat”a son müsahibəmdə onu da demişəm ki, biz neft-qaz siyasətimizi də Rusiya ilə razılaşdırılmış formada həyata keçirə bilərik. Yəni bu halda Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olsun və biz böyük dağıntılarsız, insan itkiləri olmadan bu problemi çözə biləriksə, çözək. İlham Rəhimovun Azərbaycan tərəfdən belə təkliflərin verilmədiyi barədə söylədikləri də yalandır. Xarici işlər naziri Elmar Məmmədyarov bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülərsə, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü müzakirə edə bilərik. Yəni Azərbaycan tərəfdən bu fikir səsləndirilib. İlham Rəhimov sadəcə, artıq yeni bir missiya ilə Azərbaycanda siyasi açıqlamalar verməyə başlayıb. Siyasətlə məşğul olmaq istəyirsənsə, buyur, Azərbaycanda öz partiyanı yarat, yaxud hansısa bir partiyaya qoşul. Yox, siyasətlə məşğul deyilsənsə, niyə gündə bir siyasi bəyanat verirsən? Get Kremlin yanındakı otelini tikməklə məşğul ol.

 

BIR CAVAB BURAXIN